Müzəffər sərkərdə, qurucu lider
Siyasət

Müzəffər sərkərdə, qurucu lider

Qalib ölkəmiz yeni dünya düzənində tarixinin ən güclü dövrünü yaşayır

Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərinin şahidiyik. Böyük Zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat yenidən canlanır, yeni iqtisadi sahələr yaranır. Bu canlanma təkcə Azərbaycanın yox, ümumən bölgənin inkişafına təkan verəcək. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsinə, məcburi köçkünlərin tezliklə el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir.

Müstəqil xarici siyasət, güclü iqtisadiyyat, müzəffər ordu, qalib ölkə. Bu, yeni dünya düzənində tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək ulu öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. İki yüz illik münaqişəyə, otuz illik müharibəyə son qoyan İkinci Qarabağ savaşında qazandığımız Zəfərimizin üçüncü ilini başımız dik, alnımız açıq, məğrur xalq kimi qeyd etməkdəyik. Bu Zəfərin memarı isə ulu öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını həyata keçirən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevdir. Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində - Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə dalğalanır.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdu. Belə ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Azərbaycan-Ermənistan münaqişənin ilk növbədə sülh yolu ilə həll olunmasının tərəfdarı idisə müharibə yolu ilə də qələbəyə nail olmağın mümkünlüyünü nəzərə çatdırmışdır. Müharibənin uğurla başa çatmasını şərtləndirən əsas amillər dövlətin malik olduğu resurslardan, ordunun döyüş qabiliyyətindən və mənəvi ruhundan asılıdır. İstənilən hərbi fəaliyyətin başlıca uğuru məhz seçilmiş hərbi strategiya, taktika ilə bağlıdır. Bu isə sərkərdə məharəti deməkdir. Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düzgün strategiyası sayəsində 30 il sürən həsrətə son qoyuldu, tarixi qələbə əldə edildi.

Ermənistanın işğalı zamanı Azərbaycanın Qarabağ regionu viran qoyulub, bütün yollar, evlər dağıdılıb, sərvətlərimiz talan olunub. Yerli əhalinin azad olunan bölgəyə qayıtması, rifahın bərqərar olunması üçün genişmiqyaslı bərpa işləri aparılır. Xüsusilə qeyd etmək lazımdır ki, təxminən 30 il əvvəl erməni quldurları tərəfindən evlərindən qovulmuş, heç bir əşyasını belə götürə bilməyən Azərbaycan vətəndaşları dövlətin dəstəyi ilə tikiləcək müasir kənd və qəsəbələrə köçəcəklər. Qarabağın bərpasına dövlətin investisiya qoyması və xüsusi diqqət ayırması, işin təşkilinə və icrasına mühüm töhfə verir.

 "Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Erməni işğalından əziyyət çəkən insanların ağır şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlət başçısı vurğulayıb ki, onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın, Füzuli şəhərlərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar.

20 il əvvəl, 2003-cü il oktyabrın 15-də xalqın etimadını qazanaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağı vədini verən İlham Əliyev qısa zaman kəsiyində bunu nəinki Azərbaycana, bütün dünyaya sübut etdi. Bunu dünyanın aparıcı dövlətləri, siyasətçiləri, nüfuzlu media orqanları da təsdiqləyir. Bu gün Azərbaycan keçmiş sovet məkanında ən qüdrətli dövlətlər sırasında yer alıb və tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan xalqı 20 il öncə İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə Heydər Əliyev siyasətinə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı. Müstəqil Azərbaycan dövlətini inamla inkişafa və tərəqqiyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.

Mustafa KAMAL,

"Respublika".