Mina ilə çirklənmə baxımından Azərbaycanla Əlcəzair oxşardır
Digər xəbərlər

Mina ilə çirklənmə baxımından Azərbaycanla Əlcəzair oxşardır

Azərbaycan ərazisinin minalarla çirklənməsinə görə dünyada ilk üçlükdə yer alır. Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Qoyulan müxtəlif minaların altına partlayıcı qurğular yerləşdirilib. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymuşdur. 44 günlük Vətən müharibəsində ölkəmiz tarixi Zəfər qazanmışdır. Ermənistanın otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, kəndlərimiz, şəhərlərimiz dağıdılmış,  xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir.

Ermənistan bununla kifayətlənməyib işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın vətəndaşımız minalardan zərər çəkib və onların arasında həyatını itirənlər də çox olub. Həmçinin Ermənistan keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının sayının gündən-günə artmasına səbəb olur.  Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının yaratdığı dəhşətlə müqayisə oluna bilər. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngidir və həmçinin insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Beləliklə, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.

Eynilə Fransa üçün mina məsələsi tanış mənzərədir. Görünür, məhz buna görə itirilən canların, dəyən ziyanın onlar üçün bir önəmi yoxdur və Ermənistanı beynəlxalq ictimaiyyətdə qorumağa davam edir. Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilən, müstəmləkə siyasətindən zərərçəkmiş ölkələrdəndir. Fransanın 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyon nəfərdən artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini də Əlcəzair tərəfinə verməkdən imtina edir. Avropada özünü "demokratiyanın beşiyi" sayan Fransanın humanizm və beynəlxalq hüququ kəskin şəkildə pozması Ermənistan ilə oxşarlıq təşkil edir. Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri də Əlcəzair tərəfinə təqdim etmir. Nəticədə, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasındadır.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlərin görüşündə Azərbaycan Respublikasının Prezidenti çıxış edib. İlham Əliyev öz çıxışında bildirib: "Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.

Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər".

Röya RÜSTƏMLİ,

"Respublika".