Peşə-əmək Reabilitasiyası Mərkəzində 100 gəncə xidmət  göstərilir
Sosial həyat

Peşə-əmək Reabilitasiyası Mərkəzində 100 gəncə xidmət  göstərilir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 100 gəncə peşə reabilitasiya və digər sosial xidmətlər göstərilir. Onlardan bir qismi  müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komputer istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Mərkəzə qəbul olunan gənclər burada dövlət hesabına yataqxana, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunur, peşə kursları ilə yanaşı, musiqi, dizayn dərnəklərinə, stolüstü oyunlara, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.

M.MUSTAFAYEV,

“Respublika”.