Müstəqillik və azadlıq mücadiləsi
Siyasət

Müstəqillik və azadlıq mücadiləsi

1990-cı il 20 Yanvar hadisəsi yaddaşımda uşaqlığımın ən faciəli günü kimi qalıb. Həmin dövrdə kiçik qardaşım Bakıda Tibb Universitetində təhsil alırdı. Bir müddət idi evimizdə şəhərdəki mitinqlərlə, meydanlarda baş verən etiraz nümayişləri ilə bağlı narahatlıq vardı.

Valideynlərim hər gün nigarançılıqla qardaşımın da bu mitinqlərdə iştirak etdiyinə görə həyəcan keçirirdilər. Hər an gözlənilməz hadisənin ola biləcəyini deyirdilər. Həmin axşam, yəni yanvarın 19-dan 20-nə keçən gecə  evimizdə televizorumuzun ekranının qəfildən qaralması böyük təşviş yaratdı. Yaxşı xatırlayıram, anam bir yerdə qərar tutmur, nəsə baş verdiyini, şəhərdə nəsə olduğunu  öz-özünə təkrarlayırdı. Atamın isə texniki problemdir, haradasa nasazlıq baş verib deməsi sonralar anladım ki, gərginliyi götürmək üçün imiş. Anamın atama "səhər açılan kimi rayona get, zəng vur uşaqdan (yəni qardaşımdan) bir xəbər öyrən" deməsi indi də qulaqlarımda səslənir.

Kəndimiz sakit qış gecəsi Bakıda yaşanan faciədən xəbərsiz idi. Şaxtalı, dumanlı gecə soyuq havanı sinəsinə çəkib mürgüləmişdi sanki. Bir az aralıda Bakı küçələrində köksünə çəkilən dağlardan sabah xəbər tutacaqdı. Səhər tezdən alatoran havada, hələ hava tam işıqlanmamış atamın hövləng rayon mərkəzinə getməsi isə gecəykən bizdən gizlin "Azadlıq" radiosundan öyrəndiyi xəbərə görə imiş. Biz isə hər şeydən xəbərsiz məktəbə yola düşdük. Məktəbimizin həyətinə çatanda hamının bir yerə toplaşdığını gördük. Direktor Əli müəllim bizi bir yerə yığıb, axşam şəhərdə baş verən qanlı faciə haqqında eşitdiklərini və bildiklərini söylədi. Onlarla insanın həlak olduğu, yüzlərlə şəhər sakininin yaralandığı barədə həyəcanla danışdı. Müəllimlərimizin üzündəki hüzn, kədər bizə də yansımışdı. Şıltaq, hər gün gülüş sədaları sinif otaqlarını bürüyən uşaqlar sanki donub qalmışdı bir nöqtədə. Müəllimimiz demişdi ki, həlak olanlar arasında uşaqlar, məktəblilər də var, yəni pionerlər, komsomolçular. Axı necə ola bilərdi ki, biz uşaq təxəyyülümüzlə, bütün varlığımızla pioner nişanını, komsomol biletini sevib əzizləyərkən, sovet ordusu bizə - komsomola, pionerə güllə atmışdı? Bütün bunları düşündükcə dəhşət bizi bürüyürdü. Özümüz də hiss etmədən daxildən güclü bir nifrət hissi baş qaldırırdı hamımızda. Müəllimlər verdiyimiz ardıcıl suallar qarşısında soyuqqanlı olmağımızı tövsiyə edirdi. Ancaq elə həmin anda da qiymətli müəllimlərimizin "onlar bizim azadlıq, müstəqillik istəyimizi qıra, boğa bilməz" deməsi hamımızı sanki səfərbər etmişdi. O dövrdə mən məktəbin komsomol təşkilat katibi idim. Uşaqlarla məktəbin həyətində və qarşısından keçən mərkəzi yoldan qara lentlər asmaq qərarına gəldik. Lakin qara lenti haradan tapaq, rayon mərkəzinə gedib almaq isə vaxt tələb edirdi. Təşvişimizi görən qonşumuz, məktəbdə xadimə işləyən Həmayıl xalanın "başına dönüm, məndə qara kəlağayı var, gedək verim, gətirin asın" deməsi məsələni həll etdi. Nişanını və biletini sevgi ilə daşıdığımız komsomola qarşı nifrətimiz o qədər güclənmişdi ki, uşaq ağlı ilə məhz komsomol adından qisas almaq üçün yollar axtarırdıq. Birdən geniş sinif otağında çırtaçırtla yanan kömür sobasına gözüm sataşdı. Özümdən asılı olmayaraq yaxama taxdığım komsomol nişanını açıb, atəşdən qıpqırmızı qızarmış sobanın içinə atdım. Mənə belə komsomol lazım deyil dedim, uşaqlar hamısı mənə qoşuldu. Beləcə, böyük bir imperiyanın qaniçənliyi, vəhşiliyi bir millətin məhvinə yox, azadlıq və müstəqillik eşqinə səbəb oldu.

