Ölkəmizin tarixində keçiriləcək ən böyük beynəlxalq tədbir
Siyasət

Ölkəmizin tarixində keçiriləcək ən böyük beynəlxalq tədbir

Bu, Azərbaycana çox mühüm yerli, regional və qlobal dividendlər qazandıracaq

"Avroviziya" mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Kosmonavtika Konqresi kimi nüfuzlu tədbirlərə ev sahibi, BMT-dən sonra ikinci ali təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edən regionun ən qüdrətli dövləti Azərbaycanda daha bir əhəmiyyətli tədbir keçiriləcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi  Prezident İlham Əliyevin növbəti qələbəsidir. Ölkəmiz qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə çox ciddi yanaşır və karbon emissiyalarının mümkün qədər azaldılması ilə əlaqədar strateji planları mövcuddur. "Yaşıl enerji" məsələləri ilə bağlı ölkədə bir sıra böyük layihələrin həyata keçirilməsi buna bariz nümunədir.

COP29-un Azərbaycanda keçirilməsinə bəzi böyük sənaye maqnatları barmaqarası baxsalar da, bu, istər iqtisadi, istər qlobal siyasi nöqteyi-nəzərdən çox əhəmiyyətli tədbirdir. COP (Conferen ce of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır. Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika, Asiya, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa, Qərbi Avropa və digər ölkələri) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.

COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər və digər maraqlı tərəflər təşkil etmişdir. Növbəti, COP29 adlandırılacaq konfrans isə 2024-cü il 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Təxminən 70-80 min xarici qonaq bu müddətdə ölkəmizdə olacaq. Nəzərə alsaq ki, Avropa Oyunlarında ölkəmiz 8 min nəfərə yaxın qonaq qəbul etmişdir, bu zaman COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə evsahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividendlər qazandıracaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi və bu ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra istər regional, istər qlobal səviyyədə anti-Azərbaycan tədbirləri kəskin hal aldı. Lakin bütün təxribatçı qüvvələrin və erməni lobbisinin belə qəbul etdiyi bir reallıq var. Bəlkə də dünyada son illərin ən uğurlu daxili və xarici siyasətini həyata keçirən, bununla da özünün milli maraqlarını qorumaqla regiona töhfə verən, bölgənin iqlim, daxili təhlükəsizlik, iqtisadi və siyasi imkanlarını genişləndirən bir ölkə var. Bu da Azərbaycandır. Bu nə bir şişirtmə, nə də təbliğatdır. Bu, əsl reallıqdır. Ölkəmiz isə bu reallığı Prezident İlham Əliyevin sayəsində yaradıb. Siyasətlər özbaşına formalaşmır, müdrik siyasətlər müdrik liderlər tərəfindən aparılır. Hər nə qədər məqsəd və plan olsa da, bunu həyata keçirən qətiyyətli lider olmasa nəticə 0-a bərabərdir. Bu baxımdan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi bu gün ərazi bütövlüyünü və suverenliyini təmin edən, beynəlxalq aləmdə böyük nüfuza malik müstəqil Azərbaycandır...

Ötən əsrin 50-ci illərindən başlayaraq bütün dünya iqlim dəyişikliyi riskləri üzərində işləyir. 90-cı illərdən etibarən bütün dünya həyəcan təbili çalır. 2000-ci illərdən sonra artıq hər gün dünya ölkələrin qırmızı xətti keçməsi haqqında geri dönüşü olmayacaq xəbərdarlıqlar edilir.

İqtisadi baxımdan 3 qrup ölkə tipi mövcuddur: inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməyən ölkələr. İqlim dəyişikliyinə mənfi təsir göstərən ölkələr isə məhz inkişaf etmiş ölkələrdir. Çünki sənayenin sürətli inkişafı çirklənmə probleminin yaranmasına yol açır. Hazırda 4-cü Sənaye İnqilabında yaşadığımız bu dünyada ikinci sənaye inqilabından, daha dəqiq desək, elektrik enerjisinin kəşf olunmasından etibarən hava çirklənməsi və iqlim dəyişikliyi məsələləri yaranmağa başlayıb. Məhz inkişaf etmiş ölkələr sənaye inqilablarının mərkəzində yerləşdiyindən dünya üçün bu problemləri də ən çox həmin ölkələr yaradırlar. İnkişaf etməkdə olan ölkələr isə bu faciəyə daha az səbəb olurlar. Azərbaycan "yaşıl enerji" və digər əhəmiyyətli layihələr əsasında bu məsələyə ciddi töhfələr verir. Nəhayət, üçüncü qrup olan inkişaf etməyən ölkələrin isə istəsələr belə, bu çirklənməyə səbəb olacaq imkanları yoxdur.

