Növbədənkənar prezident seçkiləri yeni mərhələnin başlanğıcıdır
Siyasət

Növbədənkənar prezident seçkiləri yeni mərhələnin başlanğıcıdır

Prezident İlham Əliyev 2023-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Ötən il dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Bu qərar özündə bir sıra mühüm məqamları ehtiva edir. Son illər Azərbaycanın əldə etdiyi uğurları nəzərdən keçirsək, dövlətimizin region ilə yanaşı, beynəlxalq aləmdə də nüfuzunun xeyli artdığını görmək mümkündür.

Ölkəmizin 2020-ci ildə 30 illik işğala son qoyaraq tarixi ədaləti bərpa etməsi, torpaqlarımızın işğaldan azad olunması bunun əyani təsdiqidir. Ötən ilin sentyabrında isə Azərbaycan Xankəndidəki xunta rejimini darmadağın edərək bütün əraziləri üzərində tam suverenliyini təmin etdi. Bu gün dövlətimizin öz suverenliyini tam bərpa etməsindən sonra ölkəmizdə yeni dövrün əsası qoyulur. Bu baxımdan, növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycan tarixində çox mühüm hadisə kimi qiymətləndirilir.

Bu seçkiləri xüsusi edən daha bir məqam isə Azərbaycan xalqının işğaldan azad olunmuş bütün ərazilərində səs verməklə öz azad siyasi iradəsini ortaya qoyacağı reallığıdır. İşğal nəticəsində illərdir seçki keçirilməyən bölgələrimizdə də artıq azad və demokratik seçkilər baş tutacaq. Əslində, bu dünyaya verilən bir mesajdır. Çünki müharibələrin, qarşıdurmaların, separatçılıq meyillərinin artdığı bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində torpaqlarını işğaldan azad etdi. Seçkilərin bu torpaqlarda da keçirilməsi ölkəmizin artıq suveren bir ölkə kimi tam ərazisinə nəzarət etməsini bir daha dünyaya göstərəcək.

Növbədənkənar seçkilərin keçirilməsi bir daha Prezidentin xalqına inamı, xalqın isə dövlətimizin başçısına etimadının təcəssümüdür. Xalqımız bununla 20 ildir bizi qələbədən-qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər Liderinə özünün minnətdarlığını çatdırmaq imkanı qazanacaq. Çünki xalq yaxşı anlayır ki, bu siyasətin alternativi yoxdur və fevralın 7-də bunu bir daha dünyaya nümayiş etdirəcək.

Bu seçkilərin keçirilməsi beynəlxalq hüquqa əsaslanır və region ölkələrinin bir çoxunda baş tutur. 2022-ci ilin martında Türkmənistanda, noyabrında Qazaxıstanda, ötən ilin iyul ayında isə Özbəkistanda növbədənkənar prezident seçkilərinin keçirilməsi bunu bir daha təsdiqləyir. Bir məqamı da qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bu isə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların da seçkilərdə iştirak etmək hüququna malik olduğundan xəbər verir. Bütün bunlar bir daha Azərbaycanda açıq, şəffaf və ədalətli rəqabət mühitinin formalaşdığının təzahürüdür.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan xalqı fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək, sabitliyə, əmin-amanlığa, inkişafa səs verəcək. Builki seçkilərin Azərbaycanın yüzillik tarixinə düşəcək bir seçki olacağı da istisna deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".