Qanlı Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin prinsipial iradəsinin nəticəsidir
Siyasət

Qanlı Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin prinsipial iradəsinin nəticəsidir

Sovet Ordusunun Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdir. Məlumatlara görə, Bakıya yeridilmiş qoşun kontingentinə döyüş tapşırığını yerinə yetirmək üçün xüsusi psixoloji hazırlıq keçirildi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini pozaraq Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ALFA qrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı, televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun şəhərə daxil oldu və fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 12-dək artıq doqquz nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər respublika radiosundan çatdırıldı.

Xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsini beşikdəcə boğmaq üçün Sovet imperiyasına bir bəhanə lazım idi. Bu bəhanə isə elə hazırlanmalı idi ki, gələcəkdə əliqanlılar beynəlxalq təşkilatlar qarşısında hüquqi cəhətdən özünə bəraət qazandıra bilsin, məsələnin mahiyyəti başqa formada dünya ictimaiyyətinə təqdim edilsin, "vəhşi azərbaycanlı" obrazı yaradılsın, qonşu respublikalar arasında qanlı münaqişə daha da qızışdırılsın. Bunun nəticəsidir ki, 1990-cı il yanvar ayının əvvəllərində ayrı-ayrı vaxtlarda mütəşəkkil qaydada Bakı şəhərində qırğınlar törədildi. Bu çərçivədə şişirdilmiş faktlar məqsədyönlü formada dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırıldıqdan sonra planın 1-ci mərhələsi tamamlandı. Sırada isə  Azərbaycana "Qırmızı ordu"nun yeridilməsinin zərurət olduğu fikrini yaratmaq qalmışdı. Yanvar ayının 19-da bütün hazırlıq işləri başa çatdırıldı. Emissarlar və milli satqınlar məhz həmin gecə xalqın meydanlara, küçələrə çıxmasını istədilər. Faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkarlar xalqı xəbərdar etmədilər. Şəhərin giriş-çıxışlarına avtobus və avtomobilləri yerləşdirərək gözdən pərdə asdılar. Guya giriş-çıxışların bağlanması Sovet ordusunu dayandıracaqdı.

Tanklar və zirehli maşınlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobuslarda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəldilər. Onlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmişdilər, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdü. Həmin gün Bakı küçələri irtica vandallığının əsl simasını göstərən insan cəsədləri ilə doldu. İnsan qiyafəsini itirmiş silahlılar SSRİ müdafiə naziri Dimitri Yazovun etimadını "doğrultmuşdu". Başda Moskvanın "başbilənləri", daha doğrusu, ssenari müəllifləri olmaqla, çoxları o vaxt Azərbaycanda xalq hərəkatını boğduqlarını düşünürdülər. Lakin heç kəs, hətta quzğun yuvasına çevrilmiş Ermənistan da dərk edə bilmədi ki, Azərbaycan xalqı tarixin böyük sınağından üzüağ çıxacaq. Məhz bu tarix Azərbaycan xalqının birlik, mübarizlik, azadlıq hissini coşdurdu, böyük bir nəslin müstəqillik arzusunu reallığa qovuşdurdu.

Əfsuslar olsun ki, o dövrdə dövlət aparatında yüksək vəzifələr tutmuş ayrı-ayrı "rəhbər"lərin başı kreslo davasına qarışmışdı. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun səriştəsizliyi, Sovet ideologiyasına sədaqəti dövlət strukturlarını iflic vəziyyətinə gətirmişdi. Bu cür şəxsi ambisiyaların hökm sürdüyü bir dövrdə Azərbaycanın xalqının mənafeyini yüksək tribunalardan səsləndirən, onun hüquqlarını müdafiə edən liderə ehtiyacı var idi. Tariximizin qanlı səhifəsinin yazıldığı bu vaxtda yalnız ulu öndər Heydər Əliyev dühası xalqın nicatı ola bilərdi. Həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı ümummilli lider bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Ulu öndər 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam hüquqi-siyasi qiymət verilsin.

1994-cü il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və nəhayət, həmin ilin mart ayında təsdiqlənən 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verən bu sənəd bir daha Azərbaycan xalqının ona qarşı cinayət törətmiş caniləri mühakimə etmək iqtidarında olduğunu sübut etdi.

Nurlan ABDALOV,

"Respublika".