Natəvanın 190 illiyinə həsr olunmuş tədbir
Region

Natəvanın 190 illiyinə həsr olunmuş tədbir

Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşada "Xan qızı" adı ilə məşhur olan Xurşidbanu Natəvan yüksək bədii istedada, zəngin yaradıcılığa, qabaqcıl ideyalara malik görkəmli şairlərimizdəndir. Aşiqanə-hüznlü şeirləri, qəzəlləri, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə ədəbiyyat tariximizdə xüsusi yer tutur.

Azərbaycan Prezidenti İlham Əliyev XIX əsr romantik şeirinin tanınmış nümayəndəsi, şair, rəssam Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Lənkəran Regional Mədəniyyət İdarəsi bölgənin mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirir.

"Xan qızı-190" adlı növbəti tədbir Lənkəran şəhərindəki C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Əvvəl şairin çoxşaxəli sənət irsini, ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Məktəbin müəllimi Gülnar Rəhimova Xurşidbanu Natəvanın keşməkeşli ömür yolu, zəngin yaradıcılığı barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan bədii fikrinin görkəmli nümayəndəsi Xan qızının himayəsi altında fəaliyyət göstərmiş "Məclisi-üns" Qarabağda ədəbi mühitin inkişafına güclü təkan vermişdir. Natəvan yalnız şair deyil, həm də dövrünün ictimai-siyasi həyatının son dərəcə əhəmiyyətli simalarından biri idi. Humanist təbiəti, nəcibliyi, xeyriyyəçiliyi ilə tanınan şairin doğma Şuşa şəhərinin ictimai və mədəni həyatında mühüm rolu olub.

Tədbirdə Xan qızının Mir Mövsüm Nəvvab, yerli şairlər, Şuşa şəhərinin sakinləri, Qafqaz Canişini, fransız yazıçısı Aleksandr Düma ilə görüşlərini əks etdirən səhnələr nümayiş olunub. Məktəbin müəllimlərindən İmamverdi Ağayev, Əsəd Məmmədov, şagirdlərdən Səid Ağayev, Xatirə Şabanova Natəvanın qəzəlləri əsasında muğamlar ifa ediblər.

Tədbir iştirakçıları Lənkəran Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin şairin 190 illik yubileyinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".