Ölkəmizi inamla irəli aparan qətiyyətli rəhbər
Siyasət

Ölkəmizi inamla irəli aparan qətiyyətli rəhbər

Azərbaycan ötən əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin ən şərəfli dövrünü yaşayır. Bu yolun çox mürəkkəb və keşməkeşli başlanğıcı oldu. Ölkəmiz siyasi, iqtisadi, sosial böhran keçirdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, torpaqlarımız işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Məhz bu ağır dönəmdə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edildi, köklü islahatlar aparıldı, dövlət idarəçiliyinin möhkəm təməli yaradıldı.

Xalqın alternativsiz lideri kimi 1993-cü ilin iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər müstəqil dövlət quruculuğuna başlayanda sovet hakimiyyəti illərində onun təşəbbüsü ilə respublikada yaradılmış iqtisadi potensialın böyük bir qismi dağıdılmış, əhalinin yaşayış səviyyəsi pisləşmiş, Ermənistanın deportasiya siyasəti və hərbi təcavüzü nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və köçkün olmuş, vəziyyət humanitar fəlakət həddinə çatmış, daxili çəkişmələr, separatizm meyilləri vətəndaş qarşıdurmasına qədər gəlib çıxmış, milli sərvət olan azadlıq və müstəqillik gözdən düşmüşdü. Geniş dünyagörüşü, xalq ruhuna bələdliyi və siyasi müdrikliyi Heydər Əliyevə qısa müddətdə ölkədəki vəziyyəti nəzarətə götürərək, əlindəki məhdud resurslarla dövlət müstəqilliyini qorumaq, dövlətçilik ənənələrini dirçəltmək, işlək idarəçilik mexanizmi yaratmaq, düzgün xarici siyasət yeritmək imkanı verdi.

Heydər Əliyevin əbədi mövcudluğunu arzuladığı, fədakarcasına qurduğu və qoruduğu Azərbaycan dövlətçiliyi idi. Ulu öndər ölkəmizdə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunu davam etdirməsi üçün məhz cənab İlham Əliyevə etimad göstərdi.  2003-cü il oktyabrın 1-də  Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əminliklə ümummilli liderin bu müraciətinə dəstək vermişdir. Ona görə ki, xalq özünün böyük lideri Heydər Əliyevə sarsılmaz inam bəsləyir, Ulu öndərin göstərdiyi yolun ən düzgün yol olduğunu birmənalı qəbul edirdi.

2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafda yeni mərhələyə keçidi ilə əlamətdar oldu. Həmin ilin noyabrında imzalanmış "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Prezident fərmanı ilə yeni iqtisadi strategiyanın əsas istiqamətləri müəyyənləşdirildi. Növbəti ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən Dövlət proqramları respublikamızın şəhər və rayonlarının simasını əsaslı şəkildə dəyişdi. Beynəlxalq miqyaslı mühüm tədbirlərin keçirildiyi məkanlardan biri olan paytaxtımızın siması isə ilbəil müasirləşir, Şərq və Qərb memarlıq ənənələrinin birgə təcəssümü ilə seçilən Bakı dünyanın ən gözəl və mütərəqqi şəhərlərinin sırasında öz yerini möhkəmləndirir. Burada son vaxtlar inşa edilən bir sıra tikililər - Heydər Əliyev Mərkəzi, "Alov qüllələri", "Baku Kristal Hall" paytaxtın yeni rəmzləri sayılırlar.

Bir vaxtlar dünyadakı bəzi dairələrin gerçəkləşəcəyinə skeptik yanaşdığı, hətta müəyyən vasitələrlə mane olmağa cəhd göstərdiyi Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin özünəməxsus qətiyyətinin və təşəbbüsçüsü olduğu irimiqyaslı layihələrin gələcəyinə dərin inamının təcəssümüdür. Tarixi İpək yolunun bir hissəsi, dünyanın 100 böyük layihəsindən biri  olan və iki qitəni ən qısa yolla birləşdirən bu beynəlxalq nəqliyyat infrastrukturundan indi Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Çin, Qazaxıstan, Orta Asiya və Avropa ölkələri də böyük fayda götürürlər.

İqtisadi müstəqilliyin nailiyyətləri bütün sahələrə sirayət edir. Davamlı sosial islahatlar həyata  keçirilir, mədəniyyətin, incəsənətin tərəqqisi təmin olunur, elmin, təhsilin, yeni texnologiyaların, İKT-nin və kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. İndi artıq ölkəmiz kosmik dövlətlər sırasında yer alır.

Mədəniyyət siyasətinin uğurla davamını, milli-mənəvi sərvətlərimizin daha da zənginləşməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ölkəmizin iqtisadi imkanlarının bu sahənin inkişafına dəstəyini daim artırır. Bu siyasət nəticəsində Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə təbliğ olunur. Çoxəsrlik tarixi-mədəni incilərimiz dünya mədəni irsində öz layiqli yerini tutur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çoxşaxəli uğurlu fəaliyyəti ilə xalqımızın böyük rəğbət və sevgisini qazanmış Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması onun ölkəmizin inkişafına dəyərli töhfələr vermək imkanlarını artırıb. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə müəssisələrinin tikintisi və yenidən qurulması, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanılması sahəsində irimiqyaslı layihələr həyata keçirilir.

Həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olan ulu öndər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakar mübarizəsinin nəticəsini görə bilmədi. Axıra çatdıra bilmədiyi bu taleyüklü məsələni isə onun siyasi varisi dövlətimizin başçısı İlham Əliyev həll edib, ulu öndərə və əziz xalqına mənəvi borcunu yerinə yetirdi, son iki yüzillik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran Zəfərin müəllifi, qalib sərkərdə kimi əbədi şöhrət qazandı.

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi tarixi ədalətin bərpası - Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalçı qüvvələri hərbçilərimizə və mülki əhaliyə qarşı növbəti təxribata əl atanda Ali Baş Komandan düşmənə əks-hücumla cavab vermək və ərazilərimizi işğaldan azad etmək barədə qəhrəman Azərbaycan Ordusuna qəti əmr verərək, döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürdü. Xalqımız və bütün dünya azərbaycanlıları  Ali Baş Komandandan qələbə xəbərləri gözləyirdilər və  44 günlük müharibə ərzində bu xəbərləri sevinclə, qürurla qarşıladılar. Tarixi ədalətin bərpası - Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi -  rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək torpaqlarımızı işğaldan qurtardı. Azərbaycan xalqının apardığı 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Lider-xalq, xalq-ordu birliyi Zəfərə gedən yolun möhkəm zəmini oldu. Bu birlik Prezident İlham Əliyevə ümumxalq etimadın, onun qəbul etdiyi qərarlara inamın növbəti təzahürü idi.

Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" həqiqətini reallığa çevirdi, nəinki işğalçıların "bufer zona" kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. İşğal olunmuş torpaqlarda dalğalanan Qələbə bayrağımız da bu möhtəşəm tədbirə gətirildi, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb. İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, nəhəng bərpa-quruculuq işlərini aparır. Regionda kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.

İlqar ƏHMƏDOV,

"Avita" şirkətinin rəhbəri.