Qarşılıqlı dəstək və tərəfdaşlıq məmnunluq yaradır
Siyasət

Qarşılıqlı dəstək və tərəfdaşlıq məmnunluq yaradır

Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olan 185 dövlətlə diplomatik əlaqələrə sahibdir. Ölkəmizin dünyada 70-dən çox diplomatik nümayəndəliyi var. Müstəqil olduqları tarixdən diplomatik əlaqələrini daha da inkişaf etdirmiş Azərbaycan və Macarıstan bir çox sahədə əməkdaşlıq edir.

Azərbaycan üzv dövlət, Macarıstan isə müşahidəçi statusunda Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət göstərir. Ölkələrin mədəni və tarixi əlaqələri, eləcə də regional sabitlik və inkişafda ümumi maraqları üst-üstə düşür. Dövlətimiz Avropanın bir çox ölkəsini təbii qaz və elektrik enerjisi ilə təmin edir. Macarıstan da Azərbaycanın neft-qaz sahəsində əməkdaşlığı uğurla inkişaf etdirdiyi ölkələr sırasındadır.

Azərbaycan və Macarıstan prezidentləri, baş nazirləri, parlament sədrləri, digər rəsmi şəxslər və nümayəndə heyətləri tərəfindən həyata keçirilən yüksək səviyyəli səfərlər iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirib. Yanvarın 29-da Macarıstana səfəri çərçivəsində Budapeştdə Baş nazir Viktor Orbanla görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb".

Qeyd edək ki, avqustun 20-də ölkə başçımız bu il növbəti dəfə Macarıstana səfər edib. Görüşlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsinin önəmi qeyd olunub. Macarıstanla ölkəmiz arasında təhsil sahəsində də əməkdaşlıq aparılır, tələbələr üçün təqaüdlər və mübadilə proqramları həyata keçirilir.

Sentyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb, ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sentyabrın 12-də isə Macarıstanın Baş naziri Viktor Orban ölkəsində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib və ölkələr arasında ticarət dövriyyəsinin artması, faydalı investisiya əməkdaşlığının həyata keçirilməsi müzakirə edilib. Energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və sair kimi sahələrdə əlaqələrin gücləndirilməsi üçün potensialın mövcudluğu diqqətə çatdırılıb.

Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü dəstəkləyən ölkələrdəndir. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində də Macarıstan şirkətləri yaxından iştirak edir.

Macarıstanın Xarici İşlər Nazirliyi verdiyi açıqlamada Qarabağdakı qondarma "prezident seçkiləri"ni qeyri-legitim adlandırıb. Dövlətin kütləvi informasiya vasitələri də Azərbaycanın Qarabağ bölgəsində 24 saat ərzində keçirilən lokal antiterror tədbirlərini geniş işıqlandırıb.

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnib. Amma bundan sonra Qərbin regiona müdaxilə səyləri davam edib və gərginlik süni şəkildə alovlandırılıb. Nəticədə, Azərbaycan mərkəzi hakimiyyəti antiterror tədbirləri keçirməyə məcbur qalıb. Macarıstan Aİ ölkələrinin lokal antiterror tədbirləri ilə bağlı birgə bəyanatına veto qoyub. Bunu Azad Avropa/Azadlıq Radiosunun köşə yazarı Rikard Jozviak X (keçmiş tviter) sosial şəbəkəsində yazıb. Müəllifin yazdığına görə, Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Cozep Borrel bəyanatı öz adından açıqlamağa məcbur qalıb. Macarıstan Respublikasının qəti və ədalətli mövqeyi nəticəsində anti-Azərbaycan bəyanatının Aİ-nin bütün 27 ölkəsinin birgə sənədi kimi qəbul olunmasının qarşısı alınıb.

İki dövlət arasında diplomatik əməkdaşlıq və dostluq münasibətlərinin bu cür yüksələn xətlə inkişafı etibarlı tərəfdaşlıq üçün zəmin yaradır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".