Ölkəmizə qarşı qeyri-obyektiv münasibətin açıq-aşkar göstəricisi
Siyasət

Ölkəmizə qarşı qeyri-obyektiv münasibətin açıq-aşkar göstəricisi

Avropa Parlamentinin növbəti anti-Azərbaycan yanaşması qurumun nüfuzunun daha da zəifləməsi ilə nəticələnəcək

Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi sərsəm iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış "Madrid prinsipləri"nə istinadlar edilib.

Qeyd edək ki, Madrid prinsipi ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, ATƏT-in Helsinki Yekun Aktının tənzimləyici hüquqi müddəalarına əsaslanan, 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasında sülh danışıqları nəticəsində ortaya çıxan yeganə sənəddir. Prinsiplərə "mərhələli paket" sülh təklifi daxildir.

Heç Ermənistanın özü artıq bu ölü "Madrid prinsipləri"nə istinadlar etmir. Bəs, Avropa Parlamentinin bu sənədə yer verməkdə məqsədi nədir? Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin belə mövqeyi sülhə zərbə vurur, erməni revanşistləri ruhlandırır. Belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir. Avropa Parlamentinin qətnaməsində tamamilə qərəzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub. Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi, Milli Məclis Bəyanat yayıblar. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər bəzi qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altına alınır.

Onlar görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və erməniləri dəstəkləyən qüvvələr bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı həyata keçirilir. Bununla əlaqədar olaraq, Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaşların və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından isə söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Qırmızı Xaç Komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür və Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında hərəkət etdiklərini göstərir.

Vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə də qarşı çıxmışdı. Buna baxmayaraq, zaman bu layihənin qoca qitənin enerji təhlükəsizliyində müstəsna əhəmiyyət daşıdığını təsdiq etdi. Hazırda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malikdir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Bakıya səfərində ölkəmizin rolunu xüsusi qiymətləndirmişdi. Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan, ötən il Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun, eyni zamanda Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam etməkdədir. Davosda da Prezident İlham Əliyevə xüsusi diqqət və Azərbaycan dövlətinə hörmətin təzahürlərini gördük. Görünən budur ki, Avropa Birliyi Azərbaycanla yaxınlaşmaqda maraqlıdır, ancaq Avropa Parlamenti yox. Azərbaycanın Avropa Parlamenti ilə mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələri, yəni münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Avropa Parlamentinin deputatları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə əngəl törətmək istəyirlər. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki, Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var.

Avropa Parlamentinin apardığı bu müzakirələrin heç bir əhəmiyyəti yoxdur. Çünki qəbul edilən qətnamənin siyasi və hüquqi olaraq çəkisi mövcud deyil. Bu təşkilat birinci dəfə deyil ki, Azərbaycan əleyhinə qərarlar verir. Onlar buna sanki öyrəşiblər. Avropa Parlamentinin bu növbəti qərəzli addımları qurumun olmayan nüfuzunun daha da zəifləməsi ilə nəticələnəcək. Azərbaycan Prezidentinin Davos forumunda uğurlu iştirakı, səmərəli görüşləri, bunun, hətta Ermənistan mediasında belə etiraf edildiyi bir vaxtda Avropa Parlamentində ölkəmizi əsassız yerə hədəf alan bəndlərin yer aldığı qətnamənin qəbul edilməsi Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələri korlamağa hesablanıb. Bu isə əbəsdir. Qurumun bu qətnaməsi də əvvəlkilər kimi boş bir kağız parçasıdır. Azərbaycan qüdrətli ölkədir. Belə qərəzli qətnamələr, qarayaxmalar, ikili yanaşmalar dövlətimizin iradəsinə təsir edə, ölkəmizin qanuni və ədalətli hədəflərinə çatmasına mane ola bilməz.

Mustafa KAMAL,

"Respublika".