Bahar gəlir bizim azad ellərə
Sosial həyat

Bahar gəlir bizim azad ellərə

Azərbaycanın ən qədim adət-ənənələrindən biri Novruz bayramıdır. Ömrünü torpağa bağlamış əkinçi əcdadlarımız yazın hər gəlişini, həyatın yeniləşməsini səbirsizliklə gözləmiş və sevinclə qarşılamışlar. Bahar bayramı elə bir mədəni-mənəvi zənginliyə malikdir ki, onun içində milli məhdudluğa yer yoxdur. Bu bayram bəşəriyyətin və təbiətin tarixi harmoniyasının izidir. Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən – su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. Bahara doğru buz əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. Daha sonra günəş tədricən torpağı qızdırır və onu bahara hazırlayır. Sonra yel artıq azacıq oyanmış torpağı, yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı, bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu, Respublika Mədəniyyət və Turizm Nazirliyinin birgə əməyi sayəsində Novruz bayramı və Azərbaycan aşıq sənəti UNESCO tərəfindən dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.

2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduqları “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi tərəfindən təqdimatı keçirilib və qətnamə yekdilliklə qəbul edilib. Buna görə BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir. Bu hadisə Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından da çox önəmli idi.

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Dini məsələlərin Novruz bayramına təsiri isə elə ərəb xilafətinin Azərbaycana gəlişi ilə başladı.

Buna baxmayaraq, Azərbaycan xalqı bahar bayramının əsl mahiyyətindən doğan adət-ənənələri unutmamışdır. Novruz bayramı ilə əlaqədar bir sıra dahi insanlar o cümlədən Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlərdən xalq arasında yaranmış adət-ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O, öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox, təbiətin canlanması, yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.

Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirdə də təsvir və tərənnüm edilir.

Bahar gəlir bizim azad ellərə,

Mahnı qonur dodaqlara, dillərə.

Parlaq günəş meydan açır güllərə,

Qaranquşun müjdəsidir Novruzum!

Aiza ŞABANOVA,

“Respublika”.