Növbədənkənar Prezident seçkiləri: Müstəqillik tariximizdə ilk
Siyasət

Növbədənkənar Prezident seçkiləri: Müstəqillik tariximizdə ilk

7 fevral Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür

2024 -cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycanın tarixinə düşəcək bir hadisə olacaq. Bunun da əsas səbəbi 30 ildən sonra ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməyimizdir. Məhz buna görə də ilk dəfə olaraq ölkənin bütün ərazisində seçki prosesi baş tutacaq.

2020-ci ilin sonlarından etibarən Cənubi Qafqazın geosiyasi mənzərəsinin dəyişməsi regionda yeni reallıqlar yaratdı. Həmin ilin 27 sentyabrında başlayan Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bundan sonra başlayan danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi Qarabağda antiterror tədbirlərinin keçirilməsinə zəmin yaratdı. Nəticədə 23 saat davam edən antiterror tədbirləri suverenliyimizin tam bərpa olunması ilə nəticələndi.

Bu günə qədər Azərbaycanda keçirilən seçkilər bütün ölkəni əhatə etməyib. Məlum olduğu kimi,  1988-ci ilin sonlarından başlayaraq erməni radikallarının Qarabağda qaldırdığı münaqişə 1991-ci ildən aktiv fazaya keçid etmişdi. Və nəticədə 20 faiz torpağımız işğal altına düşmüşdü. Lakin işğal prosesi başa çatdı və 30 ilə yaxın məğlub adı ilə yaşayan xalqımız müzəffər adını qazandıqdan sonra ilk dəfə özünə dövlət başçısı seçəcək. Ona görə də 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri bütün azərbaycanlıların tarixində də bir ilk olacaq.

Təbii haldır ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə seçkilərə ən çox təsir göstərən amil hesab edilir. Bu həmçinin  dövlət başçısı İlham Əliyevin yenidən Prezident seçilməsi üçün  əsas şərtdir. Xatırladaq ki, 2019-cu ildə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın: "Qarabağ Ermənistandır və nöqtə" bəyanatına: "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" cavabını vermişdi. Nəhayət, bir il sonra Qalib Ali Baş Komandan bütün dünyaya və Ermənistana Qarabağın Azərbaycan torpağı olduğunu sübut etmişdir. 44 gündə status-kvonu alt-üst etməyə müvəffəq olan dövlət başçısı Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Hadrutda üçrəngli bayrağımızı qaldırdı. Çoxları üçün inanılması mümkünsüz olan Xankəndidə, Əsgəranda, Xocavənd və Xocalıda da eyni hal təkrar olundu. Prezident İlham Əliyev Xankəndidə keçirilən möhtəşəm paradla bir daha göstərdi ki, o, heç bir zaman Azərbaycanın ərazi bütövlüyündə bir qarış torpağı belə güzəştə getməyib. Bununla da bəzi müxalif dairələrin "Qarabağın dağlıq hissəsi ermənilərə qalıb" fikrinin nə qədər boş və mənasız olduğu ortaya qoyuldu. Ona görə də qarşıdan gələn seçkilərdə namizədlərin Qarabağ kartı tam olaraq iflasa uğrayıb.  Həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması da seçkilərə böyük təsir göstərəcək.

Növbədənkənar Prezident seçkiləri tək Azərbaycanda deyil, bütün dünyada tətbiq olan bir anlayışdır. Və bunun  beynəlxalq aləmdə  çox sayda nümunələri var. Cənubi Qafqazda yaşanan proseslər, geosiyasi dəyişikliklər Prezident seçkilərinin vaxtının irəli çəkilməsini vacib edir. Bu da heç bir beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılana bilməz. Beynəlxalq hüquqla ayaqlaşan bu qərar aparıcı təşkilatlar tərəfindən hər hansı bir mənfi rəy almayıb. Çünki növbədənkənar seçkilərin keçirilməsi digər namizədlərə qarşı hər hansı bir problem yaratmır. Bu məsələdə məsul qurum olan Mərkəzi Seçki Komissiyası bütün namizədlərə təşviqat və təbliğat işlərinin aparılmasında əlverişli şərait yaradacaq. Ədalətli rəqabət mühitinin yaranmasında əsas məsələlərdən biri də odur ki, bu qərar siyasi partiyaların üzvlərinin reyestrləri dövlət qeydiyyatına alındıqdan sonra verilib. Yəni qanunla müəyyən olunmuş hər bir siyasi partiyaya öz namizədini irəli sürməyə imkan yaradılıb.

M.BAĞIRLI,

"Respublika".