Böyük Qayıdış: tarixi Zəfərimizin qürur və sevinc səhifəsi
Siyasət

Böyük Qayıdış: tarixi Zəfərimizin qürur və sevinc səhifəsi

Xalq-dövlət birliyinə arxalanaraq həyata keçirdiyi irimiqyaslı layihələr, möhtəşəm qələbələr, Müzəffər Ali Baş Komandan kimi rəşadətli ordumuzla əldə etdiyi tarixi Zəfərlə Prezident İlham Əliyev bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla aparır və əzəli torpaqlarımıza Böyük Qayıdışı gerçəyə çevirir. Tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir. Yollar çəkilir, infrastruktur yaradılır, su elektrik stansiyaları fəaliyyətə başlayır. Kəndlər, şəhərlər yenidən qurulur. Əlbəttə, bu proses Zəfərin davamıdır.

"Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşdə deyib. Həmçinin qeyd edib ki, azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramlar icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Eyni zamanda Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Azərbaycan əsgərinin xüsusi qəhrəmanlıqla azad etdiyi Şuşa şəhəri tarixi qələbəmizin ümumiləşmiş Zəfər məfkurəsinə çevrildi. Bunu yalnız bu diyarın əsl sahibləri edə bilərdi. Şuşa əyilməz iradənin rəmzidir. Şuşa düşmən üzərində qələbəmizin simvolu kimi qəbul edilməklə yanaşı, 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Elə eyni ildə şuşalıların öz yurdlarına köçü başladı. Bu köç Böyük Qayıdışın bir səhifəsi kimi böyük sevinc, qürur bəxş edir.

2020-ci il 16 noyabr tarixində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri yaddaşlarda əbədi qalacaq. Xalq qalib ordunun Ali Baş Komandanını böyük izdihamla qarşıladı. Uzun illərdən sonra ona qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqı ilə bölüşdü. Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa səfərləri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu. Otuz ilə yaxın müddətdə köçkün həyatını yaşamış yüz minlərlə həmvətənimizin hazırda ən həssas məsələsi dədə-baba torpaqlarına dönməsidir. Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər hüquqi sənədlər möhkəm baza yaradıb. Həyata keçirilən genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edir, dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında, davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədinin ifadəsidir.

Azərbaycanın göstərdiyi istiqrarlı davranış ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və bölgəyə olan marağı günü-gündən artıraraq, xarici investisiyaların prioritetlərinin dəqiq müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. İşğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təşkil edilməsi, iqtisadiyyatın bərpası istiqamətində atılan addımlar, infrastrukturun təkmilləşdirilməsi bölgənin reinteqrasiyası və dirçəldilməsi üçün böyük imkanlar açır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan enerji mənbələri, qiymətli yeraltı sərvətlər, xammal yataqları və çox sayda cəzbedici investisiya üstünlükləri bölgəyə parlaq gələcək vəd edir. Bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi artıq başlamışdır. Ermənilər tərəfindən 30 il ərzində məqsədli şəkildə tamamilə dağıdılmış ərazilərdə hazırda ardıcıl və sürətli şəkildə tikinti işləri aparılır.

Quruculuq işləri konkret vaxt və qrafik əsasında aparıldığı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.

2026-cı ilə qədər "Böyük Qayıdış" proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı nəzərdə tutulur. Azərbaycan artıq 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra yeni bir dövrə qədəm qoyub. Qarabağ bölgəsi elə intensiv şəkildə bərpa edib ki, dünyanın ən gözəl turizm məkanlarından birinə çevriləcək. Bu, xüsusən Birinci və İkinci Dünya müharibəsindən sonra Avropada gedən prosesləri xatırlatsa da, biz öz gücümüzün, enerjimizin, resursumuzun hesabına bunu edirik. Bu da dünya üçün örnəkdir.

Ölkəmizdə mövcud sabitlik və iqtisadi tərəqqi əməkdaşlıq əlaqələrinin genişlənməsində də xüsusi əhəmiyyət daşıyır. Bu məqamı xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, eyni zamanda postmünaqişə dövrünün reallıqları bütün sahələrdə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan dünyaya təkmil dirçəliş modelini təqdim edir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Doğma torpaqlar dirçəlir, yurdlara həyat yenidən qayıdır. Əzəli sakinlər doğma yuvalarına qovuşur, beləcə, doğma yurda köç karvanları gedir, hamı elliklə sevinir. Qürur və iftixar yaşadan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqlarına sevinc paylayan köç davam edir...

Mustafa KAMAL,

"Respublika".