Molla rejiminin təxribatçı addımları cavabsız qalmamalıdır
Digər xəbərlər

Molla rejiminin təxribatçı addımları cavabsız qalmamalıdır

Martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Bu barədə dəqiq məlumat Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub. Bildirilib ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

Əlbəttə, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırladaq ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Deməli, molla rejimi Azərbaycana qarşı pozucu siyasətini sistemli şəkildə həyata keçirir. İki ölkə arasındakı son proseslərə nəzər salanda bu fakt ortaya çıxır. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisində peyda olan İran hərbçiləri xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar. Azərbaycan öz torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar. Ardınca isə İran Azərbaycanla sərhəddə nümayişkaranə şəkildə hərbi təlimlər keçirdi. Ötən ilin sonlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu. Bundan sonra Tehranda  bir azərbaycanlı müəmmalı şəkildə yoxa çıxdı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalanda isə Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbirlər keçirildi. Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatlar bir daha onu deməyə əsas verir ki, Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır.

Bütün bunları nəzərə alan siyasi şərhçilər bildirirlər ki, indi İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehrana mesaj olmayacaq. Çünki İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir. Molla rejimi ilk növbədə, Azərbaycanın və Türkiyənin təxribata reaksiyasını müşahidə edir. Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır. Bu arada, İsrail-İran gərginliyi də artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır və Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, Azərbaycanı ABŞ və İsraillə daha sıx hərbi əməkdaşlığa sövq edir.

Siyasi şərhçi hesab edir ki, indiki halda Tehranı yalnız ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimlər, ya da 2001-ci ildə olduğu kimi, “Türk ulduzları”nın Bakı səmasında növbəti uçuşları təxribatçı addımlardan çəkindirəcək.

JALƏ QASIMZADƏ,

“Respublika”.