Ölkəmiz enerji layihələrində etibarlı tərəfdaşdır
Siyasət

Ölkəmiz enerji layihələrində etibarlı tərəfdaşdır

Azərbaycan dünyanın zəngin təbii sərvətlərə malik olan ölkələrindən biridir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən tarazlaşdırılmış xarici siyasət kursu ölkənin enerji və strateji potensialından səmərəli istifadə etməyə imkan yaradır. Bu gün neft və qaz sektorunda Azərbaycan dünyanın enerji xəritəsində mühüm tərəfdaşlardan birinə çevrilib.

Dövlətimiz müxtəlif və güclü ixrac, tranzit potensialının yaradılmasında əldə olunan uğurlar sayəsində istehlakçı ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Ölkəmizin iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsi Cənubi Qafqaz ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 40 milyard dollardan çox investisiya qoyuluşu planlaşdırılan və 4 seqmenti özündə birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Sonrakı mərhələdə bu layihəyə üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun qoşulacağı gözlənilir. Bu baxımdan da Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. Layihə həm mənbələrin, həm marşrutların şaxələndirilməsi deməkdir. Məhz enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların açılması ilə Avropa yeni mənbədən - təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycandan təbii qaz tədarük edəcək. Bu kimi layihələrlə Azərbaycan beynəlxalq arenadakı liderlik mövqelərini bir daha təsdiqləyir və gücləndirir. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi təzə enerji damarıdır. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib. Yəni layihədə iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır: "Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar".

Azərbaycan enerji siyasətini həyata keçirərkən neft və qaz amilindən heç vaxt siyasi məqsədləri üçün istifadə etməyib və tərəfdaşları ilə qarşılıqlı səmimiyyət prinsiplərinə söykənib. Bunu daha açıq şəkildə ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə olan münasibətlərinin fonunda müşahidə etmək olar. Azərbaycan enerji siyasətini həyata keçirərkən və bütün tərəfdaşları ilə sıx əməkdaşlıq qurarkən milli maraqların qorunmasını ali məqsədlərdən biri hesab edir. Respublikamızın enerji diplomatiyası dostluğa və əməkdaşlığa xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji siyasəti millətləri bir-birindən ayırmalı deyil, onları birləşdirməlidir. Azərbaycan hər bir tərəfdaşı ilə sülh və sabitliyə, qarşılıqlı hörmətə, dərin əməkdaşlığa xidmət edən siyasətə sadiq qalaraq sıx münasibətlər qurmağa çalışır. Yəni əməkdaşlıq zamanı hər iki tərəfin milli maraqları qorunmalıdır. Azərbaycan qonşu ölkələr, xüsusən Avropa bazarı üçün artıq etibarlı tərəfdaş statusunu qazanıb. Buna görə də bir çox ölkələr Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar.

Nuranə DAXİLQIZI,

"Respublika".