Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Dünyanın ən sirli, qadağan olunmuş məkanları

Dünyanı gəzmək, səyahət etmək çoxlarının arzusudur. Lakin planetimizdə elə məkanlar var ki, nəinki  həmin yerlərə səfər etmək mümkün deyil, hətta oradan quş belə uça bilməz. Onlardan bəziləri siyasi səbəbdən mühafizə olunur, bəziləri isə təhlükəli olduqları üçün girişi qadağan edilib. Amma qoyulan qadağalara rəğmən insanlar daim həmin yerləri ziyarət etməyə can atırlar. Gəlin onlardan bir neçəsi ilə tanış olaq...

Belə ərazilərdən biri də  ABŞ-da yerləşən "51-ci Zona"dır. Bu məkan  haqqında bir çox fikirlər mövcuddur. ABŞ-ın Nevada ştatında, səhranın tam ortasında yerləşir. İddiaya görə, ABŞ bu bölgədə yadplanetlilərlə rabitə qurur. 1947-ci ildə bölgəyə UNO düşüb. Ərazidə yadplanetlilərlə bağlı bir sıra kritik araşdırmalar aparılıb. "51-ci Zona"ya uzaqdan baxanda anqar və təyyarə meydançaları görünür. Yerin altında isə müxtəlif laboratoriyalar var. Əraziyə ancaq orada işləyənlər girə bilir. Hətta bazaya kənar şəxs yaxınlaşsa, ona atəş açıla bilər.

Hindistanın ərazisinə aid olan  "Şimali Sentinel" adası da daim turistlərin marağını cəlb edən bölgələrdəndir. Sentinel qəbiləsinin yaşadığı bu adaya səfər etmək qeyri-mümkündür. Ada sakinləri dünyadan tamamilə təcrid olunmuş formada yaşayırlar və digər insanlarla əlaqə qurmağı əsla qəbul etmirlər. Ərazilərinə girməyə çalışan hər kəsi zorakılıqla qovurlar. Hətta adaya yaxınlaşanlara oxla hücum edərək onları öldürürlər. İngilis və hindistanlı antropoloqlar illər boyu ada sakinləri ilə əlaqə yaratmağa çalışsalar da onlar buna icazə verməyib.

Norveçdə yerləşən "Svalbard qlobal toxum anbarı" da girişi  qadağan olunmuş məkanlardandır. "Qiyamət anbarı" kimi də tanınan bu məkan Norveçin ərazisində  inşa edilib. Dünyadakı bütün bitkilərə aid toxumlar burada saxlanılır. Pis hava şəraiti, nüvə hücumu kimi bir çox hadisəyə davamlıdır. Təhlükəsizlik səbəbindən əraziyə heç kəs buraxılmır.

İtaliyadakı "Poveglia" (Taun adası) adlı məkan isə  Roma imperiyası dövründə vəba xəstəliyinə yoluxmuş insanların göndərildiyi yer olub. Orta əsrlərdə vəba xəstəliyinə tutulmuş insanlar buraya gətirilərək tərk edilib. Torpaq çürüyən və yanmış insan cəsədləri ilə o qədər doludur ki, adanın torpağının yarısının insan külündən ibarət olduğu deyilir.

Otaq 39 - Şimali Koreya- Büro 39, Otaq 39 və ya Filial 39 adlanan bu yer Şimali Koreyanın ən gizli görüşlərinin keçirildiyi yer kimi tanınır. Şayiə var ki, burada fırıldaqçılıq, narkotik ticarəti, İsveçrədən qeyri-qanuni pul köçürmələri və nüvə fəaliyyətləri həyata keçirilir. Bura girməyin cəzası ölümdür. Hətta cəza bununla da bitmir, həmin şəxsin ailə üzvləri də eyni cəzaya məhkum edilir.

 

Sən demə, qadınlar da...

Elm dünyası qədim cəmiyyətlərdə qadınların yalnız uşaqlara qulluq etdikləri və ev işləri ilə məşğul olduqlarına dair indiyə qədər formalaşmış ümumi fikri təkzib edib. Belə ki,  alimlər apardıqları araşdırmalardan sonra ibtidai icma dövründə qadınların da  kişilər kimi  ovçuluqla məşğul olduqlarına dair dəlillər aşkar ediblər.