20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ilk addımları idi. Bu mənada, 1990-cı ilin 20 yanvar tarixində baş verən hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı. O gün Bakıda küçə və meydanlara çıxan böyük xalq kütləsi ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək öz qəti etirazını bildirirdi. Xalqın ayağa qalxmasından hiddətlənən  sovet ordusunun döyüş hissələri  Azərbaycanda misli görünməmiş faciə törətdilər. Baş verən faciə nə qədər ağır olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, əliyalın xalq gözünü qırpmadan sovet tankının, əli avtomatlı döyüşçünün üzərinə yeridi. Sovet ordusunun azğınlaşmış əsgərləri 19-dan 20-nə keçən gecə dörd tərəfdən Bakıya hücum edərək dinc əhalini gülləbarana tutdu. Qoca, cavan, uşaq, qadın demədən atəş açdılar, tanklarla insanların üzərinə yeridilər. Həmin şənbə gecəsi Bakı küçələri al-qana boyandı, hər tərəfdə insan cəsədləri, yaralılar var idi. Əli avtomatlı quldurlar qarşılarına çıxan hər kəsi, hətta evləri, avtomobilləri belə güllə yağışına tuturdu. Baş verənləri anlaya bilməyən insanlar çaşqınlıq içində nə edəcəklərini bilmirdilər. Sanki insanlar cəhənnəmi öz gözləri ilə görürdülər. Ancaq səhər Vladimir Dubinyak adlı bir generalın Bakı şəhərinin komendantı kimi verdiyi əmrdən məlum oldu ki, sən demə, SSRİ Ali Sovetinin Rəyasət Heyəti özünün 19 yanvar 1990-cı il tarixli fərmanı ilə yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyət elan edibmiş. Lakin nə fövqəladə vəziyyət, nə sovet tankı, nə də əli avtomatlı əsgərlər Azərbaycan xalqını qorxutmadı. Əksinə, 20 Yanvar faciəsi milləti daha da möhkəmlədib, birləşdirdi. Al-qana boyanmış Bakı küçələrini qərənfillər bəzədi. Toy karvanları keçən yollardan üzü Dağüstü parka tərəf şəhid cənazələri düzüldü. Ağsaçlı analar ağı dedi - ağla qərənfil, ağla. Müqəddəs şəhid tabutlarında o gün sevgi, məhəbbət rəmzi olan qərənfillər də müqəddəsləşdi. Bu faciədə yeni həyat nağılları, hekayələri, dastanları yazıldı. 20 Yanvar faciəsi həm də XX əsrin yeni sevgi dastanını, "İlham-Fərizə" dastanını yaratdı.

Azərbaycan xalqının bu çətin günündə baş verən qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən isə ümummilli lider Heydər Əliyev olmuşdu. Hadisə baş verən günün səhəri Heydər Əliyev faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmişdi. Ona qarşı edilən bütün təhdid və qadağalardan çəkinməyərək həyatını təhlükə qarşısında qoyan ulu öndər bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirərək bəyanatla çıxış etmişdir. Bəli, 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini məhz Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində almışdır. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi.

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: "...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər". Məhz ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü il mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Ramidə YAQUBQIZI,

"Respublika".