Mina xəritələri kimin əlindədir?
Siyasət

Mina xəritələri kimin əlindədir?

“Amerika Birləşmiş Ştatları bütün dünyada mina təhlükəsinin azaldılmasına sadiqdir və 120-dən çox ölkəyə, o cümlədən 1999-cu ildən Azərbaycana ayırdığı 38 milyon dollara yaxın yardım etməklə adi silahların məhv edilməsinin aparıcı maliyyə dəstəkçisidir”. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi öz rəsmi sosial şəbəkəsində paylaşaraq bildirib. Qeyd edilib ki, bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır və məcburi köçkünlərə öz evlərinə qayıtmaq və həyatlarını təhlükəsiz şəkildə bərpa etmək imkanı verir. Həmçinin Birləşmiş Ştatlar münaqişənin təsirinə məruz qalmış ərazilərdə minaların və partlamamış hərbi sursatların qurbanlarına və onların ailə üzvlərinə başsağlığı verib. Təəssüf ki, nə quru formada verilən başsağlığı, nə də ayrılan vəsait bu ciddi məsələnin həllinə kifayət deyil. Müdafiə Nazirliyinin minalanmış ərazilərlə bağlı dedikləri əslində kifayət qədər narahatlıq doğurur. Belə ki, Vətən müharibəsindən sonra 480 kilometrə qədər təmas xətti boyu 2 kilometr dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 kilometrə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu da azmış kimi, hələ də minalanmış əraziyə məxsus xəritələrin düzgün versiyası əlimizə gəlib çatmayıb. Ermənistan tərəfi 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina sahəsi formulyarını Azərbaycan nümayəndələrinə təhvil vermişdi. Ancaq xəritələrin uzağı 25 faizi özünü doğrultdu. Mənfur düşmən görünməz təhlükəni əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxın ərazilərdə Xocalı və Şuşa ətrafındakı meşələrdə, eləcə də magistral yolların üzərində basdırılıb. Burada ağlagələn digər ehtimal isə odur ki, Ermənistan heç özü də minaların yerini dəqiq bilmir.

Azərbaycan Ordusunun mühəndis bölmələri işğaldan azad edilmiş əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləyib, həmçinin on minlərlə piyada, tank əleyhinə minalar, partlamamış döyüş sursatları aşkarlanıb. Hələ aşkarlanmayan, öz “ov”unu gözləyən minaların fəlakətlərə səbəb olduğu göz qabağındadır. Hər gün bir nəfərin minaya düşmə xəbəri hər kəsi təəssüfləndirir. Bu təhlükə bu gün də davam edir. Azərbaycanın dəfələrlə beynəlxalq təşkilatlara etdiyi müraciətlərə baxmayaraq, Ermənistana nə əsir və itkin düşmüş, girov götürülmüş 4 minədək azərbaycanlı ilə bağlı məlumatlar verməyə, nə də gerçək mina xəritələrini təqdim etməyə təsir göstərilmir.

ABŞ kimi supergüclər Ermənistana bu məsələdə heç vaxt təzyiq göstərmir. Halbuki onların haylara təsir gücü böyükdür. Ağ Ev nə əmr etsə onu edən Paşinyan administrasiyasına mina ilə bağlı heç bir xəbərdarlıq edilmir. “Biz Azərbaycana yardım etmişik” demək əvəzinə, öz forpostuna xəbərdarlıq göndərsin. Qalan məsələlərdə isə statistikanı Azərbaycan özü də çox yaxşı bacarır.

Töhfə SƏMƏDOVA,

“Respublika”.