Qazax Müəllimlər Seminariyasında
Region

Qazax Müəllimlər Seminariyasında

ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilir.

ADA Universitetinin "Bir müəllimin manifesti" təşəbbüsü çərçivəsində Qazax Müəllimlər Seminariyasının binasının bərpa edilməsi həm onun yenidən istifadəsini mümkün edəcək, həm də tarixi bina kimi gələcək nəsillərə ötürülməsinə bir ərməğan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq.

Avqustun 22-də ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və digər aidiyyəti şəxslər Qazax Müəllimlər Seminariyasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan "İsrafil Ağanın hamamı"nda, Qazax "Cümə" məscidində görülmüş işlərlə yaxından tanış olublar.

Seminariyanın bərpa işlərini həyata keçirən layihəçi və baş podratçı "PMD PROJECTS" MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev, Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və tikinti sahəsinin rəisi Muxtar Həmidov görülmüş işlər barədə ətraflı məlumat verərək işlərin sürətlə davam etdirildiyini bildiriblər.

ADA Universitetinin "Bir müəllimin manifesti" layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı şəkildə yenidən qurulmasını ziyalılar da yüksək dəyərləndirir. Seminariyanın bərpası gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə kimi qiymətləndirilir.

Vəli VƏLİYEV,

"Respublika".