Qarabağ zəfəri Heydər Əliyev ideyalarının təntənəsidir
Digər xəbərlər

Qarabağ zəfəri Heydər Əliyev ideyalarının təntənəsidir

Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və ərazi bütövlüyünün təmin olunması missiyası onun siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla icra edildi. Azərbaycan regional liderə çevrilərək taleyüklü zamanları geridə buraxan dövlət kimi beynəlxalq sferada öz mövqeyini müəyyənləşdirdi.

Hər bir qüdrətli ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur. Baş verən hadisələrdən üzüağ çıxmağı bacaran ölkələr möhkəm təməllər üzərində yeni bir dövrün əsasını inşa etmiş hesab edilir. Gücünü tarixindən, keçdiyi məşəqqətli yollardan, müzəffər xalqından alan Azərbaycan dövlətinin gücü məhz Ulu Öndərin rəhbərliyi dövründə artdı, xalq-iqtidar birliyi ölkəmizi keşməkeşli dönəmlərdən daha uğurlu şəkildə çıxardı. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Vətəndaş müharibəsinin astanasında olan Azərbaycanın imdadına yetişən, xilaskar Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Məhz onun hakimiyyətə gəlişi bir xalqın gələcəyə ümidini artırdı.

Müasir Azərbaycan tarixinin formalaşması Ümummilli Lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə mümkün olmuşdur. Onun miras qoyub getdiyi uğur strategiyası, müstəqil ölkəmizin qüdrəti Heydər Əliyev ideyalarının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, ölkəmizin bütün sahələrində yüksəliş, tərəqqi var. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.

 Ulu Öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın memarı, xalqın xilaskarı olaraq əbədi yaşayır. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Bununla müasir və müstəqil Azərbaycan dövlətinin gələcək perspektivləri müəyyənləşmiş oldu.

 Məhvolma təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilası heç də asan başa gəlmədi. Yaranmış hərc-mərclik nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal altına düşmüşdü. Məhz belə bir məqamda Azərbaycan xilaskarına arxalanaraq öz varlığının təməlini möhkəmlədə bilmişdi. 30 ilə yaxın bir dövr ərzində xalqın köksündəki Vətən həsrətinin davam etməsindən daha pisi, tarix səhnəsindən Azərbaycan məfhumunun silinməsi olardı ki, Ulu Öndər məhz Azərbaycanın varlığını bu çətin vəziyyətdə qoruyub saxlamağı bacarmışdı. Onun və xalqın yeganə istəyi isə öz siyasi davamçısının vahid Azərbaycanı bərpa etməsiydi. Bu, onun öz davamçısına ata vəsiyyəti idi.

"Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyirdi Ulu Öndərimiz. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə daim Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışmışdır. Təəssüf ki, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu haqsızlığa göz yumaraq münaqişənin sülh yolu ilə həll edilməsinə biganə yanaşıblar. 5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə keçirilən tədbirdə "Qarabağ Ermənistandır və nöqtə" şüarı ilə riyakarcasına çıxış etməsi, 2020-ci il sentyabr ayının 27-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazidə yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması münaqişənin sülh yolu ilə həll edilməsinin reallıqdan uzaq olmasının bir daha əyani sübutu idi. Azərbaycan Ordusunun Ermənistan qoşunlarının işğal altındakı torpaqlardan çıxarılması uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. "Qarabağ Azərbaycandır!" deyərək başladığımız haqq savaşında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, əzmi, Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın güclü dövlət olduğunu və haqlı mübarizə apardığımızı bütün dünyaya bir daha nümayiş etdirdik.

Budur, Ulu Öndərimizin siyasi varisi ata vəsiyyətini gerçəkləşdirməklə, bütün problemləri aradan qaldırmaqla, Qarabağımıza da azadlıq və sülh gətirdi. Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!". İlham Əliyev yenilməz qəhrəman olaraq öz adını şanlı tariximizə Qarabağın Fatehi və Zəngəzurun Memarı kimi yazdırmışdır!

