Ölkəmizin sülh təklifi regiona sabitlik və inkişaf vəd edir
Digər xəbərlər

Ölkəmizin sülh təklifi regiona sabitlik və inkişaf vəd edir

"2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq". Bu fikirləri  Azərbaycan Prezidenti İlham Əliyev    Astanada Müstəqil Dövlətlər Birliyi  Dövlət Başçıları Şurasının iclasında bildirib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanatda bu vacib öhdəliklər 4-cü və 9-cu bəndlərdə yer alır. Belə ki, 4-cü bənddə bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. 9-cu bəndə görə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə və görüşlərdə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edir. Eyni zamanda, postkonflikt dövrünün problemlərinin aydınlaşdırılması və yoluna qoyulması, sülhün və sabitliyin bərqərar olunması istiqamətində təşəbbüslər, praqmatik fikirlər təklif edir. Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında bunun bir daha şahidi olduq: "Artıq 2 ildir müharibə bitib, təəssüf ki, hələ də Ermənistan silahlı birləşmələri Qarabağı tam tərk etməyib. Üstəlik onlar işğaldan azad olunan ərazilərdə davamlı təxribatlar törədirlər. O cümlədən, Zəngəzur dəhlizinin açılması da yubanır. Hər iki məsələnin icra olunmaması birmənalı regional sabitliyə təhdid yaradır".

Qarabağ ermənilərinin taleyi barədə danışan ölkə başçısı vurğulayıb ki, bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib. İndi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. On min kvadratkilometr ərazidə demək olar salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntülər Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir”.

Azərbaycan qazandığı ədalətli qələbə ilə bölgədə yeni reallıqlar yaradıb. Bu, regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bu gün ölkəmizin regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasətin təzahürüdür. Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat mühüm tarixi əhəmiyyət kəsb edir. Azərbaycan növbəti dəfə 44 günlük Vətən müharibəsində döyüş meydanında əldə edilən qələbəni diplomatik müstəvidə də davam etdirdi. Bu tarixi hadisə birmənalı Azərbaycanın növbəti siyasi, diplomatik qələbəsi, şəxsən Prezident İlham Əliyevin tarixi uğurudur. Çünki yekunda qəbul edilən bəyanatın müddəaları və burada yer alan vacib məsələlər ölkəmizin maraqlarına uyğundur. Ermənistanın baş naziri Nikol Paşinyanın və Fransa prezidenti Emmanuel Makronun iştirak etdiyi görüşdə də rəsmi Parisin həmişə olduğu kimi, yenə də Ermənistana maksimum səviyyədə dəstək olacağı ehtimalı vardı. Bütün məkrli niyyətləri puça çıxaran Prezident İlham Əliyev öz iradəsi, qətiyyəti, təmkinliliyi, arqumentlərinin ardıcıllığı, aydın, ədalətli mövqeyi ilə indiki mərhələdə Ermənistanın ərazi iddialarından əl çəkdiyini bir daha təsdiqləməsinə nail oldu.

Ölkəmizin suverenliyini tanımaqla Ermənistan faktiki olaraq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edib. Bəyanatla Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Eyni zamanda, tərəflər razılaşıblar ki, bu sərhədlərin delimitasiyası komissiyaların işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq. Bu isə o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın, Qarabağ daxil olmaqla, ərazi bütövlüyünü tanıyır və sülh danışıqları Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaq.

Artıq ölkəmizin regionda yaratdığı yeni reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atılır. Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsinə hədəflənən bu addımlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin ifadəsidir. Müzəffər Ali Baş Komandan başda olmaqla qüdrətli Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən müharibəsindəki Zəfəri torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də sərhədlərimizin bərpa olunmasını təmin etdi. Bu reallıqların dünyada qəbul edilməsi üçün isə beynəlxalq nüfuza malik güclü lider və düzgün siyasi strategiya lazım idi. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət, nəticəyə hesablanmış, qətiyyətli diplomatiya müharibədən qısa vaxt keçməsinə baxmayaraq, yeni reallıqların dünyada qəbul edilməsinə səbəb oldu. Beynəlxalq təşkilatların qətnamə və qərarlarında, onların rəhbərlərinin bəyanatlarında, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında artıq sərhəd məsələlərinin tez bir zamanda həll edilməsinə, Zəngəzur dəhlizinin açılmasına, kommunikasiya infrastrukturunun inkişafına, insanların öz evlərinə qaytarılmasına, regionun reabilitasiyasına və sabitliyin bərqərar olunmasına dəstək bildirilir.

"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik". Bu fikirləri Praqada dördtərəfli görüşdən sonra İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

Mustafa KAMAL,

 "Respublika".