Seattle Sakit Okean Universitetinin alimi dr. Cara Wall-Scheffler qədim zamanlarda  qadınların silah və  müxtəlif cür strategiyalarla əlaqəli daha çox çevikliyə sahib  olduqlarını qeyd edib. O bildirib ki, zərif cinsin nümayəndələrinin bıçaq, yay, tor,  nizə və arbalet kimi bir çox silahlardan istifadə etdiklərinə dair sübutlar əldə edilib. Alim, həmçinin ibtidai icma dövründən bəri uzun müddət kişilərin vəzifə öhdəliklərinin ovçuluq olmasından qaynaqlanaraq onların fiziki cəhətdən daha atletik və güclü xüsusiyyətlərə sahib olduqları kimi, qadınların da bu cür formalaşdığını vurğulayıb.

 

Məşhur ifadənin yaranma səbəbi

Demək olar ki, əksəriyyətimiz  "tüklərim biz-biz oldu" ifadəsi ilə tanışıq.  Məsələn, üşüyən zaman tüklərimiz soyuqdan biz-biz olur. Yaxud da çoxdandır qulaq asmadığımız bir mahnını eşitdikdə, təsirli bir videoya baxdığımızda da eyni hal baş verir. Bəs bədənimiz niyə belə bir reaksiya göstərir? Bunun səbəbi də məhz hisslərimizin fiziologiyasından qaynaqlanır.

Dərimizdəki tüklərin biz-biz olması təkamül nəticəsində əcdadlarımızdan bizə qalan bir mirasdır. Qədim dövrlərdə əcdadlarımız üçün bu, çox yararlı olsa da, müasir insan üçün yararlılıq funksiyasını itirib. Dərimizdəki tüklərin bu formada olmasının səbəbi isə tük köklərindəki miniatür əzələlərin yığılmasından irəli gəlir. Hər əzələnin yığılması dəri üzərində bir təzyiqə səbəb olur və nəticədə tüklər də yuxarı qalxır. Qalın gönlü heyvanlarda bu funksiya onların soyuqdan qorunmasına kömək edir. Tüklər nə qədər çoxdursa, bir o qədər də isinmə prosesi asanlaşır. İnsanlarda isə bu funksiya artıq öz dəyərini itirib, çünki təkamül nəticəsində biz artıq heyvanlardakı kimi tüklərlə örtülü deyilik. Buna baxmayaraq, bədənimizdə bu proses öz gücünü saxlamağa davam edir.

Soyuğun təsirindən başqa, heyvanlar hər hansı bir təhlükə ilə qarşılaşdıqda da tükləri biz-biz olur. Məsələn, bir pişiyin üzərinə it hücum etdikdə, bu prosesi açıq-aydın müşahidə edə bilirik. Belə ki, pişik itin hücumuna cavab olaraq, özünü mümkün olduğu qədər böyük göstərməyə çalışır.

İnsanlarda da həyəcanlı anlarda, hər hansı bir qorxulu film izlədikdə və ya qeyd etdiyimiz kimi, musiqi dinlədikdə bu hal təkrarlana bilər. Şüuraltı həyata keçən bu reaksiyalara səbəb olan isə böyrəküstü vəzilərimizdən ifraz olunan adrenalin hormonudur. Adrenalin ifraz edildikdə təkcə tüklərimiz biz-biz olmaqla qalmır, əllərimiz tərləyir, göz bəbəklərimiz böyüyür, təzyiqimiz artır və qəlbimiz daha sürətlə döyünməyə başlayır. Qəzəb və ya həyəcan anlarında ifraz olunan adrenalin əslində, həm də bizi qoruyan hormondur.

 

Milçəkləri bu rəng cəlb edirmiş...

Bu yaxınlarda ingilis alimləri milçəklərlə bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, Uelsin Aberystwyth Universitetinin tədqiqatçıları  araşdırma zamanı dişləyən milçəkləri mavi rəngin   cəlb etdiyini müəyyən ediblər.

Tədqiqat qrupu milçəklərin beynindəki vizual emal prosesini təqlid etmək üçün süni intellektdən istifadə edib. Nəticədə  bu həşəratların mavi rəngi qida və sancmaq üçün  qurban olaraq seçdikləri canlı kimi qəbul etdikləri məlum olub.

"Əgər biz milçəkləri rəngli tələlərə cəlb edən mexanizmləri daha yaxşı öyrənə  bilsək, onları daha rahatlıqla  tuta bilərik. Bu, həqiqətən də vacib məsələdir, çünki  milçəklərin müxtəlif növləri insanlara və heyvanlara təhlükəli xəstəliklər ötürür. Dolayısıyla milçəklərlə mübarizə bir çox xəstəliklərə qarşı mübarizənin bir hissəsi deməkdir", - deyə araşdırma qrupunun rəhbəri dr. Rocer Santer qeyd edib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".