Növbədənkənar prezident seçkisi uğurla keçirilir
Region

Növbədənkənar prezident seçkisi uğurla keçirilir

İMİŞLİ

Ölkə həyatı üçün çox mühüm hadisə olan növbədənkənar prezident seçkisinə ümumxalq səsverməsi İmişli rayonunda da uğurla davam edir. Şəhər, qəsəbə və kəndlərdə səhər saat 8-dən sonra seçki məntəqələrinə insan axını başlamışdır.  Bu isə onu sübut edir ki, xalqımızın siyasi kursa dərin inam və etimadı var.

82 saylı İmişli-Saatlı DSK-da, rayonun ən ucqar kəndləri 31, 32 saylı Qızılkənd, 36 saylı Hacırüstəmli seçki məntəqələrində olduq. Hər yerdə seçicilərin fəallığı müşahidə edilirdi. 31 saylı  məntəqə komissiyasının sədri Əfqan Əliyev  Qızılkənd seçicilərinin seçkidə həmişəki kimi, yüksək əhvali-ruhiyyədə iştirak etdiyini bildirdi. Qızılkənd sakini  yaşlı nəslin nümayəndəsi Əlyusif  Abbasov bizimlə görüşdə bildirdi ki, mən və həyat yoldaşım 31 saylı məntəqədə səs verdik. Bu, bizim öz hüquqlarımızdan istifadə edib vətəndaşlıq borcumuzu yerinə yetirməyimizdir. Bu  gün çox sevindirici bir gündür. Mən inanıram ki, xalqımız səsvermədə öz müdrikliyini bir daha nümayiş etdirəcək. Həmişə olduğu kimi, bu dəfə də ölkəmizdə, rayonumuzda və kəndimizdə seçki tam şəffaf keçiriləcək, qədirbilən xalqımız ən layiqli namizədə səs verəcək.   

36 saylı Hacırüstəmli  məntəqə komissiyasının sədri Dərgah Mehtiyev qeyd etdi ki, səhər saat  8-dən seçicilər çox böyük maraqla  məntəqəmizə gəlib öz seçimlərini edirlər. Bu da onu göstərir ki, milli inkişafımızın hazırkı mərhələsində respublikamızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət məhz insana, şəxsiyyətə yüksək qayğı və hörmət üzərində qurulmuşdur. Səsvermənin gedişində pozuntu halları müşahidə olunmur. 

Müşahidəçilər də neqativ halların olmadığını bildirdilər.

Ərəstun  ABDULOV,

“Respublika”.