Qədim yurd yerimiz Kərkicahan
Digər xəbərlər

Qədim yurd yerimiz Kərkicahan

Qarabağ dağ silsiləsinin ətəyində, meşələrin əhatəsində, Qarqar çayının sahilində yerləşən Kərkicahan lap qədim dövrlərdən azərbaycanlıların sıx məskunlaşdığı yaşayış məntəqəsi olub. Qeyd edək ki, Kərkicahanın tarixi minilliklərə gedib çıxır və taleyi isə çox keşməkeşli olub. Tarixi və elmi mənbələrə görə, Kərkicahan kərki tayfalarının yaşadığı yer mənasını özündə ehtiva edir. Azərbaycan xalqının formalaşmasında digər türk boyları kimi, kərki tayfalarının da rolu böyük olub. Tarixçi alim Q. Qeybullayevin elmi araşdırmalarında qədim Albaniya ərazilərində tərtər, savdey, aran, macar tayfaları ilə yanaşı, kərkilərin də yaşadığı qeyd olunub. Alim tarixi faktları daha obrazlı şəkildə təsvir edərək yazır ki, "eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayrışıblar". Min illər boyu Azərbaycan ərazilərinin yadellilərdən müdafiəsini təmin edən kərkilərin şanlı tarixində ermənilərin törətdiyi fitnə-fəsadları, faciələrlə dolu olan qanlı illəri, azərbaycanlılara qarşı soyqırımın ağır izləri də öz əksini tapır.

1991-ci ilin dekabr ayında Xankəndidə evlər yıxan, ürəkləri paralayan yırtıcı, faşist, qaniçən ermənilər Kərkicahan qəsəbəsində yaşayan azərbaycanlı ailələrə ağır işgəncələr verərək onları öz dədə-baba yurdlarından didərgin salıblar, qəsəbədəki evlərin çoxuna od vuraraq yandırıblar. Ermənilər tərəfindən şeytan və quldur yuvasına çevrilən Xankəndi ilə bitişik olan Kərkicahan əhalisi erməni silahlı dəstələrinin hücumlarına mərdliklə sinə gəriblər, döyüşüblər, öz yurdlarını, evlərini, şərəfli adlarını qoruyublar. Fəqət qüvvələr qeyri-bərabər olduğundan, silah-sursat tükəndiyindən, əliyalın qalan müdafiəçilər ermənilərə qarşı dəyənəklə, daşla döyüşüblər. Qeyd edək ki, Kərkicahanın müdafiəsi yerli əhali, az sayda polis və yeni yaranan Azərbaycan ordusunun bir qrup əsgəri tərəfindən təşkil edilib. Qəsəbə uğrunda qanlı döyüşlərdə 150 nəfərdən çox azərbaycanlı, o cümlədən 40 nəfər qadın və 110 nəfər kişi qəhrəmanlıqla şəhid olub. Özünümüdafiə dəstələrinin, azsaylı polis və əsgərlərin şücaəti hesabına Kərkicahandan dinc əhali, qocalar, uşaqlar, xəstələr, qadınlar xilas edilərək Şuşa istiqamətinə yola salınıb.

Qədim yaşayış məskəni, Qarabağ xanı İbrahimxəlil Cavanşirin oğlu Məhəmmədhəsən xanın ev tikdirdiyi Kərkicahan Xankəndinin cənub-qərbində yerləşir, gözəl təbiəti, tariximizin daş yadigarlarını öz qoynunda saxlayan və mühüm nəqliyyat qovşağı hesab olunan qəsəbədə ötən əsrin əvvəllərində zavod, fabrik işə salınıb, məktəblər tikilib, xalçaçılıq sənəti inkişaf edib. Xurcunlar və qədim çeşnili xalçalar toxunub, keçmiş sovetlər birliyinin ən ucqar yerlərinə belə göndərilib. Kərkicahana ermənilərin köçürülməsi ötən əsrin 20-ci illərindən başlayıb. Keçmiş sovet rəhbərləri 1930-cu ildə ermənilərin Qarabağa köçürülməsi haqqında qərar qəbul ediblər və həmin ermənilərdən 700 nəfəri Kərkicahana yerləşdirilib. Qəsəbədə erməni ailələrinin sayı artdıqca onların azərbaycanlılara qarşı təxribatı, mənəvi zərbələri, satqınlığı da artıb. Ötən əsrin 60-cı illərində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərləri Kərkicahan qəsəbəsinin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxararaq Xankəndiyə birləşdiriblər. Yeri gəlmişkən qeyd edək ki, İkinci Dünya müharibəsində Kərkicahandan 9 nəfər azərbaycanlı həlak olub, 20 nəfər itkin düşüb, 64 nəfər isə əlil olub.

Qarabağa köçürülən ermənilər azərbaycanlıların evlərinə göz dikiblər, tarixi yerləri dağıdıblar, ayrı-seçkiliyə yol veriblər. Bu erməni xislətinə qarşı müqavimət göstərən azərbaycanlılara şər, böhtan atılır, hay-küy salaraq erməni həyasızlığı ilə Moskvaya teleqramlar vururdular ki, bəs "türklər bizi qırır" köməyə gəlin. Məhz erməni böhtanı nəticəsində Kərkicahanda onlarla azərbaycanlı repressiyaya düçar olub. 1923-cü ildə erməni böhtanı nəticəsində haqsız yerə repressiya maşınında öldürülən 89 nəfərin 21 nəfəri Qarabağda, 8 nəfəri isə Xankəndi və Kərkicahanda yaşayan azərbaycanlılar olub. 1938-ci ildə də ermənilərin satqınlığı və böhtanı nəticəsində Kərkicahanda bir ailənin üç üzvü, habelə 23 nəfər azərbaycanlı Stalin rejiminin qurbanına çevriliblər.

Keçmiş sovet hakimiyyəti illərində ermənilər Kərkicahanda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol veriblər, savadlı kadrları gözümçıxdıya salıblar, onların yüksək vəzifələrdə işləmələrinə həmişə maneçilik yaradıblar. Ermənilərin gizli və açıq mübarizəsinə baxmayaraq, 1988-ci ildə Kərkicahanda azərbaycanlı arxeoloqlar tərəfindən axtarış işlərinə başlanılıb və qazıntılar zamanı burada III əsrdən qalma yazılı daşlar, qoç fiqurları, küplər, XII əsr qəbirləri, səkkizguşəli minarələr, kurqanlar, qədim məhəllələr aşkar edilib və xəzinə tapılıb. Həmin arxeoloji araşdırmalara görə, Kərkicahanın tarixi eramızın I-III əsrlərinə aid edilib. Qəsəbədə iki məktəb (S.Vurğun və N.Şahmuradov adına), bağça, mədəniyyət evi, iki muzey, kitabxana və digər tikililər erməni vandalizminə məruz qalıb. Çox təəssüf ki, erməni işğalından sonra həmin abidələr məhv edilərək dağıdılıb. İşğala qədər əhali bağçılıqla, tərəvəzçiliklə məşğul olub. Azərbaycan Dövlət Statistika Komitəsinin 2012-ci il yanvarın 1-nə olan məlumatına görə qəsəbənin 2 min nəfər sakini qeydə alınıb.

Birinci Qarabağ müharibəsində şəhid olan kərkicahanlılardan birinin - Fərhad Atakişiyevin ermənilər tərəfindən yarıda qırılan taleyi erməni vəhşiliyini, qəddarlığını, azərbaycanlılara qarşı nifrətini, düşmənçiliyini açıq-aydın göstərir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1970-ci il təvəllüdlü Kərkicahan sakini Fərhad Rəhman oğlu Atakişiyev erməni əsirliyində olarkən xüsusi qəddarlıqla qətlə yetirilib. 1991-ci il dekabr döyüşlərində Fərhad döyüşçülərimizə bələdçilik etdiyinə və döyüşdüyünə görə erməniləri çox qəzəbləndirib. Ermənilər F.Atakişiyevə işgəncələr verərək "Qarabağ ermənilərindir" ifadəsini deməyə məcbur etsələr də o, işgəncələrdən və ölümdən qorxmayaraq "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" deyib. Onun meyitinin ekspertizası zamanı bədənində ermənilər tərəfindən törədilən 72 müxtəlif işgəncə izi aşkar edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli Sərəncamı ilə Fərhad Atakişiyev (ölümündən sonra) "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.

2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata görə Kərkicahan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalıb. Kərkicahanlılar respublikamızın müxtəlif guşələrində məskunlaşıblar, doğma yurda qayıdacaqları günləri səbirsizliklə gözləyirlər. Xocalı rayonu inzibati ərazi vahidliyinin tərkibində olan Kərkicahan qəsəbəsinə azərbaycanlıların qayıdışı uzaqda deyil, tezliklə onlar öz dədə-baba yurdlarına dönəcəklər.

S.BABAYEV,

"Respublika".