MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Bu deyim də belə getdi

Adətən deyirlər, "əks qütblər bir-birini cəlb edir". Lakin indiyə qədər inandığımız bu deyim yeni bir araşdırma ilə təkzib edilib. Belə ki, tədqiqat zamanı siyasət və dini baxışlar da daxil olmaqla cütlüklər arasında şəxsiyyət xüsusiyyətlərinin oxşar olduğu ortaya çıxıb.

Romantik münasibətlərdə zidd xarakterə sahib olan insanların hətta müxtəlif mədəniyyətlərdən olsalar belə bir-birini cəlb etdiyinə inanılır. Yeni araşdırmanın nəticələri isə bu ifadənin doğru olmadığını göstərib. Belə ki, ABŞ-dan olan bir qrup tədqiqatçı 1903-cü ildən indiyə kimi olan araşdırmaların nəticələrini analiz ediblər. Onlar evli, nişanlı və birgə yaşayanlar da daxil olmaqla cütlüklərin ortaq xüsusiyyətlərini araşdırıblar. Məlum olub ki, cütlüklərin siyasi, dini baxışları ilə yanaşı, onların təhsil və intellekt səviyyəsi də olduqca oxşardır. Bundan əlavə boy, çəki, sağlamlıq vəziyyəti ilə də şəxsiyyət xüsusiyyətləri arasında əlaqə tapılıb. Daha çox oxşar xüsusiyyətləri olan cütlüklər isə eyni ildə doğulanlar olub.

Həmçinin cütlüklərin ortaq xüsusiyyətlərə sahib olmasının digər bir səbəbi də məlum olub. Belə ki, bəzi insanları xasiyyət olaraq özlərinə oxşayan insanlar cəlb etsə də, bəziləri isə uzun müddət birlikdə zaman keçirdikləri üçün bir-birinə bənzəyirlər.

Evimizdə neqativ enerji varsa

Evdə mənfi enerjinin olması insanın şəxsi həyatı, karyerası, hətta sağlamlığına da təsirsiz ötüşmür. Belə enerjinin yaranmasına daha çox mübahisə, ölüm, xəstəlik və s. kimi hallar səbəb olur. Belə bir xoşagəlməz auranı aradan qaldırmağın isə müxtəlif yolları var. Onlardan bir neçəsini sizə təqdim edirik...

Mütəxəssislərin fikrincə, evdən neqativ enerjini uzaqlaşdırmaq üçün ilkin olaraq səliqə-sahmandan başlamaq lazımdır. Çünki dağınıqlıq və çirk mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini aradan qaldırmaq olar. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləmək məsləhət görülür. Xüsusilə gecələr mətbəxdə çirkli qab-qacaq və zibil saxlamaq olmaz.

Buxur (ətirli maddə) yandırmaq da evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə ada çayıdır. Ada çayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır. Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Ada çayının eyni zamanda sakitləşdirici təsiri də var. Efir yağları da kəskin ətri ilə evdə mənfi enerjini dərhal məhv edir. Eyni zamanda, evdən uzun müddət xoş, təravətli qoxular gəlməsinə səbəb olur. Limon, portağal, lavanda, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuk, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır. Tibet ənənəsinə görə, zəfəran da pis enerjini evdən uzaqlaşdırmaq üçün ən effektiv vasitədir. İnanca görə mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir və bu bitki evə müsbət enerjini "dəvət" edir. Həmçinin evin müxtəlif guşələrini dəniz duzu ilə silməklə də mənfi enerjidən qorunmaq olar.

Sən demə üzümüz bu xəstəliklərdən xəbər verirmiş

Sən demə, insanın simasından onun xasiyyətini öyrənmək mümkün olduğu kimi, sağlamlıqla bağlı bəzi məlumatlarını da əldə etmək mümkündür. Bu mənada üzümüzü bir növ kimliyimizin xəritəsi adlandırmaq olar. Qısacası insanın üzünə baxaraq onun hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyən etmək olar.

Məsələn, alın nahiyəsi bağırsaqların göstəricisidir: aşağı hissə - nazik bağırsaq, yuxarı hissə isə qalın bağırsağın vəziyyətini bildirir. Alnınızda yaranan xoşagəlməz civzələr isə bağırsaqlarda yaranan problemə işarə edir. Gicgah isə öd kisəsinə cavabdehdir. Öd kisəsi pozulanda gicgahda qızartı və sızanaqlar meydana gəlir. Həmçinin həmin hissədə ağrılar yaranır. Yanaqlar isə ağciyər xəstəliklərindən xəbər verir. Sağ yanaq sağ hissədə olan ciyərə, sol yanaq isə sol ciyərə işarə edir.

Burun pərləri isə tənəffüs sistemi və bronxların vəziyyətinin göstəricisidir. Üzdə qəhvəyi rəngli piqment ləkələrin əmələ gəlməsi qaraciyər xəstəliklərinə dəlalət edir. Göyümtül-ağarmış sifət - anemiya və ağciyər soyuqdəyməsinin əlamətidir. Saralmış üz isə qaraciyərin funksiyasının pozulmasını göstərir.

Yuxuda niyə danışırıq?

Uşaqların 50, böyüklərin isə 5 faizi yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilər arasında daha çox görüldüyünü deyirlər. Yaxşı, bəs bu problem hansı səbəblərdən meydana çıxır?

Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar bu hərəkətlərindən xəbərsiz olurlar. Yuxuda danışmağın əsas səbəbi isə yuxu apnesi (yuxuda tənəffüsün dayanması), qarabasma, yuxunun REM mərhələsində davranış pozuntusu (fərdin yuxuda gördüklərini hərəkət edərək yaxud danışaraq canlandırması) kimi ciddi problemlərdən qaynaqlanır. Həmçinin qızdırma, yuxusuzluq, depressiya, stres, yatmadan əvvəl spirtli içki və yaxud narkotik maddələrin qəbulu da buna səbəb ola bilər. Onu da qeyd edək ki, yuxuda danışan birini oyandırmaq onun sadəcə qısa müddət ərzində susmasına kömək edir, yəni bu hal daha sonra yenidən təkrarlanır. Əgər yuxuda danışmaq hər hansı bir problemə səbəb olursa, mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. Bu halla qarşılaşmamaq üçün isə yuxu rejiminə riayət etmək, gün ərzində normal qidalanmaq, yatmazdan əvvəl açıq havada gəzmək və zərərli vərdişlərdən uzaq durmaq məsləhət görülür.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".