QARŞILIQLI ETIMADIN PARLAQ TƏCƏSSÜMÜ
Digər xəbərlər

QARŞILIQLI ETIMADIN PARLAQ TƏCƏSSÜMÜ

2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" neft yatağının birgə işlənməsi 2050-ci ilədək uzadıldı

2017 -ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Sazişin imzalanması mərasimi keçirilib.

"Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində demişdir.

Dövlət başçısı həmçinin qeyd etmişdir ki, imzalanacaq yeni kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki bu kontrakt sayəsində "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu kontraktın imzalanmasında üstünlüklər ondan ibarət idi ki, xarici investorlar Sazişə əsasən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəyəcək. Həmçinin SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edir və SOCAR-ın payı 11,6 faizdən 25 faizə qədər artırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edir. Bundan başqa, Azərbaycanın gələcək inkişafında, iqtisadiyyat və maliyyə imkanlarının genişləndirilməsində bu kontraktın imzalanması olduqca vacibdir.

Ölkəmizdə neft-qaz strategiyasının uğurlu inkişafından söhbət gedirsə burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı xüsusilə çəkilməlidir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi" sayəsində iqtisadi-siyasi cəhətdən iflic durumda olan ölkəmiz bugünkü qüdrətli Azərbaycana çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Kontrakt tarixi, iqtisadi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir.

"Əsrin müqaviləsi"nin imzalanmasında təkcə şərt ondan ibarət deyildi ki, Xəzər hövzəsinin Azərbaycan sektoru neft yataqları ilə zəngin idi. Burada həm də çətin siyasi şərait mövcud idi. Həmin dövrdə böyük güclərin bir qismi Azərbaycan neftinin istehsalında maraqlı olsa da, digər bir qism isə buna hər vəchlə qarşı çıxırdı. Lakin Heydər Əliyevin siyasi zəkası və qətiyyətli iradəsi sayəsində bütün maneələr aradan qaldırıldı. Azərbaycan tarixinə qızıl hərflərlə düşmüş qlobal neft Sazişinin imzalanması ilə yenicə müstəqil olmuş ölkəmiz həm də dünyaya inteqrasiya edə bildi. Xalqın mənafeyinə tam cavab verən "Əsrin müqaviləsi"ni ulu öndərimiz bu cür şərh etmişdir: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".  Ümummilli liderin söylədiyi bu fikirlər tez bir zamanda reallığa çevrildi. Artıq ilk neft hasilatının başlanması ilə Azərbaycan iqtisadiyyatında dirçəliş baş verdi. Ölkəmiz bütün sahələrdə neft müqaviləsi hesabına inkişaf edərək ən yüksək çağını yaşadı. 1997-ci ildə "Çıraq" platformasından ilk neft çıxarıldı. 1998-1999-cu illərdə Bakı-Novorossiysk, Bakı-Supsa neft kəməri vasitəsilə bu neft Qara dənizə ixrac edilməyə başladı. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verildi.

2017-ci il sentyabrın 14-də imzalanan yeni Saziş "Əsrin kontraktı"nın ömrünü yenidən uzatdı. Azərbaycanın əsas tərəfdaşı olan BP şirkəti ilə baş tutan 23 illik əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Təbii ki, burada əsas səbəb qarşılıqlı etimadın olması idi. BP uzun illər ölkəmizin təşəbbüskarı olduğu layihələrdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərib. Belə ki, "Azəri-Çıraq-Günəşli"də, Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz", Cənub Qaz Dəhlizi layihələrinin uğurla yerinə yetirilməsi SOCAR ilə BP arasında işgüzar münasibətləri və qarşılıqlı etimadı yüksək səviyyəyə çatdırıb. Dövlətimizin başçısı həmin tədbirdə bu məqama xüsusi diqqət çəkərək vurğulamışdı: "Əsrin kontraktı"nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər".

Prezident qeyd etmişdir ki, BP-dən başqa "Azəri-Çıraq-Günəşli"nin digər tərəfdaşları da neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasında vacib rol oynayır.

Musa BAĞIRLI,

"Respublika".