Milli Məclisin deputatları ilə Əhməd Obalı arasında görüş olub
Digər xəbərlər

Milli Məclisin deputatları ilə Əhməd Obalı arasında görüş olub

Dekabrın 6-da Sosial Tədqiqatlar Mərkəzində Cənubi Azərbaycanın milli fəalı, "GünazTV"nin qurucusu, siyasi mühacir Əhməd Obalı ilə Milli Məclisin deputatları arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərovun moderatorluğu ilə keçirilən görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, bir sıra məqamlara toxunulub.

Həyat və fəaliyyətindən danışan Əhməd Obalı İrandakı mövcud rejimə qarşı olan siyasi baxışlarına və fəaliyyətinə görə təzyiqlərə məruz qaldığını, bu səbəbdən ölkəsini tərk etdiyini bildirib. Hər zaman fəaliyyətində güney azərbaycanlıların hüquqlarının müdafiəsi uğrunda mübarizə apardığını diqqətə çatdıran siyasi mühacir Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinin onları çox sevindirdiyini və qürurlandırdığını vurğulayb. Bildirib ki, doğma Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi nəinki güney, bütün dünya azərbaycanlılarının milli kimliyini özünə qaytarıb.

Prezident İlham Əliyevin bir fateh olduğunu vurğulayan Ə.Obalı dəstəyə görə Azərbaycan dövlətinə, xalqına təşəkkürünü bildirib və bu dəstəyin davamlı olacağına əminliyini ifadə edib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfərinə münasibət kimin dost, kimin düşmən olduğunu göstərdi. Bəziləri üzdə dost kimi görünsələr də, öz çirkin siyasətlərini ortaya qoydular.

İranda əhalinin molla rejimindən cana gəldiyini qeyd edən Milli Məclisin deputatı xalqa edilən zülmün bir sonu olacağını da qeyd edib.

Görüşdə iştirak edən deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Fazil Mustafa və Elşən Musayev İranın ölkəmizə qarşı məkrli mövqeyi, bu ölkədə mövcud molla rejimi ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan dövləti öz soydaşlarının taleyi üçün narahatdır.

AZƏRTAC