Qarabağın incisi Şuşa daha bir tədbirə evsahibliyi edib
Sosial həyat

Qarabağın incisi Şuşa daha bir tədbirə evsahibliyi edib

Qlobal Media Forumu

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçirilib. 2 gün davam edən tədbirdə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq iştirak edib. İştirakçılar böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, “konflikt jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirə aparıblar. Şuşa Forumunda rəqəmsal media mühitində transformasiya və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri müzakirə olunub. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər üzrə ciddi müzakirələr aparılıb. Eyni zamanda Forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulanıb və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirilib. Sessiyada iştirakçılar, həmçinin media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mətbuat investisiya məsələləri, mətbuat savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Rumıniyanın Milli İnformasiya Agentliyi – AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae bildirib ki, jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Məqsəd oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdırmaqdır. Jurnalistlərin hədə-qorxularla rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib ki, bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili isə deyib ki, jurnalistlər ictimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində çalışmalıdırlar. Qırğızıstanlı media eksperti Kubanıçbek Taabaldiyev isə Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib ki, belə böyük miqyasa malik tədbirlər nəinki media nümayəndələri, hər kəs üçün mühüm əhəmiyyət kəsb edir və faydalıdır. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev düzgün siyasi yolla gedir. İndi bütün dünya bunu etiraf edir və nəticə etibarilə Azərbaycanın dünyada nüfuzu yüksək səviyyəyə qalxacaq.

Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla yanaşı, dünyada və regionda baş verən proseslərə ölkəmizin başçısı tərəfindən münasibət bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə yüksək səviyyəli tədbirin Qafqazın mədəniyyət beşiyi hesab edilən Şuşada keçirilməsi də səbəbsiz deyildi. Çünki bu qədim Azərbaycan diyarı artıq həm də zəfər simvoluna çevrilib. İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında dediyi kimi, Şuşa Qlobal Media Forumu ölkəmiz və Qarabağ bölgəsi üçün möhtəşəm bir tədbirdir: “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı”.

Bu baxımdan, Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın şanlı Zəfərinin, eləcə də genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Jalə QASIMZADƏ,

“Respublika”.