Orta Dəhliz: Şərqlə Qərbi birləşdirən körpü
Digər xəbərlər

Orta Dəhliz: Şərqlə Qərbi birləşdirən körpü

Avropa ilə Asiya arasında ən qısa və rahat marşrut Zəngəzur dəhlizinin açılması ilə daha səmərəli olacaq

Orta Dəhliz Çin-Qazaxıstan sərhədindən başlayıb Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

"İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda öz nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 75 milyon tona qədər genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilib çıxarılır". Bu fikirləri iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan təbii qazının Türkiyə vasitəsilə Avropa ölkələrinə ixracı artmaqda davam edir və buna böyük tələbat var. Bu baxımdan, dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunub. Mərkəzi Asiya ölkələri məhsullarının alternativ marşrutlar vasitəsilə dünya bazarlarına nəqlinin davam etdirilməsinə xüsusi diqqət edir və bu kontekstdə də Azərbaycanla əməkdaşlığı genişləndirirlər. Hadisələrin gedişi göstərir ki, Azərbaycan mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək.

Mövcud marşrutlarla yanaşı, Azərbaycan belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda, Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin yaradılması, logistika imkanlarının genişləndirilməsi Azərbaycana qarşıdakı dövr üçün daha böyük iqtisadi dividendlər vəd edir. Ən əsası, dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycan üzərindən yüklərin daşınmasında maraqlıdır.

Dövlət başçısının yürütdüyü uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuza sahib olan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyəti ilə bağlı son illərdə önəmli layihələr reallaşdırıb. Dövlət başçısının ötən il noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən konfransda vurğuladığı kimi, ölkəmiz tərəfdaşları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb. İndi isə respublikamız artan yük həcmlərini nəzərə alaraq, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başlayıb. "Şərq-Qərb" nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu ilə hazırda bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində dəmiryolu xətti boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu marşrutdan istifadə edən bütün dövlətlər arasındakı əməkdaşlıq dərinləşir.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb. Müharibə başlayandan Orta dəhlizin yükdaşıma və nəqliyyat-logistika həcmində ciddi artım baş verib. Ötən il Azərbaycan ərazisindən Orta Dəhliz vasitəsilə tranzit yükdaşımaların həcmi 75 % çoxalıb və bu rəqəm sürətlə artır. Belə ki, 2022-ci ildə Orta Dəhlizlə Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb. Təkcə Azərbaycan seqmenti üzrə bu ilin 6 ayı ərzində Orta Dəhlizdə yükdaşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.

Böyük İpək yolunun yenidən canlandırılmasında əhəmiyyəti getdikcə artan Orta Dəhliz həm də yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Xəzərin digər sahilində yerləşən Qazaxıstan liman tikib, artan yük qarşısında genişləndirmə işləri görülür. Türkmənistan böyük bir liman infrastrukturuna malikdir. Mütəxəssislərin qənaətinə görə, burada çatışmayan element Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. 30 ildən artıq idi ki, onun ətrafında müzakirə gedirdi. Şanxay Əməkdaşlıq Təşkilatında qərara alındı və artıq tikintiyə başlanıb. Hədəfləndiyi üzrə 2025-ci ildə işlər tam icra olunub bitdikdən sonra daha qısa bir marşrut yaranmış olacaq. Bu, ona görə önəmlidir ki, bizim istiqamətdə artıq bir yox, iki marşrut fəaliyyət göstərəcək. Mövcud yeniliklər isə Azərbaycan ərazisində dəhlizlərin şaxələndirilməsini də gündəmə gətirir. Məhz bu baxımdan, Azərbaycan bütün riskləri nəzərə alaraq Zəngəzur dəhlizi ətrafında işlər görür. Bu, həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin reinteqrasiyası, həm də Böyük Qayıdış proqramındakı bütün daşımaların dəmir yolu vasitəsilə icra edilməsi, həmçinin qitələrarası əlaqə baxımından böyük əhəmiyyət kəsb edir.

Mustafa KAMAL,

"Respublika".