1998-ci ildən etibarən inkişaf etmiş ölkə statusu alan Fransa ekosid cinayətlərinin ən böyük iştirakçılarından biridir. İri iqtisadi maqnatlar tərəfindən mütəmadi olaraq ekoloji çirklənməyə yol verən bu ölkə, hətta bir dəfə də COP-a evsahibliyi edib. Lakin bu, böyük məyusluq və fiasko ilə nəticələnib. 2015-ci ildə baş tutan bu tədbirdən əvvəl yerli əhali Paris küçələrində qonaqlar və dövlət başçıları üçün provokativ "sürprizlər" hazırlamış və bunun nəticəsində iştirakçılar tərəfindən Fransanın bu konfransa evsahibliyi məsələsi sorğu-sual edilmişdir. Daha sonra isə yekun qərarda Fransanın təşkilatçılğı çox zəif qiymətləndirilmiş və həmin dövrdən bəri bir daha Parisə bu konfransa evsahibliyi hüququ verilməmişdir.

Bütün bunların fonunda Paris meri Ann İdalqonun Azərbaycanın COP-a evsahibliyi etməsinə etirazı başadüşülən deyil. Sözsüz ki, illərdir erməni lobbisinin əlində oyuncağa çevrilmiş xanım İdalqonun anti-Azərbaycan bəyanatları mahiyyət daşımır. Çünki iştirakçı ölkələr artıq yekdilliklə Azərbaycanı dəstəkləyib. Ann İdalqo fonunda şöhrəti qürub edən Fransa ölkəmiz üzərindən gündəmdə qalmaq siyasəti aparmağa çalışır. Lakin iqtisadi-siyasi böhran, etiraz dalğaları, həmçinin ekoloji çirklənmə ilə boğuşan Fransanın hazırda tutduğu mövqe vəziyyətdən çıxış yolu deyil.

Təxribatçı qüvvələr COP29-un keçirilməsinə hələ bir il vaxt qalmasına rəğmən, indidən qarayaxma kampaniyalarına başlamaq üçün Azərbaycana yollanırlar. "Yaşıl enerji" layihəsi ilə təkcə regiona deyil, həm də dünyaya böyük töhfə verən ölkəmizi neft sektoru vasitəsilə hədəfə almağa cəhd edirlər. Bu baxımdan, gələn ilin əvvəlindən başlayaraq neft buruqları ətrafında "yad cisim"lərin "görünməz sürpriz"ləri istisna edilmir. Lakin bu təxribatlar da uğursuz qalacaq. Çünki Azərbaycan neft emalı sahəsində də bütün ekoloji qaydalara tam əməl edir. Qeyd edək ki, bütün dünyada neft-qaz çıxarma sənayesi, həmçinin onunla əlaqəli emal, neft-kimya və başqa sənaye sahələri ətraf mühitə mənfi təsirlərinin miqyasına görə birinci yerdə dururlar. Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə Konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab olunur. Azərbaycan Respublikasının hər bir qanununda xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq müqavilələrdə milli qanunvericilikdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq sənədlərin qaydaları tətbiq edilir. Xəzər dənizinin ölkəmiz, digər Xəzəryanı ölkələr və bəşəriyyət üçün əhəmiyyətini, onun ekosistemlərinin həssas və relikt olmasını, bütün sahilyanı ölkələrin dənizdə getdikcə artan fəaliyyətlərinin (neft-qaz yataqlarının istismarı, dəniz gəmi və boru kəmərləri daşımaları və s.) aktivləşməsini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz ekoloji siyasətində Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılmasını prioritet vəzifə hesab edir. Xəzər dənizində fəaliyyət göstərən beynəlxalq konsorsiumun neft çıxardığı Azəri-Çıraq-Günəşli yataqları, dəniz boru kəmərləri sistemi və Səngəçal terminalı üçün "Neft dağılmaları üzrə fəaliyyət Planları"na uyğun real texniki sistem formalaşdırılıb. Neft dağılmalarının qarşısının alınması, ballast sularının və başqa tullantıların yığılması məqsədilə Xəzər dənizində fəaliyyət göstərən Rusiya, Qazaxıstan, Türkmənistan şirkətləri də müvafiq planlara və tədbirlər sistemlərinə malikdirlər. Bu baxımdan, provokatorların növbəti təxribatları da baş tutmayacaq.

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasət təcrübəsi, sinkretiklik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli formada davam etdirilir, qətiyyətli addımlar dünyada Azərbaycan modelini gündəmə gətirir. Məhz yazının əvvəlində qeyd edildiyi kimi, 8 mindən 80 minə yüksələn təşkilatçılıq uğuru ölkəmizin beynəlxalq arenada nüfuzunun gündən-günə artmasına səbəb olur. Bütün təxribatların qarşısını alan müdrik siyasət ölkəmizə kənar müdaxilələrin önünə keçir. Əsrə bərabər 20 il ərzində görülən işlər, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası və bunun ali diplomatiya ilə birləşməsi Prezident İlham Əliyevin öz ölkəsinə olan böyük töhfəsidir. Bu baxımdan, COP29 tədbirinin Azərbaycanda keçirilməsi uzun illər aparılan dərin ideoloji siyasətin mühüm bir parçasıdır.

Tacir SADIQOV,

"Respublika".