Yol tikintisi sürətlə davam edir
Region

Yol tikintisi sürətlə davam edir

On iki min nəfər əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 41,0 kilometr olan Muğan-Birinci, Paşalı-İkinci, Paşalı-Şorbaçı-Birinci, Udullu-Tağılı-İkinci, Udullu-Qubalı avtomobil yolunun tikintisi sürətlə davam edir. Yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2021-ci il tarixli Sərəncamı ilə 5,0 milyon manat və 4 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 12,0 milyon manat vəsait ayrılmışdır.

Yolun tikintisi Agentliyin "8 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC tərəfindən həyata keçirir. Yol tikintisi ilə bərabər Pirsaat çayının üzərindən keçən körpü də yenidən tikilir. Hazırda tikintisi başa çatmaq üzrə olan körpü üç aşırımlı olmaqla, müasir standartlara cavab verir. Yol əvvəlki vəziyyətinə nisbətən genişləndirilmiş, yatağı hündürləşdirilmiş, tələb olunan yerlərdə su keçidləri quraşdırılmışdır. Yol tikinti işləri yüksək keyfiyyətlə, plana uyğun olaraq davam etdirilir.

Hazırda yolun 29 kilometrliyində yol yatağı işlənmiş, 25 kilometrliyində isə asfalt-beton döşənmişdir. Yolda inşaat işlərinin 2023-cü ilin aprel ayında başa çatdırılması nəzərdə tutulmuşdur.

Tofiq HÜSEYN,

"Respublika".