Qax: Tariximizin daşlaşmış yadigarları
Region

Qax: Tariximizin daşlaşmış yadigarları

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qax rayonunda “Bu diyarın hər daşı, hər guşəsi bir tarixdir” adlı regional tədbir keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə regional idarənin xidməti ərazisinə daxil olan rayonların aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər, sonra Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgiyə baxış keçirilib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova tədbirin əhəmiyyətini qeyd edərək bildirib ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bildirilib ki, xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli qeyd edib ki, Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarixi abidələr xüsusi yer tutur. Bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Belə ki, tarix və mədəniyyət abidələri xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır.

 “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Regional İdarəsinin təşəbbüsü ilə “Sönməz günəş” devizi altında uşaq, yeniyetmə və gənclər arasında keçirilən rəsm və əl işlərindən ibarət müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbirin proqramına əsasən Qax rayonu ərazisində yerləşən tarixi abidələrə ekskursiya təşkil edilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.