Nizami Gəncəvinin “Xəmsə
Mədəniyyət

Nizami Gəncəvinin “Xəmsə"si türk dilinə tərcümə olunacaq

Ankara

Yüzilliklərdən bəri sevilə-sevilə oxunan, bu gün də ürəkləri fəth edən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin ən dəyərli nüsxələri dünyanın müxtəlif kitabxanalarında mühafizə olunur. Böyük şairin yaradıcılıq nümunələri dünyanın parlaq zəka sahibləri tərəfindən indi də öyrənilməkdədir. Şairin əsərləri dünyanın müxtəlif ölkələrində fərqli dillərə tərcümə olunaraq nəşr olunub. Onun ədəbi irsi həm də qədim tarixə malik Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olub, xalqımızın fəxri, milli iftixarı, bütün türk dünyasının qürur mənbəyidir.

Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin "Xəmsə"sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşr edilməsinə layihəsinə start verib.

Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin orijinaldan türk dilinə tərcüməsi məqsədilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Erzurum Atatürk Universiteti fars dili və ədəbiyyatı bölümünün müdiri, professor, doktor, tərcüməçi Nimet Yıldırım arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tarixdə ilk dəfə "Xəmsə"yə daxil olan "Sirlər xəzinəsi", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Yeddi gözəl" əsərləri türk dilinə tərcümə edilərək nəşr olunacaqdır.

Tərcüməçi N.Yıldırım "İskəndərnamə" əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirmiş və əsər 2022-ci ildə türkcə nəşr olunmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi əsərlərinə Türkiyədə türk dilində böyük tələbatın olduğunu nəzərə alaraq "İskəndərnamə" əsərinin də "Xəmsə"yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.

İmzalanma mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin daim Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə mühüm önəm verdiyini qeyd edərək, 2021-ci ildə dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edildiyini vurğulayıb, Prezident İlham Əliyevin Nizami Gəncəvi şəxsiyyəti haqqında fikirlərini diqqətə çatdırıb: "Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin geniş şöhrət tapmış "Xəmsə"si isə dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır".

Tərcüməçi-alim Nimet Yıldırım dahi Azərbaycan şairi, bəşər ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin "Xəmsə"nin orijinaldan türk dilinə tərcüməsi layihəsini reallaşdırdığı üçün Azərbaycan dövlətinə, dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib. O, türk dünyasının qüruru olan Nizami Gəncəvinin çox az sayda əsərlərinin türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin Türkiyədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib. N.Yıldırım Nizami Gəncəvi əsərlərinin tərcüməsinin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını da bildirib.

Professor N.Yıldırımın tərcüməçilik sahəsində böyük təcrübəsi var və o, nüfuzlu alim kimi tanınır. O, tanınmış şair Firdovsinin əsərlərini və Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan "İskəndərnamə"ni də fars dilindən türk dilinə çevirmişdir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyilə Nizami Gəncəvinin "Xəmsə"sinin dünyanın müxtəlif dillərinə tərcüməsi həyata keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu ölkənin Xalq şairi Camal Kamal "Xəmsə"ni 2015-2020-ci illərdə orijinaldan özbək dilinə tərcümə etmiş və nəşr olunmuşdur. Bundan başqa, nazirliyin layihəsi ilə 2021-2023-cü illərdə misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi Nizami Gəncəvinin "Xəmsə"sinin ərəb dilinə tərcüməsini həyata keçirmişdir.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.