Qarşılıqlı etimada, etibarlı tərəfdaşlığa əsaslanan müstəqil siyasət
Siyasət

Qarşılıqlı etimada, etibarlı tərəfdaşlığa əsaslanan müstəqil siyasət

Azərbaycanın xarici siyasətində yaxın-uzaq məfhumundan daha çox etibarlı dost, qardaş, həm də səmimi tərəfdaş ölkələr ifadəsindən istifadə olunur. Bununla yanaşı, ölkəmizin xarici siyasətində qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması prioritetdir. Nəticədə əlaqələr daim güclənir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin müstəqil siyasətinin beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu yüksəltməsi reallığı ilə bağlıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin müstəqil siyasətinin beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu yüksəltməsi reallığı ilə bağlıdır.

Bu gün inkişafın əhatə dairəsinə və tempinə görə dünyada Azərbaycan ilə müqayisə olunacaq ölkələr çox deyil. Çoxvektorlu inkişafın Azərbaycan modeli ölkəmizdə müstəqil daxili və xarici siyasətin, güclü iqtisadiyyatın, qüdrətli ordunun, möhkəm ictimai-siyasi sabitliyin, birlik və həmrəyliyin təmin olunmasının mükəmməl nümunəsidir. 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə torpaqlarımızın azad edilməsi, qazanılan tarixi Zəfər, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi ölkəmizdə dönmədən icra edilən ardıcıl və məqsədyönlü siyasətin möhtəşəm göstəricisidir. Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı qəbul edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəal və müdrik diplomatiyası Ermənistanın müdafiəsinə qalxmış bəzi dövlətlərin və siyasi mərkəzlərin uzlaşan mövqe ortaya qoymaları ilə nəticələndi. Bununla həm də sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə döndərə bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir.

Özünün çoxvektorlu xarici siyasətinə sadiqliyini nümayiş etdirən Azərbaycan dünya ölkələri ilə münasibətləri etibarlı tərəfdaş kimi tənzimləyir. Bu cür xarici siyasətin fəlsəfəsinə uyğun olaraq ölkəmiz dünyada mötəbər iqtisadi, siyasi, hərbi təşkilatlarla əməkdaşlıq edir. Azərbaycan istər keçmiş sovet respublikaları, istər NATO, istərsə də Qoşulmama Hərəkatına üzv dövlətlərlə əlaqələri sabit şəkildə qorumağı bacarır. Avropa İttifaqı və digər təşkilatlarla da yaxından əməkdaşlıq edir. Məhz müstəqil xarici siyasətin nəticəsi olaraq Azərbaycan böyük etimad qazanıb və dünya dövlətləri ölkəmizlə əlaqələrin genişləndirilməsinə maraq göstərir. Azərbaycan inteqrasiya zamanı regionda öz maraqlarını güdən müxtəlif güc mərkəzləri, o cümlədən Rusiya, İran, ABŞ, Avropa, Çin, Avrasiya ölkələri arasında son dərəcə çətin tarazlıq nöqtəsini də uğurla tapır. Buna paralel olaraq ölkəmizdə genişmiqyaslı modernləşmə dəyişiklikləri dövrün fundamental tarixi çağırışlarına adekvat xarakter daşıyır və bu da inteqrasiya prosesinin intensiv, eyni zamanda milli maraqlar əsasında reallaşmasına imkan verir. Cənubi Qafqazın başqa heç bir dövləti bu miqyasda çoxvektorlu xarici siyasət həyata keçirə bilmir. Azərbaycan ABŞ-la əlaqələrini inkişaf etdirir. Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığa dair yeni saziş hazırlanır, Türkiyə ilə əlaqələr yüksək səviyyədədir, Çin ilə əlaqələr genişdir, Gürcüstanla əməkdaşlığın konkret məzmunu hamıya məlumdur. Rusiya kimi böyük qonşu dövlətlə də qarşılıqlı faydalı əməkdaşlıq kursunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir. Cənubi Qafqaz kimi mürəkkəb bir regionda tarazlı siyasi kursu sistemli və ya yeni geosiyasi reallıqlar müstəvisində həyata keçirmək təcrübəsini yalnız Azərbaycan nümayiş etdirir.

Politoloqların qənaətinə görə, Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Ölkəmizin xarici siyasətində ilk növbədə təhlükəsizlik, siyasi, strateji maraqlarının təmin olunması durur. Təbii ki, belə etimad mühitinin olduğu yerdə isə müxtəlif sahələr üzrə perspektiv imkanlar yaranır. Bir çox sahələrdə faydalı əməkdaşlıq qurulur. Bu, özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri uğurlu perspektivlər vəd edir.

Mustafa KAMAL,

"Respublika".