Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi
Sosial həyat

Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi

20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür

Uşaqlar cəmiyyətin həssas təbəqəsi hesab olunduğundan onların daim etibarlı müdafiəyə ehtiyacları vardır. Müasir dövrdə uşaq hüquqlarının müdafiəsi, uşaqların təhlükəsiz mühitdə, rifah içində böyüməsi, onların sağlamlığının qorunması və inkişafı, uşaqlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi aktuallıq kəsb edən məsələlərdir. Buna səbəb isə uşaqların dünyada baş verən silahlı münaqişələr, epidemiya və xəstəliklər, zorakılıqdan ən çox əziyyət çəkən əhali qruplarından olmasıdır.

Bu gün dünyada uşaqların müdafiəsi məqsədilə bir sıra vacib beynəlxalq sənədlər qəbul edilir. Qlobal miqyasda uşaq hüquqlarının qorunması istiqamətində qəbul edilmiş "Uşaq hüquqları haqqında" BMT Konvensiyası uşaqların hüquq və maraqlarını əks etdirən, iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm müddəaları özündə ehtiva edir.

Azərbaycan Respublikası 1992-ci ildə "Uşaq hüquqları haqqında" BMT Konvensiyasına qoşulmaqla ölkənin normativ-hüquqi aktlarının sözügedən Konvensiyaya uyğunlaşdırılması və onun implementasiyası üzrə öhdəliklər qəbul etmişdir.

Azərbaycanda uşaqların müdafiəsi və rifahı üçün zəruri işlər görülür, həyata keçirilən bütün tədbirlər uşaqların mənafelərinin üstün tutulması prinsipinə əsaslanır. Ölkəmiz 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna, "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu"na və "Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu"na qoşulmuşdur. Bununla yanaşı, Azərbaycan uşaqların müdafiəsi istiqamətində beynəlxalq hüquq sistemində mövcud olan bir sıra mühüm sənədlərə, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaya, "Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında" Avropa Konvensiyasına, "Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyaya, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurasının Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmaqla, bir sıra normativ-hüquqi aktlara konvensiyaların tələblərindən irəli gələn müvafiq əlavə və dəyişikliklər edilmişdir.

19 may 1998-ci il tarixində ölkə Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, "Uşaq hüquqları haqqında" Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edən sənəd - Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Bütün hallarda uşaqların üstün maraqları prizmasından çıxış edən həmin Qanuna əsasən Azərbaycan Respublikasının normativ-hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Qanunda Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsinin müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tərəfindən təmin edilməli olduğu təsbit edilmişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar nəticəsində yaradılan Ombudsman təsisatı fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında quraraq insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərir.

BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan Respublikasının BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"na dair beşinci və altıncı birgə dövri məruzəsi üzrə 22 fevral 2023-cü il tarixli Yekun Müşahidələrində 2021-ci ildə Ombudsman Aparatında Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılmasını alqışlayır və uşaqlar tərəfindən və ya onların adından uşaqyönümlü formada şikayətlərin verilməsi məqsədilə mandatın genişləndirilməsini tövsiyə edir.

Qeyd etmək lazımdır ki, təsisatın fəaliyyətində baş verən mühüm yeniliklərdən biri bu il Ombudsmanın fəaliyyətini tənzimləyən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu"na dəyişikliklərin edilməsidir. Belə ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanununa əsasən Müvəkkilə "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyəti verilmişdir.

Ombudsman tərəfindən uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif istiqamətlər üzrə geniş fəaliyyət həyata keçirilir. Uşaq hüquqlarının müdafiəsinə dair Müvəkkilə ünvanlanmış müraciətlərlə əlaqədar araşdırmalar aparılır, aidiyyəti dövlət qurumlarına sorğular göndərilir, problemlərin müsbət həlli istiqamətində zəruri addımlar atılır. Uşaq hüquqlarının pozulması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlara dərhal reaksiya verilir, zəruri hallarda Ombudsmanın Aparatı və Regional Mərkəzləri tərəfindən yerində araşdırmalar aparılır və qanunamüvafiq tədbirlər görülür.

BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul olunmasının ildönümü ərəfəsində Ombudsman tərəfindən 20 oktyabr - 20 noyabr tarixləri ənənəvi olaraq ölkədə "Uşaq Hüquqları Aylığı" elan edilir.

Bu aylığın keçirilməsində məqsəd ölkədə uşaqlara diqqət və qayğının daha da artırılmasına, aidiyyəti qurumları və cəmiyyəti cəlb etməklə uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Hər il dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və digər müvafiq qurumlar Ombudsmanın təşəbbüsünə qoşularaq bu istiqamətdə görülən işlərə öz töhfələrini verir.

Hər il olduğu kimi, cari ildə də Ombudsman çətin həyat şəraitində yaşayan uşaqlarla görüşərək onların vəziyyəti ilə maraqlanmışdır. Müvəkkil 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların uşaqları ilə, Penitensiar Xidmətin tərbiyə müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə, həmçinin "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın və uşaq sığınacağında yaşayan qadın və uşaqlarla görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanmışdır.

