MÜƏLLİMLƏRİN QÜRUR DUYUR, XOCALIM...
Region

MÜƏLLİMLƏRİN QÜRUR DUYUR, XOCALIM...

44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir güclü ordusu var. Bəli, Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün öyrənilir, tədqiq edilir. Əbədiyaşar Heydər Əliyevin  ən ümdə ata vəsiyyətini şərəflə yerinə yetirən dövlətimizin başçısı Qarabağın hər bir guşəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı.

Doğma ocaqlarına qayıdacaqları günü 30 ildir səbirsizliklə gözləyən soydaşlarımızın yurd həsrətinə son qoymaqla yanaşı, bölgədə davamlı sülhə, sabitliyə, əməkdaşlığa və tərəqqiyə  nail olmaq üçün yeni reallıqlar, imkanlar yaratdı. Bu gün xalqımız  tarixinin ən parlaq və qürurverici dövrünü yaşayır. Müsahibimiz Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin direktoru, Birinci Qarabağ müharibəsi veteranı Məhəmməd Məmmədov bizimlə sevincini bölüşərək dedi ki, illərlə acılardan, əzab-əziyyətdən, qəmdən, kədərdən, başımıza gələn müsibətlərdən çox yazdıq. Yazdıq, çünki bu bizim acılı taleyimiz idi. Artıq acıdan, əzab-əziyyətdən, müsibətlərdən danışmaq istəmirəm.  Bu gün Zəfərdən, Şanlı tariximizdən, misli görünməyən Qələbəmizdən söhbət açmaq  istəyirəm. O Qələbə ki, cəmi 44 gün ərzində qazanıldı. Bəli, 30 illik həsrət, acı, əzab-əziyyət bitdi. 30 illik yolu 44 günə qət etdik.  27 sentyabrda başlanan İkinci Qarabağ savaşında bütün xalq, kiçikdən-böyüyə hər bir azərbaycanlı bir yumruq oldu. Cənab Ali Baş Komandanımızın ətrafında sıx birləşdi. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu misli görünməyən, şanlı tarix yazdı. O tarix ki, hələ dünya var olandan yazılmayıb. Biz bu gün çox xoşbəxt vətəndaşlarıq ki, belə bir Zəfərin, belə bir Qalibiyyətin şahidi olduq. Biz Xocalı sakinləri olaraq çox sevinirik ki, bu gün bizim 30 il düşmən tapdağı altında inləyən ata-baba torpaqlarımız azaddır. Dövlət başçısı İlham Əliyevin 15 oktyabr tarixində Xocalıda, Xankəndidə, Əsgəran qalasında, Ağdərədə Azərbaycan Bayrağını ucaltması Xocalı sakinlərinin 30 ildəki həsrətlə gözlədiyi ən böyük sevinci oldu. Bəli, xocalılılar 15 oktyabr tarixini böyük bayram sevinci ilə qeyd etdilər. Eyni zamanda, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin müəllim və şagird kollektivi bizə bu əlamətdar, unudulmaz günləri bəxş etdiyi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə öz dərin təşəkkürünü bildirir.

Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Şakir Hümbətov isə bildirdi ki, 30 ildən sonra doğma torpaqlarımızın azad edilməsi, bayrağımızın uzun illər həsrətini çəkdiyimiz müqəddəs məkanlarda dalğalanması  bütün xocalılılar kimi, mənim və ailəmin ən müqəddəs arzuları idi. Çox şükürlər olsun! Bəli, bu xalqı zəfərə aparan ən vacib məqam, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Biz Azərbaycan xalqı xoşbəxtik ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanımız  var. Qayıdışımızı böyük səbirsizliklə gözləyirik...

Azərbaycan dili və ədəbiyyat müəllimi Şahsuvar Hümbətov: İşğal altındakı yurd yerlərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  şanlı ordumuz tərəfindən azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Xalqımızın haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoyularaq tarixi ədalət bərpa edildi. Bəli, praqmatik dövlət başçısının "Qarabağ Azərbaycandır!" ifadəsi bu gün bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik göstəricisidir. Bu əldə edilmiş əvəzsiz birliyi və həmrəyliyi də heç vaxt və heç nə sarsıda bilməz. Birlik və həmrəyliyimizin, əzəli və əbədi torpaqlarımızın azad olunması, tezliklə müqəddəs Xocalımıza qovuşmaq sevinci balacadan-böyüyə hamımızın tükənməz arzuları idi. Çox şükürlər olsun, onu yaşadıq...

Fiziki tərbiyə müəllimi, Birinci Qarabağ müharibəsi veteranı Mənsur Əliyev: 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbə bütün dünya azərbaycanlıları kimi, biz xocalılıların hədsiz sevincinə səbəb oldu. Doğma kəndimizdə, orada keçirdiyim uşaqlıq illərinin xatirələri, erməni vandallarının acıları 30 ildə bir anda olsa mənim yadımdan çıxmadı. Bu illər ərzində Qarabağımızın, doğma yurd-yuvamızın həsrəti ilə gecə-gündüz qovrulduq, qayıtmaq arzusu ilə yaşadıq. Nəhayət ki, həmin gün gəlib çatdı... Bəli, qədirbilən xalqımızın iradəsi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin müdrikliyi, qətiyyəti  və uzaqgörən siyasəti nəticəsində biz möhtəşəm Qələbənin sevincini daddıq. Bu gün biz öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalqıq. Xoşbəxtik ki, misli görünməmiş qəhrəmanlıq səhifəsi yazan İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz var. Biz xocalılılar qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Onu da qeyd edək ki, 9 ildir ki, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi Gəncə şəhər Yeni qəsəbə 2 ünvanında öz fəaliyyətini davam etdirir. Kollektiv hər zaman Prezidentin ətrafında sıx birləşərək dəstəyini, sevgisini nümayiş etdirib. Bu gün Xocalı sakinləri, Xocalı ziyalıları bundan sonra öz peşələrini ata-baba yurdumuzda davam etdirəcəklərinə çox sevinirlər. Tam  əminliklə deyə bilərik ki, ən qısa zaman kəsiyində Xocalı yenidən dirçələcək, çiçəklənəcək. Artıq Xocalıdan qan, mərmi qoxusu gəlməyəcək.

Bütün xocalılılardan bir avaz gəlir: Biz qayıdırıq, əziz Xocalı...

Zabit XƏLİLOV,

"Respublika".