Pilot olmağı arzulayırdı
Sosial həyat

Pilot olmağı arzulayırdı

Uşaqlıqda hər kəsin həyatında arzu ilə yiyələnmək istədiyi bir peşə olur. Adətən təyyarə və təyyarəçilərə verilən "şahin" sözü məcazi mənada həm də cəsur, mərd, igid, qorxmaz adam haqqında deyilir. Uşaq çağlarından pilot olmaq arzusu ilə yaşayan Şahin kimi.

13 dekabr 1993-cü ildə Bakıda anadan olmuş Şahin Azər oğlu Ağayev 2000-2011-ci illərdə Bakı şəhəri, Yasamal rayonundakı 286 saylı tam orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirən Şahin yüksək bal toplayaraq 2011-ci ildə Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə pilot ixtisası üzrə aldığı təhsilini qırmızı diplomla başa vurmuşdur.

2016-2017-ci illərdə Füzuli rayonunda yerləşən "N" saylı hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissənin "Fəxri fərman" və "Təşəkkürnamə"sinə layiq görülmüşdür.

Hərbi xidmətdən sonra Azərbaycanın ən iri aviaşirkəti olan AZAL Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır. Milli Aviasiya Akademiyasının məzunu kimi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən helikopter meydançasında hava nəqliyyatında ilk dəfə 2020-ci ilin martında hava gəmisi ilə sınaq uçuşu da keçirmişdi.

2020-ci ilin iyun ayında Tovuz istiqamətində düşmənin növbəti təxribatı zamanı general Polad Həşimovun və Azərbaycan Silahlı Qüvvələrinin başqa zabit heyətinin şəhid olmasından sonra Şahin də Azərbaycan gənclərinin Milli Ordumuza dəstək aksiyasına qoşulanlar və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak etmək arzusunda olanların cərgəsində yer alıb. 2020-ci il sentyabrın 27-si səhər saatlarından başlayaraq, işğalçı Ermənistanın silahlı qüvvələri yeni ərazilərimizi ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçmişdilər. Qəhrəman Azərbaycan Ordusu düşmənin təxribatına qarşı əks-həmlə əməliyyatları aparırdı.

Artıq fərdi uğurlarını düşünmək zamanı deyildi. Vətən igid övladlarını çağırırdı. 2020-ci il sentyabrın 29-dan səfərbərliyə çağırılan Ş.Ağayev Vətən müharibəsində döyüşlərə Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. İgidin döyüş yolu sentyabrın 30-da başladı. Həmin günün axşamı o, Qubadlı istiqamətində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə özü kimi cəsur oğullarla çiyin-çiyinə yağı düşmənə qarşı vuruşurdu.

Gərgin döyüşlər davam edirdi. Müharibə əsgər və zabitlərin daxili potensialını, Vətən, torpaq, yurd, dövlət qarşısında vətəndaşlıq borcunu sınağa çəkmişdi. Özünü bu sınağa çoxdan hazırlayan Şahin də yüzlərlə igidimizlə Vətən tarixinin şanlı səhifələrini yazmaqda davam edirdi. Vətən sevgisi ilə hər gün əsgərlərimiz qələbə naminə irəli gedir, mənfur düşmən isə geri çəkilirdi. Oktyabrın 24-də ağır döyüşlərin birində Şahin növbəti dəfə yaralı əsgərlərin həyatını xilas etmək üçün tibbi yardım göstərərkən yaxınlığa düşən raketin partlaması nəticəsində 20-dən çox silahdaşları ilə birlikdə şəhid olub.

İgid, qəhrəman şəhid Şahin Ağayev Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağayev Şahin Azər oğlu ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Bəybala BƏYBALAYEV,

"Respublika".