Ombudsman Meksikanın Azərbaycandakı səfirini qəbul edib
Sosial həyat

Ombudsman Meksikanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronu qəbul edib.

Qurumun mətbuat xidmətinin məlumatında bildirilir ki, görüş zamanı Ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verib. Müvəkkil beynəlxalq qurumlarla əməkdaşlığa mühüm əhəmiyyət verildiyini, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib.

Görüşdə gender bərabərliyinin təbliği və təmini, qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb, bu sahədəki müsbət təcrübələr və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Səfir Mariya Viktoriya Romero Kabalyero öz növbəsində səmimi qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib.

Görüşdə, həmçinin hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

"Respublika".