QƏDİM ŞƏRQ TƏBABƏTİNİ DƏ UNUTMAYAQ
Maraqlı

QƏDİM ŞƏRQ TƏBABƏTİNİ DƏ UNUTMAYAQ

Mən ixtisasca hüquqşünasam. Həyatımın 30 ilini respublikamızın ayrı-ayrı rayonlarında hakim, məhkəmə sədri vəzifələrində işləmişəm. Yeniyetməlik dövrümdən xalq təbabəti ilə yaxından maraqlanmışam. Baba və nənələrimizin, ixtiyar qocaların, el-obada loğman kimi tanınan insanların sağlam həyat tərzi ilə bağlı söhbətlərini dinləmiş, hikmət boğçasına bələd olmuşam.

Sonralar Hippokrat, İbn Sina, Ramazan ibn Şeyx Əli Lənkərani, Katsudzo Nişi kimi dünyaşöhrətli təbiblərin əsərlərini, Şərq təbabəti haqqında yazılmış 150-yə yaxın kitabı mütaliə etmişəm. Keçmiş SSRİ-də, sonralar Rusiya Federasiyasında xalq təbabətinə dair nəşr olunmuş qəzet və jurnalları əldə edib oxumuşam. İndi də böyük həvəslə bu sahədə biliklərimi artırır, misilsiz xalq təbabətinin üstünlükləri, faydaları haqqında fikirlərimi dostlarımla, həmkarlarımla bölüşürəm.

Məşhur bir deyim var: Allah min dərd veribsə, min bir dərman da verib. Yəni dərman həmişə sayca xəstəlikdən çoxdur. Həyatda elə insan yoxdur ki, ömrü boyu xəstələnməsin, həkimə, dava-dərmana ehtiyacı olmasın. Bəs xəstələnəndə sağalmaq, şəfa tapmaq üçün hara müraciət edək: ənənəvi qədim şərq, yaxud müasir qərb təbabətinə?

Deyirlər ki, şərq təbabəti elm və sağlamlıqdır. Əsrlər boyu şərqin tanınmış alimləri, loğmanları şəfa mənbəyi olan dərman bitkilərinin, müxtəlif güllərin, çiçəklərin insanı sağaltmaq gücünə, qüdrətinə malik olduğunu sübuta yetiriblər. Hər birimiz təbiətin bir parçasıyıq, ona görə də əksər hallarda şəfamızı təbiətdə axtarırıq.

Şərq təbabəti xəstəliyin səbəblərini araşdırıb təbii vasitələrlə, müasir qərb təbabəti isə xəstəliyin əlamətlərini kimyəvi dərmanlarla müalicə edir. Müəyyən müddət keçdikdən sonra kimyəvi dərmanların təsiri azalır, xəstəlik yenidən baş qaldırır. Şərq təbabəti isə təbii vasitələrə üstünlük verdiyindən xəstə tam sağalaraq birdəfəlik bəladan xilas olur. Qərb təbabəti insanın xəstə orqanının müalicəsini məqsəd kimi qarşıya qoyursa, şərq təbabəti, əksinə, insanı tam orqanizm olaraq sağaltmağı vacib hesab edir.

Tarixdən məlumdur ki, şərq təbabətinin 5 min il yaşı vardır. Bu qədim təbabət insanları sağaltmaqla yanaşı, ömürlərini uzada da bilir. Məsələn, qədim Tibetdə insanlar 150 il ömür sürüblər. Hətta Çin imperatorlarından biri 220 il yaşayıb.

Qərb təbabəti isə 2500 illik tarixə malikdir. Hər iki təbabət haqqında Sankt-Peterburq Tibb Akademiyasının məzunu olmuş Rusiyanın tanınmış tibb alimi Dmitriy Morozovun fikirləri maraqlıdır: "Səhiyyə sahəsində 30 il fasiləsiz işləyib bacarıqlı, təcrübəli, peşəkar həkim kimi ad-san qazandım. Lakin amansız xəstəlik bir gün məni də yaxaladı. Ömrümü həsr etdiyim müasir təbabət xəstəliyimin qarşında aciz qaldı. Üç il ölkənin nüfuzlu klinikalarında müalicə olunsam da sağalmadım. Həmişə səmərəli və keyfiyyətli müalicəsinə şübhə ilə yanaşdığım şərq təbabətinə üz tutmalı oldum. Bir ay ərzində həyatımda möcüzə baş verdi. Ağrılarım azaldı, yaxşılaşdım. Çox qısa vaxtda sağlamlığım bərpa olundu. Başıma gələnləri həkim dostlarıma danışanda mənə təəccüblə baxdılar. Şərq təbabətinə inamım artdığından indi xəstələrimi daha çox o yolla müalicə edirəm. Fikrimi sadə bir misalla izah edim. Həkim-kardioloqu adətən xəstənin ürək problemi düşündürür, onu xəstənin mədəsi, digər orqanları az maraqlandırır. Şərq təbabəti isə insanın xəstə orqanı ilə yanaşı, bütün orqanlarını müalicə edərək sağaldır".

Rusiya Futofarmakologiya və Profilaktika İnstitutunun direktoru işləmiş, görkəmli alim, səhiyyə təşkilatçısı Elvira Naumovanın fikrincə müasir təbabət təcili tibbi yardım sahəsində böyük uğurlara imza atıb. Lakin xroniki xəstəlikləri sağaltmağa gücü çatmır. Şərq təbabəti isə bəzi sağalmaz xəstəliklərin öhdəsindən gələrək insanları yenidən həyata qaytarır. Şərq və qərb təbabəti vəhdətdə olsa əsrin xərçəng, SPİD və digər sağalmaz xəstəliklərini sağaltmaq olar.

Mordoviya Muxtar Respublikasının Əməkdar həkimi, ali dərəcəli həkim-kardioloq Natalya İvanovna Afanosiyeva uzun illərin təcrübəsinə əsaslanaraq yazır: "Bir dəfə qulaq küyü ilə müşayiət olunan, eşitmə qabiliyyətinin itirmə dərəcəsinə çatmış xəstə kəskin ağrılarla mənə müraciət etdi. Onun qulaq seyvanı göbələk xəstəliyinə yoluxmuşdu. Xəstə ildə 3 dəfə Rusiyanın məşhur klinikalarında müalicə alır, lakin sağalmırdı. Xəstəni şərq təbabəti metodları ilə müalicə etməyə başladım. Müalicə prosesində məlum oldu ki, xəstəliyin sağalmamasının səbəblərindən biri böyrəklərindəki problemlə bağlıdır. Böyrək insanın eşitmə orqanı ilə sıx əlaqədardır. Hər iki orqanın eyni vaxtda qədim şərq təbabəti ilə müalicəsi xəstənin tam sağalması ilə nəticələndi".

Dünyanın inkişaf etmiş ölkələrində müasir təbabətlə yanaşı, ənənəvi şərq təbabətinin nailiyyətləri geniş təbliğ və tətbiq olunur. Çin, Monqolustan, Nepal, Litva və Avropanın bir sıra dövlətlərinin tibb universitetlərində şərq təbabəti ayrıca ixtisas kimi tədris olunur, məzunlara ikili diplomlar verilir.

Yaxşı olar ki, əsrlər boyu şərq təbabətindən bəhrələndiyimiz doğma respublikamızın Tibb Universitetində, tibbi kadrlar hazırlayan digər ali məktəblərdə, tibb kolleclərində şərq təbabəti tədris olunsun, dərindən öyrənilsin. Səhiyyə sahəsində çalışan həkimlərimiz, tibb işçilərimiz hər iki təbabətin nailiyyətlərindən istifadə etməyi bacarsınlar. Təbabətin atası Hippokratın dediyi kimi: "Əsl həkim o vaxt olmaq mümkündür ki, şərq və qərb təbabətinin bütün metodlarını kamil bir şəkildə əldə etmiş olsun".

Maşalla ŞİRVANOV,

hüquqşünas.