Milli mədəniyyətimizin dünya xəzinəsinə töhfələri
Mədəniyyət

Milli mədəniyyətimizin dünya xəzinəsinə töhfələri

Ulu öndər, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycan xalqının hərtərəfli inkişafına, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, müasir dünya düzənində xalqımızın özünəlayiq yer tutmasına, dünya azərbaycanlılarının birliyinə həsr etmişdir.

Heydər Əliyevin vətəni qarşısında ən böyük xidmətlərindən biri də milli mədəniyyəti inkişaf etdirmək, yaşatmaq və təbliğ etməkdən ibarət olmuş, digər sahələr kimi, mədəniyyət və incəsənətin davamlı tərəqqisi və təbliği yolunda da əvəzsiz xidmətlər göstərmişdir.

İncəsənət vurğunu, incə musiqi zövqünə malik olan, Azərbaycan və dünya musiqisi nümunələrini həvəslə dinləyən, musiqi və musiqiçilər haqqında çox dəyərli rəy və fikirlər söyləyən Heydər Əliyevi musiqi incəsənətindən ayrı təsəvvür etmək qeyri-mümkündür. O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə böyük diqqət, hörmət və ehtiramla yanaşmış, musiqi mədəniyyətinin bütün çağdaş və aktual məsələlərinə, bəstəkar və ifaçılara daim dəstək vermişdir. Azərbaycan incəsənətinin istər sovet dönəmində, istərsə də müstəqillik dövründə tərəqqisi və qazandığı uğur Heydər Əliyevin mədəniyyət siyasətinin nəticəsidir.

1969-cu ilin iyul ayından etibarən respublikada siyasi rəhbərliyə başlamaqla Azərbaycanın tarixində yeni dövrün təməlini qoyan ulu öndər hakimiyyətinin ilk illərindən elmin, təhsilin, mədəniyyət və incəsənətin müasir zamanın tələblərinə uyğun inkişafı üçün uğurlu siyasət həyata keçirməyə başladı. Heydər Əliyev Azərbaycan musiqisinə daxili ictimai-mədəni proseslərin, müasir incəsənətin və dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi baxırdı. Belə yanaşma olduqca vacib, prinsipial və konseptual mahiyyət daşıyır, dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyindən, idarəçilik qabiliyyətindən irəli gəlirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən Heydər Əliyev bu fikrini həyata keçirərək, mədəniyyətin tərəqqisi üçün də ciddi və zəruri iqtisadi baza yaratdı. Məhz bunun sayəsində tezliklə bütün respublikanı abadlaşdırma meydanına çevirdi. Yeni mədəniyyət evləri, mədəniyyət sarayları, konsert salonları tikildi, opera və balet sənətinin inkişafına xidmət edən infrastrukturlar istifadəyə verildi. Ulu öndərin adını daşıyan Heydər Əliyev Sarayı, Bakı Xoreoqrafiya Məktəbi, S.Məmmədova adına Opera Studiyası, Dövlət Musiqi Teatrı, Yaşıl Teatr, Məktəblilər Sarayı, uşaq musiqi və incəsənət məktəbləri, texnikumları, Naxçıvan MR-in Filarmoniyası, Naxçıvan Musiqi Texnikumu, Naxçıvan Konservatoriyası buna nümunə ola bilər.

Ulu öndər məruzə və çıxışlarında dəfələrlə vurğulamışdır ki, millətin inkişafı birxətli, yaxud təkcə bir sahənin inkişafı ilə mümkün ola bilməz. Bu ifadə onun milli inkişafın konseptual həllinə yönəlmiş siyasi fəaliyyətində də real əksini tapmışdır. Bu, Heydər Əliyevin yalnız yaşadığı dövrə deyil, həm də yaxın və uzaq gələcəyə hesablanmış uğurlu addımları idi. Ulu öndər klassik, müasir və xalq musiqisinin Azərbaycan ictimaiyyətinin bütün təbəqələrində dinlənilməsi və əhalinin musiqi-estetik zövqünün, musiqi sevgisinin inkişafı üçün konkret addımlar atmış, tədbirlər həyata keçirmişdir. 1970-1980-ci illərdə Dövlət Filarmoniyasında hər həftə ardıcıl olaraq keçirilən "musiqili cümə", "musiqili şənbə" konsertlərini qeyd edə bilərik. Hər həftənin cümə günü Dövlət Filarmoniyasında respublikanın dövlət və hökumət işçiləri, rayon və şəhər rəhbərləri, nazirlər və komitə sədrləri, mərkəzi komitənin işçiləri üçün xüsusi konsertlər verilirdi. Heydər Əliyev özünün təşəbbüsü ilə keçirilən bu konsertlərin hər birində iştirak edir, Azərbaycanın siyasi rəhbəri kimi incəsənətə həssas münasibəti, musiqi əsərlərinə marağı ilə respublikanın bütün məmurlarına örnək olur, dövlət və hökumət işçilərini hərtərəfli inkişaf etmiş şəxsiyyət, humanist və mədəni məmur kimi formalaşdırmaq, incəsənəti duyan, qiymətləndirə bilən həssas musiqi dinləyicisi kimi yetişdirmək istəyirdi. Çünki bilirdi ki, incəsənəti duya bilməyən, başa düşməyən, qiymətləndirməyən dövlət və hökumət qulluqçusu gələcəkdə bu sahənin tərəqqisinə imkan yarada, mədəniyyətin milli inkişafdakı əhəmiyyətini dərk edə bilməz. O, öz tədbirləri və addımları ilə incəsənətin tərəqqisi üçün şərait və imkan yaradırdı.

Mədəniyyətimizin hamisi Heydər Əliyev musiqi sənətinə milli özünüdərkin, milli şüurun çox mühüm atributu kimi yanaşmış və bu münasibətini xalqı qarşısındakı tarixi xidmətləri ilə sübut etmişdir. Sovet dövründə Azərbaycan xalqının milli ruhunun qorunması və onun nəsillərdə formalaşması üçün mədəniyyət və incəsənəti, ədəbiyyatı çox güclü vasitə hesab edən Heydər Əliyev böyük uzaqgörənliklə bu vasitələrdən məharətlə yararlanırdı. Azərbaycanın incəsənət xadimlərinin SSRİ miqyasında tanınmasında Heydər Əliyevin çox böyük rolu olmuşdur.

Heydər Əliyev uzaqgörən strateq kimi milli ideyanın, azərbaycançılığın bədii əsərlərdə təsviri yolu ilə xalqın qəlbinə, dünyagörüşünə, mənəviyyatına ötürülməsini və yaddaşlarda yaşaya bilməsini təmin etmiş, xalqımızı açıq siyasi yolla deyil, məhz incəsənət əsərləri vasitəsilə sovet şovinizminin və ruslaşdırma siyasətinin mənfi təsirlərindən xilas etmiş, beləliklə, xalqımızın mübarizə və qəhrəmanlıq ruhunu yaşatmış, xalqın yaddaşı və ruhundakı mübarizə əzminin güclənməsinə çalışmış, xalqımızı gələcək milli azadlıq mübarizəsinə hazırlamışdır.

Əbədiyaşar lider Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda mədəniyyətin müxtəlif sahələri - teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri var. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi neçə illərdir qapılarını muğamsevərlərin üzünə açmışdır. Xalça Muzeyinin binası analoqu olmayan arxitektura nümunəsidir. Bu siyahını daha da uzatmaq olar. Əsas olan odur ki, ölkəmizdə mədəniyyətin tərəqqisi davamlı xarakter alıb.

Aiza ŞABANOVA,

"Respublika".