Ekofəalların tələbləri dəyişməzdir
Digər xəbərlər

Ekofəalların tələbləri dəyişməzdir

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı yönəlmiş etiraz aksiyası artıq 111 gündür ki, davam edir. Həmişə olduğu kimi, etirazçılar bu səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Ekofəallar müxtəlif dillərdə şüarlar səsləndirərək dünya ictimaiyyətini ekoloji terrora son qoymağa, bu cür haqsızlıqlara qarşı mübarizə aparmağa çağırırlar.

Ekofəallar gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər. Ekoaktivistlər, həmçinin tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Aksiya iştirakçıları tərəfindən əraziyə daxil olan avtomobillərin hərəkətinə heç bir maneə yaradılmır. Laçın-Xankəndi yolunda davam edən nümayişin əsas məqsədi ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. Çünki buradakı separatçılar Qarabağ üzərindən spekulyasiyaya çalışırlar. Ermənistan tərəfi etiraz aksiyası ilə bağlı saxta məlumatlar yaysalar da, beynəlxalq hüquq çərçivəsində hərəkət edən dövlətimiz bu kimi dezinformasiyaların qarşısını uğurla almışdır. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bu faktı bir daha təsdiqləmişdir. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır.

İki ölkə arasındakı əlaqələrin normallaşdırılması istiqamətində mühüm addımlar atılmalı olsa da, düşmənin xain xisləti buna imkan verməmişdir. Eləcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il fevralın 18- baş tutmuş Münxen görüşündən sonra televiziya kanallarına müsahibəsində ərazilərdə sərhəd-buraxılış məntəqələrinin yaradılmasının vacibliyini vurğulamışdır. Sözügedən məntəqələrin Laçın yolunda da tətbiqinin zəruriliyi ölkə başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Lakin Ermənistan tərəfi hər zaman olduğu kimi, bu prosesdən boyun qaçırmağa cəhd etmişdir. Şübhəsiz, ölkə başçımızın irəli sürdüyü təklif ədalətli olduğundan tezliklə həyata keçiriləcəkdir.

Xatırladaq ki, aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar QHT təmsilçiləri tərəfindən keçirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".