Mürəkkəb bir coğrafi şəraitdə yerləşməsinə paralel olaraq regional və beynəlxalq aktorların kəsişən, ziddiyyətli maraqları fonunda Azərbaycanı sıfırdan qurmaq işini çiyinləri üzərinə götürən Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudursa, mövcud dövlətin müəyyənləşdirilən, artan inkişaf strategiyası üzrə addımlamasının təminatçısı, Vətən həsrətinə son qoyaraq Qarabağı bizə yenidən bəxş edən, bu ərazilərə yeni nəfəs verən isə Azərbaycan xalqının iftixarı olan Ulu Öndərimizin layiqli siyasi davamçısı Prezident İlham Əliyevdir. Müasir Azərbaycanın mövcud siyasi, iqtisadi, sosial, mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdırsa, gələcək günlərinin qarantı onun layiqli varisi Prezident İlham Əliyevin yaratmış olduğu mövcud reallıqdır.

"Biz Qarabağı dirçəldəcəyik, onu dünyanın ən inkişaf etmiş regionlarından birinə, Şərqi Zəngəzuru isə cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur", - deyən ölkə başçımız Qarabağ və Şərqi Zəngəzurdakı yeni həyatın banisidir. Artıq öz dədə-baba yurduna qayıdan yerlərin doğma sahibləri daha intizarda deyil. Artıq onlar qaçqın və ya məcburi köçkün deyillər. Onlar artıq öz isti ocaqlarında, 30 ilə yaxın həsrətində olduqları torpaqlarda qurub-yaradacaq, gözəl vətənin ağuşunda əbədi olaraq qalacaqlar.

Müzəffər Ali Baş Komandan İlham Əliyev cəmi iki il ərzində gördüyü işlərlə nəinki Azərbaycanın, bütün dünyanın diqqət mərkəzindədir. Bu gün Qarabağın inkişafı, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, ümumilikdə Böyük Qayıdış planının icrasına başlanması istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Qarabağı 44 günə düşməndən təmizləyən qüdrətli Sərkərdə indi onun yüksəlişinin baş memarı kimi xarüqələr yaradır. Uzun illər işğal altında olmuş Laçın və digər ərazilərimizdə əsaslı tikinti-quruculuq işləri aparılır. Artıq 1000-ə yaxın sakinin öz doğma torpaqlarına qayıdışı təmin edilmişdir. Mükəmməl infrastruktur, hamar yollar, yaşıl parklar, müasir məktəb və xəstəxanalar əhalinin bütün həyati ehtiyacını qarşılayacaq. Doğma Vətənə qayıdanların xoş sədaları isə artıq bütün Azərbaycana yayılır. Təbii ki, o cür təbii gözəlliyi olan, dövlət tərəfindən yeni nəfəs verilən yerlərdə yaşamağı hər kəs arzu edir. İnsanlarımız o torpaqlara sevinə-sevinə dönürlər. Dövlətimizin başçısının Kəlbəcərdə açılışını etdiyi müxtəlif layihələr, tikilən su elektrik stansiyaları, zavodlar burada yaşayacaq insanların sosial təminatının gücləndirilməsinə hesablanıb. Kəlbəcər mineral suları ilə zəngindir. Bura turizm mərkəzi kimi böyük potensiala malikdir. Dağların yamacında salınan yollar, tunellər bir çoxları üçün möcüzə kimi görünür. Mümkün olmayanı mümkün, xəyalları gerçək edən dövlətimizin Laçının Qorçu kəndində inşasına start verdiyi hava limanı turistlərin bu bölgəyə rahat şəkildə gəlmələrini təmin edəcək. Quruculuq işlərini belə də təsəvvür etmək olar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında söylədiyi çıxış nitqində heyrətini belə dilə gətirmişdi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil".

Nurlan ABDALOV,

 "Respublika".