Möcüzələr şəhəri, Səmərqənd
Digər xəbərlər

Möcüzələr şəhəri, Səmərqənd

Dünyanın gözəl şəhərləri çoxdur və düşünürəm ki, o yerləri  görmək çoxlarının ən böyük arzusudur. Məsələn, İstanbulu, Romanı, Parisi, Madrid və Qahirəni... kim görmək istəməz ki? Təbii ki, bu siyahını uzatmaq da olar və mən tərəddüd etmədən Səmərqəndi də bu gözəl şəhərlər sırasına daxil etmək istərdim. Bu gün mən Səmərqəndə qiyabi səyahət edəcəm. Səyahətsevər oxucularımız isə qoy mənimlə yol yoldaşı olsunlar...

Bu qərarı heç də təsadüfi verməmişəm. Səmərqəndin belə diqqət mərkəzində olmasının səbəbləri var. Əvvəla, onu deyim ki, Azərbaycan Prezidenti  son 7 ay ərzində üç dəfə Özbəkistanda, yəni Səmərqənddə olub. Səfər çərçivəsində keçirilən tədbirlərdən, təşkil olunmuş görüşlərdən televiziya kanallarının yaydığı görüntülər bu diyarın gözəl məkanları ilə səni baş-başa qoyur. Bir də ona görə ki,Səmərqənd də Bakı kimi  türk dünyasının birliyinə, qardaşlığına, türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinə öz töhfəsini verir, Bakını isə özünə qardaş sayır. Və bir də ona görə ki, bu qədim,  keçmişi və bugünü ilə öyünən şəhər doğrudan da digər gözəl şəhərlərlə rəqabətə girə biləcək qədər gözəldir. Beləliklə, yolumuz Səmərqəndədir.

İlk öncə, onu deyək ki, Səmərqənd e.ə 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilib. 751-ci ildə müsəlmanlar əsir  alınmış çinlilərdən kağız istehsalının  sirrini öyrənib Səmərqənddə müsəlman dünyasında ilk kağız  karxanasını tikmişdilər. Bu vərdiş əvvəlcə ərəb xilafətinə, sonralar isə Avropaya yayılıb. Samanilər dövründə Səmərqənd iqtisadi  baxımdan olduqca inkişaf edir. Daha sonra şəhər  Qaraxanlıların,  Xarəzmşahların əlinə keçir. 1220-ci ildə Çingiz xan tərəfindən yandırılıb viran ediləndən sonra Teymurləngin onu paytaxt elan etməsi ilə yenidən inkişaf edib iri mədəniyyət mərkəzinə çevrilib. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edilir. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürürlər və Səmərqəndin əhəmiyyəti azalmağa başlayır. Nadir şahın buraya hücumu  sakinlərin çoxunu şəhəri tərk etməyə məcbur edir. 1868-ci ildə Rusiya imperiyasının tərkibinə keçir və 1888-ci ildə buraya dəmir yolu çəkildikcə yenidən böyük iqtisadi mərkəzə dönür. 1925-1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı olur.

İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib. BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 25-ci sessiyasının 2023-cü ildə Səmərqənddə keçirilməsi qərara alınıb. Sessiyaya 1000-dən çox qonağın gəlişi gözlənilir. Proqnozlara görə, növbəti sessiyanın Səmərqənddə keçirilməsi ölkənin turizm sahəsinin inkişafına güclü təkan verəcək.

Bu ölkədə olanlar deyir ki, Səmərqəndə istənilən səfər insanda xoş təəssürat, yaddaşlarda parlaq xatirələr yaradır. Səmərqənd sözün əsl mənasında açıq səma altında muzey və dünya mədəniyyətinin xəzinəsidir. Tarixən bir neçə dövlətin paytaxtı olan Səmərqənd Avropaya gedən Böyük İpək Yolunun əsas nöqtəsinə çevrilməyi bacarıb. Səyahətçilər burada dünyanın ən gözəl  mədəniyyət incilərini görə bilərlər... Bax, bura qədim şəhərin  ürəyi sayılan Registan meydanıdır. Meydan şəhərin və bəlkə də bütün  Orta Asiyanın ən məşhur simvoludur. Bura tarixi əhəmiyyət kəsb etdiyi qədər də gözəldir. Registanda  müxtəlif dövrlərdə tikilmiş üç mədrəsə cəmləşib  və onların hər biri özünəməxsus şəkildə diqqətəlayiqdir. Elə ki, bu meydanı ziyarət edirsən, qədimliyin nəfəsini, keçmiş günlərin ruhunu duyursan. Özbəkistanın fəxri olan bu möhtəşəm ansambl təkcə Səmərqəndin deyil, bütün Özbəkistanın fəxri sayılır. Meydanın ərazisində üç mədrəsədən ibarət məşhur ansambl yerləşir. Uluqbəy, Şerdor və Tilla-Kari mədrəsələri... Uluqbay mədrəsəsi... Bu nəhəng möcüzəvi obyekt əvvəlki görünüşünə heç bir xələl dəymədən bu günə qədər gəlib çatıb. Mədrəsənin fasadı gözəl  xəttatlıq yazısı ilə bəzənib. Bu yazılar  əsasən Quran ayələrindən, elmin inkişafına böyük diqqət yetirən, gənc alimlərə himayədarlıq edən  müdrik hökmdar Uluqbəyin mədhlərindən ibarətdir.

