Mirzoyanın ehtiyatsız bəyanatları Ermənistanın özü üçün də təhdiddir
Digər xəbərlər

Mirzoyanın ehtiyatsız bəyanatları Ermənistanın özü üçün də təhdiddir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan müsahibəsində Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, çıxışında "Dağlıq Qarabağ ərazisi və əhalisi" məfhumlarından istifadə edib.

Sülh danışıqlarının intensivləşdiyi bir vaxtda Mirzoyanın bu kimi çıxışlarına nə ad vermək olar?

Millət vəkili Bəhruz MƏhƏrrƏmov bildirib ki, Ararat Mirzoyanın bəyanatları Ermənistan rəhbərliyinin postmüharibə dövründə 3 platformada davam edən sülh prosesi üzrə əslində imitasiya etdiyini, revanşist niyyətdən əl çəkməyərək regionda sabitlik arzu etmədiyini göstərir. Aydın sezilir ki, Ermənistan bütün havadarlarının maddi-texniki, hərbi-siyasi dəstəyinə baxmayaraq, 44 günlük savaşdakı məğlubiyyəti, ordusunun və erməni cəmiyyətinin döyüş ruhunun yerlə-yeksan olması ilə barışmaq niyyətində deyil. Bu mənada hay hakimiyyəti fürsət gözləyir və Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında başlanan siyasi şou da bu məqsədə xidmət edir.

Lakin Mirzoyanın da, Paşinyanın da doğru qiymətləndirmədiyi bir sıra məqamlar var. Onlar fərqinə varmalıdırlar ki, Azərbaycan Ordusu 2020-ci ildə Ermənistanın fərari ordusunu məhv etdiyi andakı durumundan çox daha təkmil və güclü, eyni zamanda çevik hərəkət qabiliyyətinə malikdir. İkincisi, Azərbaycan bütün istiqamətlərdə istisnasız olaraq üstün hərbi mövqelərdədir və faktiki olaraq Qazaxdan Zəngilana, Ordubaddan Sədərəyə qədər mövqelərimiz Ermənistanın İrandan Gürcüstana qədərki bütün hərəkət marşrutları və kommunikasiya xətlərini xüsusi vasitələr olmadan adi göz nəzarətində saxlayır. Bütün şərti sərhədboyu yaşayış məskənlərində ermənilərin başı üzərində Azərbaycan bayrağı ucalır. Azərbaycanın hərbi arsenalı getdikcə güclənir, ordu daha peşəkar struktura çevrilir. Ermənistan isə fərarilər diyarıdır. Bu gün İrəvan küçələrində, meydanlarda hay-küy salanların böyük əksəriyyəti müharibə zamanı gizlənənlər, yaxud Azərbaycan əsgərlərinin qarşısından qaçanlardır. Paşinyan komandası başa düşməlidir ki, Matenadaran meydanında "şanlı" bəyanatlar səsləndirmək hələ döyüş ruhu olması anlamına gəlmir. Yaxud Hindistan və İrandan daşınan, Fransadan gətirilən silahların ermənilərə faydası yoxdur. Cənab İlham Əliyevin ötən il Zəfər Günü Şuşadan bəyan etdiyi kimi, heç kim onların yerinə gəlib döyüşməyəcək.

Bütün bunların fonunda Mirzoyanın ehtiyatsız bəyanatları Ermənistanın özü üçün təhdiddir. Birincisi, İrəvan başlanmış və müəyyən mərhələ irəliləmiş sülh prosesini pozmaqla özünü daha da dalana dirəyir. Sülh prosesinin pozulması və revanşist iddialar isə yeni qarşıdurma deməkdir ki, əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın nailiyyət potensialı sıfıra bərabərdir.

İkincisi, Mirzoyanın diletantlıqla bəyanatında "Dağlıq Qarabağ" ifadəsini işlətməsi, Azərbaycana qarşı Laçın yolu timsalında ərazi iddialarında bulunması Azərbaycanın suverenliyinə hörmətsizlik olmaqla bərabər, beynəlxalq hüquq pozuntusudur. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahid, toxunulmaz və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Mirzoyan başa düşməlidir ki, ərazi bütövlüyü və suverenliyə hörmətsizlik şəraitində, yalnız gücün hüququ ilə davranmaq istəyi onlara çox baha başa gələ bilər və kimsə bu zəmində Ali Baş Komandan İlham Əliyev və onun qalib ordusunu dayandıra bilməyəcək.

Mirzoyanın bu gün yeganə vəzifəsi mümkün qədər çevik surətdə sülhə töhfə vermək, Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə zərər vuracaq ritorikadan tam imtina etmək, Qərbi Azərbaycandan olan 300 mindən çox azərbaycanlının Ermənistana dönüşünü təmin etməklə demoqrafik cəhətdən uçurumun astanasında olan, o cümlədən mənəvi olaraq aşınmış Ermənistan cəmiyyətinin reabilitasiyası olmalıdır.

Lakin görünən odur ki, çoxsaylı müharibə cinayətlərinin nəticələri bu gün də davam edən, urbisid, kulturasid, ekosid cinayətlərinin isti izləri qalmaqda olan Ermənistan məkrli niyyətindən əl çəkmir və bu dəfə də zəli kimi böyük dövlətlərin, ayrı-ayrı təşkilatların ətraflarına yapışaraq onların himayəsində Azərbaycanı hədəfə alır. Aydındır ki, hədəf Azərbaycanın iradəsinin qırılması, Laçın sərhəd-buraxılış məntəqəsinin ləğvidir. Lakin hər kəs, o cümlədən Ermənistan da, onun havadarları da, bölgədə tərəfsizliyini iddia edən təxribatçı Aİ müşahidəçiləri də anlamalıdırlar ki, arzuları gözlərində qalacaq. Azərbaycan nə qanuni maraqlarından əl çəkmək, nə də suveren haqlarından imtina etmək niyyətində deyil. Əksinə, biz tarixin heç bir dövründə bu qədər güclü olmamışıq, gücümüz və reallıqlar bizə həm milli maraqların, həm də hədəflərimizin dairəsini genişləndirməyi diktə edir".

Nuranə DAXİLQIZI,

"Respublika".