Oslo şəhərində Həmrəylik Günü qeyd edilib
Diaspora

Oslo şəhərində Həmrəylik Günü qeyd edilib

Norveçin paytaxtı Osloda yaşayan Azərbaycan icması Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.

“Oslo Azərbaycan Evi”nin və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatorluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə Norveçin paytaxtında yaşayan soydaşlarımız və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “Oslo Azərbaycan Evi”nin, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbinin təsisçisi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev bayramlar münasibətilə soydaşlarımızı təbrik edib və xoş arzularını bildirib.

Tədbirdə məşhur Çillə gecəsinin tarixi barədə də ətraflı məlumat verilib. Bu gecəyə məxsus maraqlı adət-ənənələrin indiyədək İranda yaşayan azərbaycanlılar tərəfindən qorunub saxlandığına diqqət cəlb edilib. Çillə gecəsinin nəsillər arasında körpü yaratdığı və onların bir araya gəlməsi üçün əsas amil olduğu vurğulanıb. Tədbir iştirakçıları bu gecə ilə bağlı uşaqlıq və gənclik xatirələrini bölüşüblər.

Sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim edilib.

Əyləncəli oyunlarla davam edən bayram şənliyi məktəblilərin milli poeziyamız əsasında Həmrəylik Günü münasibətilə hazırladıqları təbrik video-çarxının nümayişi ilə yekunlaşıb.