“Şirlərin məskəni”. Şerdor və ya tərcümədə “Şirlərin məskəni” adlandırılan bu mədrəsə Uluqbəyin  mədrəsəsindən sonra tikilib. Tikilişinə 1619-cu  ildə  başlanıb və 1636-cı ildə başa çatıb. Onun tikintisinə memar Əbdül  Cabbar rəhbərlik edib. XX əsrin  əvvəllərində restavrasiya işləri aparılıb və 1960-cı illərə qədər mədrəsənin bütün  memarlıq ansamblı bərpa olunub. Mədrəsəyə ilk ayaq  basdıqda  ziyarətçilər güc rəmzi olan – kürəyində günəş daşıyan bəbir, svastika təsviri və “Allahu əkbər” yazısı ilə bəzədilən postlarla qarşılaşır. Divarlarda isə Quran ayələri, mozaika ilə işlənən bəzəklər, şir təsvirli kərpiclər, bəzən səmanın özündən də parlaq görünən günbəzlərin   firuzəyi parlaqlığı hamını heyran edir.

İndi də yolumuz növbəti ən qədim tikili Tilla-Kari mədrəsəsinədir. “Qızılla işlənən” mənasını verən Tilla-Karinin binası 1646-cı ildə Uluqbəyin dövründə qoyulub. Mirzoi karvansarasının yerində tikilən binanın əsas fasadı meydana baxır. Tikili ikimərtəbəli hücrə və künc qüllələri olan iki qanaddan ibarətdir. Həyət kvadrat formasındadır və hər tərəfdən  qalereya və yaşayış sahəsilə əhatə olunub. Mədrəsənin “qızılla örtülmüş” adlandırılması  heç də təsadüfi deyil. Həqiqətən də, burada divarlar və sərdabələr  təkcə ənənəvi rəsm və mozaika naxışları ilə deyil, həm də bol zərlə bəzədilib. Vaxtilə mehrab adlanan minbər isə qızılla örtülüb. Lakin ötən əsrin əvvəllərində Səmərqənddə baş verən güclü zəlzələ nəticəsində mədrəsənin kifayət qədər dağılan portalı uçurulub. Burada bərpa işlərinə XX əsrin birinci rübündə  başlanılıb,  əvvəlki görkəmi saxlanılıb.

Əmir Teymurun nəvəsi, istedadlı alim, astronom Uluqbəy hündür təpədə silindrik bina tikdirib və  primitiv künc ölçü alətlərindən istifadə edərək 1437-ci ildə 1018 ulduzun təsviri ilə ulduzlu səmanın  ilk kataloqunu tərtib edib. XVI əsrin ortalarında Səmərqənd hökmdarı Uluqbəy  öldürüldükdən sonra rəsədxana sökülüb və bu unikal kompleksi qoruyub saxlamaq mümkün olmayıb. İndi muzeydə qədim rəsədxananın maketi, astronomik cədvəllərin fraqmentləri, sekstant və Uluqbəyin özünün həyat yolunu əks etdirən qədim freskalar var. Bura gəzinti və xüsusilə astronomiya, eləcə də ümumilikdə Özbəkistanın tarixi ilə tanış olmaq üçün əla məkandır. Bir sözlə, bura Səmərqəndin tarixi ilə bağlı ən mühüm sirlərin qorunub saxlandığı yerdir.

Xoca Donyer (Daniyel) məqbərəsi... Səmərqəndin  ən məşhur ibadət yerlərindən biri olan bu məqbərəni  dünyanın müxtəlif yerlərindən minlərlə zəvvar ziyarət edir. Xoca Donyer məqbərəsi isə Səmərqənd şəhərinin kənarında, Əfrasiyab təpəsinin şimal tərəfində, Siab çayının sahilindədir.

Səmərqəndin mərkəzində möhtəşəm memarlıq abidəsi, Əmir Teymurun Bibi xanım kafedral məscidi yerləşir. 1399-1404-cü illərdə sərkərdənin əmri ilə tikilən məscid Orta Asiyanın ən böyük ibadətgahı hesab edilir. “Böyük şahzadə”  mənasını verən Bibi xanım məscidi tarixdə daha çox Saray Mülk Xanımı kimi tanınan sərkərdə Əmir Teymurun sevimli həyat yoldaşı Bibi xanımın adını daşıyır. Onun əsası Tamerlanın Hindistanı fəth etməsindən sonra qoyulub, lakin sərkərdə tezliklə Osmanlı imperatorluğuna qarşı yürüşə başladığı üçün tikintiyə uzun müddət nəzarət edə bilməyib. Beş min  kvadratmetr sahəsi olan  binanın həyətində eyni vaxtda 10 minə qədər adam  namaz qıla bilər.

Özbəkistan müasir modern memarlıq abidələri ilə də zəngindir. Burada sözün həqiqi mənasında qədimliklə müasirlik bir vəhdət təşkil edir. Bu vəhdət isə günəşli Səmərqəndin daha da gözəlləşməsinə vəsilə olur. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Səmərqənddə  Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı zamanı  mətbuata verdiyi bəyanatda ölkədə aparılan yenidənqurma işlərini, şəhərin abadlaşdırılmasını, gözəlləşdirilməsini xoş təəssüratlarla qarşıladığını  vurğulayaraq bu inkişafın xalqımızda böyük sevinc hissi doğurduğunu deyib. Doğrudan da, dost, qardaş ölkənin xoş gününə niyə də sevinməyəsən axı. Bu gözəl diyarı görmək arzusu və qardaş ölkəyə xoş diləklərlə qələmə aldı:

Zümrüd QURBANQIZI,

“Respublika”.