Ölkəmizin enerji hədəfləri
Ekologiya

Ölkəmizin enerji hədəfləri "yaşıl zona"

Zəngin enerji potensialına malik olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.

"Azərbaycan ölkəni bərpaolunan enerji mənbələrindən enerji istehsalçısına və ixracatçısına çevirmək üçün çalışır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan), "Eustream" (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

Dövlət başçısı vurğulayıb ki, bərpaolunan enerji sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlər Azərbaycanla 25 geqavatdan çox bərpaolunan enerjinin istehsalına dair saziş imzalayıb. Ölkədə bərpaolunan enerji potensialı Xəzər dənizinin Azərbaycan sektorunda 157 geqavat daxil olmaqla, ümumilikdə 200 geqavat təşkil edir. Artıq Azərbaycanda ilk külək və günəş elektrik stansiyalarının tikintisinə başlanılıb. Əsas məqsəd bərpaolunan enerji mənbələrindən əldə edilən enerjini ilk növbədə, təbii ki, Avropaya çatdırmaqdır: "Biz enerji diplomatiyasını və neftdən, indi təbii qazdan və daha sonra "yaşıl hidrogen"dən başlayaraq meqalayihələrin həyata keçirilməsini fəal şəkildə davam etdiririk. Bütün bunlar, əminəm ki, bizi Avropa ilə güclü enerji ötürücü xətləri ilə birləşdirəcək və Avrasiyada tamamilə yeni vəziyyət yaradacaq".

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. 30 dekabr 2020-ci il tarixində Energetika Nazirliyi, "Azərenerji" ASC və "ACWA Power" şirkəti arasında icrası nəzərdə tutulan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi", 06 aprel 2021-ci il tarixində Energetika Nazirliyi və "Azərenerji" ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji satınalma müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanmışdır. 13 yanvar 2022-ci il tarixində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, 15 mart 2022-ci il tarixində isə 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. "ACWA Power" şirkətilə 240 MVt gücündə külək, "Masdar" şirkətilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisinə aid pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən, illik 1,4 mlrd. kvt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Ölkəmizdə bərpaolunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ-hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpaolunan enerjinin inkişafına xüsusi töhfə verən "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli Qanunu təsdiq edilmişdir. Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da zəngin bərpaolunan enerji potensialına malikdir. İşğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin yerlərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Belə ki, araşdırmalara əsasən işğaldan azad olunmuş ərazilərdə BOEM-in potensialı 10 QVt həcmində müəyyən edilib. Məlum olduğu kimi, ölkə başçısı tərəfindən həmin ərazilər "yaşıl enerji" zonası elan olunub və bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. "Mənim Qarabağ və "yaşıl zona" barədə dediklərim bəyanat deyil, plandır və bu plan artıq icra mərhələsindədir. İşğaldan azad edilmiş ərazilərdə Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Ərazilər işğaldan azad olunandan 3-4 ay sonra mən artıq orada idim. Düyməni basdım və biz başladıq. Biz Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmağı planlaşdırırıq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. Ölkə başçısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında 3 may 2021-ci il tarixli Sərəncam imzalayıb.

Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpaolunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini, yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerji sistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını və s. əhatə edir. Burada əsas hədəf işğaldan azad olunan regionun sıfırdan qurulmasında istifadə olunacaq enerji mənbələri həm ekoloji baxımdan təmiz enerji, həm də innovativ texnologiyalar konsepti əsasında o bölgənin "ağıllı" və müasir regiona çevrilməsidir. Ən önəmli məqam isə regionun yenidən inşası ilə infrastrukturun təməldən layihələndirilməsidir. 2050-ci ilədək Azərbaycanın azad edilmiş ərazilərinin tamamilə "yaşıl zona"ya çevriləcəyi nəzərdə tutulur.

Mustafa KAMAL,

"Respublika".