Qəlblərdə yaşayan hərbçi
Sosial həyat

Qəlblərdə yaşayan hərbçi

Arif dayı ilə Bakıda qonşu idik. Tez-tez görüşüb söhbət edərdik. Dürüst, sözübütov, mehriban, qayğıkeş olmaqla yanaşı, böyük hörmət sahibi idi.

Atası Hüseynqulu Babayevin müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olmuşdur. Əslən Qubadlı bölgəsindən olan Hüseynqulu Babayev 1918-1921-ci illərdə daşnaklara qarşı mübarizə aparmış və uzun illər hüquq-mühafizə sahəsində rəhbər vəzifələrdə işləmişdir.

Atam İlyas Allahverdiyevlə Hüseynqulu Babayev çox yaxın dost idilər.

Onların tarixlə bağlı söhbətlərinə qulaq asmaqdan zövq alardım. Andranik Ozanyanın, Njdenin qanlı cinayətlərindən, Qubadlı-Zəngəzur milis işçilərinin mübarizliyindən söhbət açanda Hüseynqulu əminin nurlu siması ciddiləşərdi.

Bu gün isə Hüseynqulu Babayevin oğlu Arif Babayevin şərəfli ömür yolu haqqında söhbət açmaq istərdim. Arif Hüseynqulu oğlu Babayev 16 aprel 1933-cü ildə Qubadlı rayonunun Çərəli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Atasının xidməti işi ilə əlaqədar orta məktəb illərini Ağdam şəhərində yaşamış Arif 1944-cü ildə rayon 1 nömrəli məktəbin birinci sinfinə getmiş və 1951-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.

Arif Babayev 1952-ci ilin avqust ayında imtahan verərək Dnepropetrovsk şəhər Qırmızıbayraq zenit-artilleriya ali hərbi məktəbinə kursant qəbul olunmuş və həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1958-ci ildən 1964-cü ilə qədər Yevlax, Ağcabədi, Şuşa və Bərdə rayon hərbi komissarlıqlarında çalışmışdır.

Yüksək təşkilatçılıq bacarığı nəzərə alınaraq Arif Babayev sonralar daha məsul vəzifələrə təyin olunmuşdur. Belə ki, o, 1964-cü ildən 1967-ci ilədək Yardımlı rayon hərbi komissarının müavini, 1967-ci ildən 1971-ci ilə qədər Yardımlı rayon, 1972-ci ilin mart ayından 1982-ci ilin noyabr ayınadək Xaçmaz rayon, 1982-ci ildən 1987-ci ilədək Bakı şəhər Nizami rayonunun hərbi komissarı vəzifələrində məsuliyyətlə işləmişdir. Onu da qeyd edim ki, Bakının Nizami rayonu yenicə yaradıldığı üçün bu böyük rayona məhz təcrübəli və peşəkar kadr olan Arif Babayev ilk hərbi komissar göndərilmişdir.

İşlədiyi illər ərzində ona tapşırılan vəzifələri ədalətlə yerinə yetirdiyinə və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif dövlət orqanları tərəfindən Fəxri fərman, diplomlar, eləcə də orden və medallarla təltif olunmuşdur.

Həmin dövrlərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin imzası ilə rayon hərbi komissarı Arif Babayev səmərəli, qüsursuz fəaliyyətinə görə və 60 illiyi münasibətilə Fəxri fərmanla təltif edilib. 1987-ci ildə polkovnik rütbəsində təqaüdə çıxmışdır.

Ömür-gün yoldaşı ilə birlikdə dörd övladını vətənpərvər ruhda böyüdüb boya-başa çatdırmışdır.

Böyük oğlu Rövşən Babayev də atasının yolunu davam etdirmiş, Bakı Ali Hərbi məktəbini bitirərək Müdafiə Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləmiş, mayor rütbəsində təqaüdə çıxmışdır.

Arif müəllimin iki qız nəvəsi zabit kimi müdafiə nazirliyi sistemində çalışır.

Təmiz əqidəli, köklü nəslin nümayəndəsi olmuş Arif Babayev 2022-ci il sentyabrın 27-də 89 yaşında vəfat etmişdir.

Gənc nəslə nümunə olan Arif Babayev doğma yurdumuzun işğaldan azad olundugu gün sonsuz dərəcədə sevinmişdi.

Hər dəfə onun xidmətləri barəsində yazmaq istəsəm də, Arif müəllim təvazökarlıq edərək razı olmamışdı. Bütün bu müsbət keyfiyyətlər onun alicənablığından xəbər verirdi.

Son dərəcə sadə, mehriban, təəssübkeş və qayğıkeş insan olan Arif Hüseynqulu oğlu Babayevin əziz xatirəsi doğmalarının və onu tanıyan dostlarının qəlbində əbədi yaşayacaqdır.

Rauf İLYASOĞLU.