Murova bayrağımızı sancan oğullar
Sosial həyat

Murova bayrağımızı sancan oğullar

Vətən oğulları öz canları, qanları ilə Azərbaycanın şanlı bayrağını işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırdılar. Bayrağımızı o torpaqlarda ucaldan qəhrəmanlarımızdan biri Natiq Verdiyevdir.

Verdiyev Natiq Əlimurad oğlu 5 fevral 1995-ci ildə Xızı rayonunun Xələnc kəndində anadan olub. 2010-cu ildə 9 illik Xələnc kənd məktəbini bitirərək Sumqayıt Texniki Kollecində "Kompüter şəbəkələrinin hesablama texnikasının təmiri servis xidməti" ixtisası üzrə təhsil alıb. 2013- ildə təhsilini başa vuraraq Tərtərdə "N" saylı hərbi hissədə xidmətə başlayıb. 2015-ci ilin yanvar ayında hərbi xidmətini bitirib. 2016- il "Aprel döyüşləri" qəlbi Vətən sevgisi ilə döyünən Natiq üçün bir başlanğıc olub. Vətənpərvər ruhlu gənc könüllü olaraq orduya qoşulmaq qərarına gəlib Bakıda 3 ay kurs keçərək, 5 illik müqavilə ilə Naftalanda xidmətə başlayıb. Sonra isə Tərtərdə Xüsusi Təyinatlı Qüvvələrdə "kəşfiyyatçı" kimi hərbi qulluğunu davam etdirib.

Natiq bu sahəni seçərkən Vətən torpaqlarının azad olunması uğrunda canından belə keçməyə hazır idi. 2020-ci il sentyabrın 27- Vətən müharibəsi başlanan gündən Natiq öndə irəliləyən döyüşçülərimizdən olur. Döyüş yoldaşları ilə ilk qələbə sevincini bayrağımızı Murov dağı yüksəkliyinə sancmaqla xalqımıza yaşadırlar. İşğaldan azad olunan torpaqlar üzərində dalğalanan ilk bayraq artıq onlara əmanət idi. Bu qəhrəman igidlərimiz çətin şərtlər altında bayrağı müdafiə edirlər. Onların bayrağın yanında çəkilmiş görüntüləri insana qürur verir. Üzərində dayandığın torpağın müqəddəsliyini, ucalığını bir daha ən dərin duyğularla hiss edirsən. Çünki o torpağın hər qarışında Natiq onun kimi qəhrəman oğulların alın təri, zəhməti, əzablı günləri, qanı, canı var.

Gizir Natiq Verdiyev oktyabrın 1- "Həmlə" taborunun üzvü kimi Kəlbəcər rayonu ərazisində Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, oktyabrın 3- Xızı rayon Xələnc kənd qəbristanlığında dəfn edilib.

Qardaşı Famil Natiqin vətənpərvər olduğunu deyir: "O, lap uşaq yaşlarından vətənini, torpağını sevən, döyüş ruhlu idi. Hərbi xidmətdən 2015-ci ildə qayıtmasına baxmayaraq, 2016-ci il Aprel hadisələrindən sonra könüllü orduya yazıldı gizirlik kursu keçib Tərtərdə yerləşən hərbi hissəyə qayıtdı. Vətənə bir başqa sevgisi vardı. 2016- ildə Xızı rayonu Giləzi qəsəbəsindən şəhid olmuş Novruzov Ravilin qəsəbənin girişinə vurulmuş böyük şəklini görüb deyirdi ki, bax, mənim belə bir şəklim kəndimizin girişinə vurulacaq. Şəhidliyi bu cür arzulayırdı".

Anası Sürəyya xanım şəhid oğlu haqqında deyir: "Natiq uşaqlıqdan qoçaq idi, mərd idi, hər kəsin köməyinə çatardı. Qohum-əqrəbada, dost-tanışda hələ heç kim deyə bilməz ki, Natiq bu vaxta qədər kiminsə xətrinə dəyib, kimisə incidib. O, cəld, çevik uşaq idi. Özü seçdi bu yolu. Özü istədi getdi". "Şəhid bir damladır. Damlalar birləşib Şəhidlik zirvəsini yaradırlar" - deyir qəhrəman igidin atası.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Natiq Verdiyev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Əli SADIQOV,

"Respublika".