Münxendə yaşayan iranlılardan molla rejiminə etiraz
Digər xəbərlər

Münxendə yaşayan iranlılardan molla rejiminə etiraz

İranda molla rejiminə qarşı etirazlar günü-gündən alovlanır. Bu il fevral ayının 27-də Münxen şəhərində yaşayan iranlıların keçirdiyi etiraz aksiyası bunu bir daha sübut etdi. Aksiya zamanı “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Rədd olsun diktatura!”, “Qadınlara azadlıq!” kimi şüarlar səsləndirilmişdir. Artıq insan haqlarını kobud şəkildə pozan molla rejiminin öz sonuna yaxınlaşdığı hamıya bəllidir. Bunu fevralın 17-də 59-cu dəfə öz işinə başlayan Münxen Təhlükəsizlik Konfransında yaşanan hadisələr bir daha təsdiqlədi. Belə ki, İran konfransa dəvət olunmadı. İranın konfransa ölkədəki mövcud gərgin vəziyyətlə bağlı çağırılmadığı bildirilsə də, əslində, bu digər dövlətlərin onun yürütdüyü siyasətə qarşı olduqlarından xəbər verirdi. Bunu tarixi dönüş hesab etmək olar. Çünki 2019-cu ildə baş tutan konfransa İranın xarici işlər naziri Cavad Zərif dəvət olunmuşdu. Lakin indi yalnız İran müxalifətinin dəvət olunması qərbin molla rejiminin yarıtmaz siyasətindən bezdiyini göstərir. Rza Pəhləvinin Vaşinqtonda və Avropada yaşayan müxalifləri bir araya gətirməyə çalışması isə onun molla rejimini yox etmək istəyinin təzahürüdür. Bununla yanaşı, R.Pəhləvinin konfransda səsləndirdiyi fikirlər də onun hazırkı İran hökumətinin əksinə olaraq türklərə qarşı düşmənçilik münasibəti bəsləmədiyi də öz əksini tapmışdır. Rza Pəhləvi ölkədə baş verən bütün etirazları hökumətlə əlaqələndirib. Onun İranın mövcud siyasətinə zidd olaraq "Rejim Azərbaycanla düşmənçilik edir. Amma Azərbaycan İranın düşməni deyil, dost ölkədir" sözləri bir daha bunu təsdiqləyir. Nüvə təhlükəsi, terror, Ukraynaya qarşı istifadə edilən İran istehsalı dronlar və Avropaya qaçqınların gəlməsi və s. molla rejiminin üzdəniraq siyasətinin nəticəsi kimi qiymətləndirilib.

Bu il yanvarın 18-də baş vermiş Xoy zəlzələsində İranda yaşayan soydaşlarımıza qarşı münasibət molla rejiminin fəlakətdən zərərçəkən azərbaycanlılara yardım etməməsi İranın xain xislətini ehtiva edir. Münxen Təhlükəsizlik Konfransı Qərb dövlətlərinin indiki İran hakimiyyətini qəbul etmədiyini göstərdi. SEPAH-ın Avropada terror təşkilatı elan edilməsi ilə bağlı təkliflər, həmçinin İranın Ukraynaya qarşı savaşda Rusiyaya gizli hərbi dəstək göstərməsi fars-molla rejiminin hakimiyyətinin müddətinin bitdiyinin təzahürüdür. Bir sözlə, görünən odur ki, Avropa İran  hakimiyyəti ilə bütün əlaqələri kəsməyə hazırlaşır.

Bundan başqa,  R.Pəhləvi Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktına qarşı olduğunu “Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır",- deyə səsləndirdiyi fikirlərdə də bəlli etmişdir.

Xatırladaq ki, İranda etirazlar keçən ilin sentyabrından bəri davam edir. Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxlanılan Məhsa Əmininin müəmmalı ölümü etirazların genişlənməsinə təkan vermişdi.  Sözsüz ki, məsələnin məğzi sadəcə bununla yekunlaşmır. Yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqlar da etirazlarda öz əksini tapır.

 Nəzrin ELDARQIZI,

“Respublika”.