Bununla yanaşı, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində tərbiyə müəssisəsində islah olunan iki nəfər yetkinlik yaşına çatmayan şəxsin paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinə, istirahət və ictimai iaşə obyektlərinə səfəri, habelə Müvəkkillə görüşü təşkil edilmişdir.

Məlumdur ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarını yerinə yetirən təsisat kimi müəyyən edilmişdir. Ombudsman və Milli Preventiv Qrup tərəfindən il ərzində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərlə yanaşı, körpələr və uşaq evlərinə, sosial xidmət müəssisələrinə, internat məktəblərinə, inteqrasiya təlimli internat tipli gimnaziyalara, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə və digər dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilir. Monitorinqlərin nəticələri ilə bağlı aidiyyəti dövlət qurumlarına təkliflərlə müraciətlər ünvanlanır, nöqsan və çatışmazlıqlar aşkar edildikdə aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilir, təkrar başçəkmələr zamanı həmin tövsiyələrin icra vəziyyəti yoxlanılır.

Ombudsman Suriya Ərəb Respublikası və İraq Respublikasından repatriasiya olunmuş uşaqların hüquqlarının müdafiəsini daima diqqətdə saxlayır. Cari ildə də təsisatın nümayəndələri repatriantlarla görüşərək, onların psixoloji durumu, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, hüquqlarının təmini vəziyyəti ilə maraqlanmışlar.

Bütün uşaqların bərabər hüquqlara malik olduğu ölkəmizdə valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqlara göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası, onların daha keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən zəruri tədbirlər görülür.

Uşaqların müdafiəsi, hərtərəfli inkişafı, onların hüquqlarının qorunması dövlət başçısı cənab İlham Əliyevin daim diqqətindədir. Uşaqların maraqlarının qorunmasına xüsusi önəm verən ölkə Prezidenti vurğulamışdır ki, "övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır". Dövlət başçısının rəhbərliyi altında bu gün uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində islahatlar aparılır, normativ-hüquqi baza təkmilləşdirilir, uşaqlar keyfiyyətli təhsil, müasir tələblərə cavab verən sosial, tibbi və digər zəruri xidmətlərlə təmin edilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq hüquqlarının təmini sahəsində görülən işlər, reallaşdırılan layihələr xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin müasir beynəlxalq standartlara uyğun inşası, təmiri və ya yenidən qurulması, yeni olimpiya idman komplekslərinin tikintisi uşaqlarımızın hərtərəfli inkişafı məqsədinə xidmət edir. Uşaqların iştirakı ilə mütəmadi olaraq təşkil edilən tədbirlərdə Mehriban xanım Əliyevanın onlarla keçirdiyi səmimi görüşləri, onların problemləri ilə yaxından tanış olması, həlli istiqamətində həyata keçirdiyi işlər uşaqların sevincinə səbəb olmuşdur.

Hazırda şanlı dövlətçilik tariximizdə yeni bir dövr başlayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi ilə uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın doğma torpaqlarda azad, təhlükəsiz, sərbəst yaşamaq hüququ bərpa olunmuşdur. Bu gün böyük sürətlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələri icra olunur, keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına geri qayıdır, uzun həsrətdən sonra övladlarımız bu ərazilərdə yerləşən müəssisələrdə təhsil alır.

Ermənistan tərəfindən aparılan siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi mülki əhalinin, o cümlədən uşaqların həyatına təhlükə yaradır. Ombudsman Ermənistan tərəfindən uşaqların hüquqlarının pozulmasına dair müntəzəm olaraq beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır.

Bu il Ombudsman tərəfindən "Ermənistan tərəfindən azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair" hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilmişdir. Hesabatda uzun illər Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd edilmiş məlumatlardan və digər mənbələrdən istifadə olunmuşdur.

Uşaqlar cəmiyyətimizin ən qiymətli varlıqlarıdır. Övladlarımızın inkişafı üçün onların sevgi ilə əhatə olunması, ailə mühitində böyüməsi vacibdir. Cəmiyyətimizin tərəqqisi, onun gələcək həyatı bu gün uşaqlarımızı hansı formada yetişdirməyimizdən, onlara aşıladığımız yüksək mənəvi dəyərlərdən birbaşa asılıdır. Bu baxımdan, uşaqların hərtərəfli inkişafında, onların yüksək diqqət və qayğı ilə əhatə olunmasında, vətənpərvər, layiqli vətəndaş kimi formalaşmasında hər birimiz məsuliyyət daşıyırıq.

Uşaqların xoşbəxt, firavan həyatı naminə cəmiyyətimizin səfərbər olması, bu istiqamətdə fəaliyyət göstərən qurumların fəallığının daha da artırılması vacib amillərdir.

Ölkəmizdə uşaqların hüquqlarını və mənafelərini müdafiə edən bütün qurumların səmərəli və koordinasiyalı fəaliyyəti bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasına xidmət edəcəkdir.

Gəlin uşaqların rifahı və hüquqlarının təmini naminə səfərbər olaq!

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru.