Müdrikliklə edilən tarixi seçim
Siyasət

Müdrikliklə edilən tarixi seçim

Seçicilərin 92,12%-nin (4 567 458 səs) Prezident İlham Əliyevə səs verməsi buna əyani sübutdur

Növbədənkənar prezident seçkilərində xalqımız seçim üçün heç bir tərəddüd etmədi. Çünki Ulu Öndər Heydər Əliyevin siyasəti ölkəmiz üçün daim tərəqqi və inkişaf strategiyasına çevrilib. 1969-cu ildən başlayan dinamik inkişafımız xalqımızı dəfələrlə çətin sınaqlardan xilas etməklə ölkəmizi parçalanmaq təhlükəsindən qoruyub. Bütün sahələr üzrə tərəqqi edən respublikamız əvvəlcə regionda, sonra isə dünyada rolunu və yerini möhkəmləndirib.

Xalqımızın əsrlər boyu arzusunda olduğu ərazi bütövlüyümüz, suverenliyimiz, iqtisadi və hərbi inkişafımız, monolit birliyimiz reallığa çevrilib. Bizə bu xoşbəxtliyi ümummilli liderimizin möhkəm təməl üzərində qoyulan siyasəti və bu kursun uğurla davam etdirilməsi bəxş edib. Məhz bu səbəbdən də növbədənkənar prezident seçkilərində seçicilərin yekdil səslə Heydər Əliyev siyasətinin layiqli varisi cənab İlham Əliyevə səs verəcəyi bəlli idi. Yekun nəticələr də bunu tam reallığı ilə bir daha təsdiqləyir. Çünki xalqımızın arzularının reallaşmasında, həyat tərzimizin durmadan inkişafında ümummilli liderimizin siyasətinin alternativi yoxdur. Belə ki, hər birimiz yaxşı görür və reallığı dərk edirik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə ölkəmizdə 1969-cu ildən başlanan tərəqqi Azərbaycanın böyük inkişaf yolunu müəyyənləşdirib. Lakin Ulu Öndər SSRİ-nin rəhbərliyindən istefa verdikdən sonra xalqımız min bir müsibətlərlə, faciələrlə qarşılaşdı. Müstəqilliyimizin ilkin illərində də yaşadığımız faciələri xalqımız kimi, dünyanın sülhsevər ictimaiyyəti də tarix boyu unutmayacaq. Xocalı soyqırımı insanlığa qarşı ən qəddar faciə kimi xalqımızın başına gətirildi. Müstəqilliyini bərpa edən respublikamız vətəndaş müharibəsi astanasında idi. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək bir milyondan çox soydaşımız doğma yurdundan didərgin salındı. Körpə uşaqlarımızdan tutmuş yaşlı soydaşlarımız, qız-gəlinlərimiz, ana və bacılarımız düşmənin faşist siyasətinin qurbanına çevrildi. Yaxın tariximizin bu əzablı günlərindən xalqımızı Ulu Öndər Heydər Əliyev xilas edərək inkişaf dövrünə qovuşdurdu.

İlham Əliyevin rəhbərliyilə 2003-cü ildən həyata keçirilən məqsədyönlü işlər nəticəsində Azərbaycan çoxəsrlik tarixi ərzində görünməmiş dərəcədə inkişaf etdi. Bununla yanaşı, Ali Baş Komandan İlham Əliyevin sayəsində "Dəmir yumruq" ətrafında birləşən xalqımız rəşadətli ordumuzla birgə 200 illik tarixi əzablarımıza birdəfəlik son qoydu. Ərazi bütövlüyümüz tam təmin olundu və Qarabağda dərin kök salan erməni separatizmi 23 saat ərzində məhv edildi.

Növbədənkənar prezident seçkiləri tariximizə növbəti şanlı qələbə kimi qızıl hərflərlə yazıldı, xalqımız alternativi olmayan bir kursun lideri İlham Əliyevə növbəti dəfə səs verdi. Seçkidə qazanılan bu qələbə ilə xalqımız monolit birliyini bir daha açıq şəkildə təsdiqləməklə dostlarımıza qüdrətini göstərdi və eyni zamanda düşmənlərimizə sərt və qəti mesajını verdi. Ermənipərəst qərb dövlətlərinin və bəzi xarici qüvvələrin ölkəmizə qarşı düşmənçilik siyasətinə baxmayaraq, xalqımız parlaq gələcəyini düşünərək sözü ilə əməli eyni olan dövlət başçısına yekdilliklə səs verdi. Seçicilərin 92,12 faizinin (4 567 458 səs) Prezident İlham Əliyevə səs verməsi buna əyani sübutdur. Bununla Azərbaycan xalqı müdrikliyini göstərərək bütün dünyaya bəyan etdi ki, biz xalqı və dövləti naminə çalışan liderə səs vermişik və verəcəyik.

Tariximizə qızıl hərflərlə yazılan növbədənkənar prezident seçkiləri zaman keçdikdə daha da dərindən araşdırılacaq, təhlil ediləcək və əksər ölkələr üçün örnək olacaq. Birincisi, Azərbaycan ərazisində ilk dəfə seçkilər ölkəmizin bütün regionunda keçirildi və qalib xalqımız qalib lider İlham Əliyevə səs verdi. İkincisi, dövlət başçısı ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verərək dünyaya sülh mesajını çatdırdı. Çünki uzun illər işğal altında olan bu torpaqlarımız separatçı qüvvələrin məskəninə çevrilsə də, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində rəşadətli ordumuz tərəfindən azad edildi. Bu, ölkə rəhbərinin düşmənlərimizə və onların arxasında dayanan yaramaz ünsürlərə tutarlı cavabı oldu. Üçüncüsü, seçkilərin qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq demokratik, ədalətli və şəffaf şəraitdə keçirilməsi xalqımızın sivilizasiyaya əməli işi ilə yüksək dəyər verdiyinin və hər seçicinin səsinə hörmətlə yanaşıldığının əyani göstəricisi oldu. Dördüncüsü, seçkilər qanunlarımızın aliliyini təsdiqlədi. Beşincisi, seçkidə iştirak edən bütün namizədlər üçün bərabər şərait yaradıldı və məğlub olan namizədlər Prezident seçkilərində qalib olan İlham Əliyevi təbrik etməklə ona uğurlar arzuladılar və həyata keçirəcəyi dövlət siyasətinin reallaşması üçün yardımçı olacaqlarını vurğuladılar. Altıncısı, Azərbaycan işğaldan azad etdiyi və yenidən dirçəltməyə başladığı bölgələrdə yeni seçki məntəqələri açaraq dünyaya bəyan etdi ki, biz faşist siyasətinin əleyhinə olaraq bəşəri dəyərlərə üstünlük veririk. Yeddincisi, seçkinin gedişatını izləyən yerli və beynəlxalq müşahidəçilərdən heç biri hansısa qanun pozuntusunun olduğu barədə fikir bildirmədi. Səkkizincisi, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının rəhbərlərinin ölkələri və qurumları adından dövlət başçımızı qələbə münasibətilə təbrik etmələri dünyaya növbəti qələbə mesajımız oldu.

Zəfər seçkiləri xalqın ölkəmizin daha böyük tərəqqiyə səs verdiyini və bunun reallaşması üçün dövlət başçısı ətrafında daim sıx birlik nümayiş etdirəcəyini göstərdi. Çünki işğaldan azad edilən torpaqlarımızın dirçəldilməsi, 30 il ərzində yurdundan didərgin salınmış soydaşlarımızın doğma ocaqlarına qaytarılması, Azərbaycanın dinamik inkişafı, ölkədə sosial şəraitin getdikdə yaxşılaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və ordumuzun qüdrətlənməsi kimi həlli vacib məsələlər dövlət başçımızın rəhbərliyi sayəsində həll edilib. Xalqımız müdrik seçimi ilə arzularını reallaşdırıb.

Fərhad QARAŞOV,

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası

İctimai Birliyi İdarə Heyətinin sədri,

iqtisad üzrə fəlsəfə doktoru.