Naxçıvanda bu il 2355 “ASAN İmza” sertifikatı verilib
Region

Naxçıvanda bu il 2355 “ASAN İmza” sertifikatı verilib

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında, ümumilikdə, 7986 şəxs qəbul edilib. 

Xidmətdən “Respublika”ya bildirilib ki, strukturlar tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 10130 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur. 

Cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə 162 min 514 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 166 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1300 müraciət üzrə 2355 “ASAN İmza” sertifikatı verilib. 

Cari ilin I rübündə Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 7451 şəxs qəbul edilib və onlara 9510 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.