Ölkəmizin nüfuz dairəsi genişlənir
Siyasət

Ölkəmizin nüfuz dairəsi genişlənir

Qlobal sistemdə beynəlxalq təhlükəsizliyə kölgə salan məsələlərin geniş şəkildə müzakirə edildiyi Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün önəmli platformalardan biridir. 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı ilə keçirilən 60-cı konfrans diqqətçəkən məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin iştirak etdiyi konfransda bir çox dövlət və hökumət başçılarının, eləcə də qlobal və regional institutların rəhbərlərinin dövlət başçımızla ikitərəfli görüşlər keçirilmək istəyi xüsusi dəyərləndirilməlidir.

Belə ki, cənab Prezidentin qarşı tərəflərin müraciəti əsasında İsrail Prezidenti İsxaq Hersoq, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniya Kansleri Olaf Şolts, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraqın şimalındakı regional hökumətin başçısı Neçirvan Barzani, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşləri olub. Heç şübhəsiz ki, bu görüşlərin hər biri Prezident İlham Əliyevin şəxsi nüfuzunun və uğurlu diplomatiyasının təzahürüdür.

Unutmayaq ki, Azərbaycan artıq qlobal platformalarda yalnız Cənubi Qafqazın lider dövləti olaraq tanınmır. Öz ərazi bütövlüyünü təkbaşına bərpa edərək işğala son qoyan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən və ATƏT-in bacarmadığını (ya da bacarmaq istəmədiyini?!) bacaran Azərbaycan dövlət başçımızın ifadə etdiyi kimi, qlobal sistemdəki bir çox önəmli daşları yerindən oynadıb. Ona görə də bu gün biz kiçik coğrafiyada böyük addımlar atan dövlətimizin beynəlxalq arenadakı nüfuzunun uzaqgörən siyasətin, strateji addımların və uğurlu diplomatiyanın təbii nəticəsi olduğunu əminliklə ifadə edə bilərik. Beynəlxalq sistemdəki xaos və anarxiyaya baxmayaraq, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın daima etibarlı tərəfdaş qismində çıxış etməsi, Qoşulmama Hərəkatına üzv dövlətlərlə, Türk dünyası və İslam coğrafiyası ilə yüksələn əlaqələrimiz və bir çox önəmli məqamlar da buna bariz nümunədir.

Eyni zamanda ev sahibliyi etdiyimiz tədbirlərin miqyasına nəzər yetirdikdə Azərbaycanın addım-addım hansı inkişaf mərhələlərindən keçərək bu uğurlu nəticəni əldə etdiyini aydın şəkildə müşahidə etmək mümkündür. Yaxın keçmişdə ancaq neft ölkəsi olaraq tanınan Azərbaycan bu gün Şərq ilə Qərbin qovşağında fərqli mədəniyyətlərin və inancların azad şəkildə təzahür etdiyi müasir, demokratik və sivil dəyərlərin daşıyıcısı olaraq qlobal sistemin önəmli və etibarlı aktorlarından birinə çevrilib. Otuz ilə yaxın davam edən işğal və danışıqlar dövründə qlobal institutların və güc mərkəzlərinin ikili standartlara əsaslanan ədalətsiz və qərəzli mövqeyinə baxmayaraq, biz güclənərək həm ərazi bütövlüyümüzü, həm də suverenliyimizi bərpa etməyə nail olduq. Artıq öz hədəflərimizə özümüz nail olduğumuz kimi qlobal problemlərin və təhlükəsizlik məsələlərinin həlli üçün də uğurlu addımların təşəbbüskarı qismində çıxış edirik.

Qeyd etmək lazımdır ki, "yaşıl enerji" təminatı, insan təhlükəsizliyi, iqlim dəyişmələrinə qarşı mübarizə, münaqişələrə son qoyulması, sülh və sabitliyin təmin edilməsi məqsədilə əməkdaşlığın təşviq edilməsi kimi mühüm istiqamətlər Azərbaycan Respublikasının xarici siyasi prioritetləri arasında ön sıralardadaır. Ona görə də COP29 kimi qlobal əhəmiyyətli bir tədbirə ev sahibliyinin ölkəmizə həvalə olunması heç də təsadüfi qərarların nəticəsi deyil. Məhz belə bir məqamda Azərbaycanın bütün uğurlarının memarı olaraq Prezident İlham Əliyevin şəxsi nüfuzu, strateji addımları və qətiyyətli mövqeyi dövlətimizin artan gücünün və davamlı inkişafının əsas zəmanəti olaraq mütləq şəkildə ifadə edilməlidir.                                           

Aytən QURBANOVA,

politoloq.