Mən Arazam,  səsim tutqun Arazdı...
Mədəniyyət

Mən Arazam,  səsim tutqun Arazdı...

Məni şeirimdə gəz, bir insan kimi,

Qəlbimdə nə varsa, ona demişəm.

Bu misraların müəllifi, Azərbaycan ədəbiyyatında zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri olan görkəmli ustad Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur.

90 il bundan əvvəl oktyabrın 14-də Şahbuzun Nurs kəndində, İnfil kişinin ailəsində Məmməd adlı bir uşaq dünyaya göz açdı. Həmin bu uşaq Azərbaycanın ən görkəmli şairlərindən biri olmaq üçün Allah vergisi ilə doğulubmuş. Valideynləri hər şeyi öyrənmək, bilmək istəyən balaca Məmmədin qarşısında sinə dəftərlərini səxavətlə açdılar və özləri də bilmədən onun məhz bir şair kimi yetişməsinə zəmin yaratdılar. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Ustad 50-ci illərin əvvəllərindən yazmağa başlayıb. "Sevgi nəğməsi" adlı ilk kitabını 1959-cu ildə çap etdirməsinə baxmayaraq, bir şair kimi onun qələmi növbəti onillikdə daha da püxtələşib. "Araz axır", "Mən səni taparam", "Ömür karvanı", "İllərdən biri" və s. kitabları məhz 60-cı illərdə Azərbaycan ədəbiyyatına parlaq istedadlı bir şairin gəlişindən xəbər verdi. Böyük sənətkar "Azərbaycan Dövlət Nəşriyyatı"nda bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, "Ulduz" jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. O, həmkarları arasında yeganə şairdir ki, əsərləri belə geniş nəşr olunur. Şair xalqımızın taleyüklü məsələlərini, qlobal problemlərini özünəməxsus sənətkar dili ilə, vətəndaş yanğısı ilə əks etdirib.

Harada işləməsinə, hansı vəzifəni tutmasına baxmayaraq, şair əslində, bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Yaradıcılığının zirvəsində Azərbaycan torpağı, ana Vətən, onun tarixi və gözəllikləri dayanır. Məmməd Araz mənsub olduğu xalqa layiqli şair və vətəndaşdır. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" məşhur misrası müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur. Sənətkarın "Vətən mənə oğul desə", "Məndən ötdü, qardaşıma dəydi", "Mənim Naxçıvanım", "Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəri olub.

Tərcüməçilik fəaliyyəti də onun yaradıcılığını şaxələndirən bir faktordur. Belə ki, o, rus poeziyasının görkəmli nümayədələrinin əsərlərini dilimizə çevirib. S.V.Mixalkovun "Foma", M.Svetlovun "Şeirlər", N.A.Nekrasovun "Rus qadınları" və dünya şairlərinin şeirlərindən ibarət olan "Ocaq başında" kitabları ilə Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırıb. Məmməd Arazın bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanıb. Eyni zamanda, şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunub.

Poeziyamızda Azərbaycana çoxlu şeirlər ithaf olunsa da, yenə də Məmməd Arazın "Azərbaycan - dünyam mənim" şeirinin bənzəri yaradılmayıb. Bu şeirdə şairin qəlbinin ağrıları, fəal vətəndaş narahatlığı hiss olunur. Məmməd Araz "Üç oğul anası", "Araz axır", "Mən də insan oldum", "Paslı qılınc", "Əsgər qəbri", "Atamın kitabı" poemaları ilə də təkrarsızdır. Onun poemaları insan mənəviyyatının mürəkkəbliyi, milli tale və tarixi yaddaşın bərpası kimi məsələlərə həsr olunub. Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O, xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əsl xalq şairi, Azərbaycan ziyalısı idi. Onun vətənpərvərlik hisslərinin təcəssümü olan şeirlərində böyük sevgisini görürük:

Nə yatmısan qoca vulkan, səninləyəm!

Ayağa dur. Azərbaycan, səninləyəm!

Səndən qeyri,

biz hər şeyi bölə billik.

Səndən qeyri,

Biz hamımız ölə billik.

Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Belə ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlayıb. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı "İstiqlal" ordeni ilə təltif edib. Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib. Azərbaycan poeziya sənətinin zəngin ənənələrini müstəqillik dövründə də yaşadaraq davam etdirən Məmməd Arazın adı bu gün böyük ehtiramla anılır. Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, tariximizdən ayrı təsəvvür etmək mümkün deyil. Xalq şairinin dərc etdirdiyi 20-dən artıq kitabındakı ən yaxşı əsərləri müəllifinə haqlı şöhrət gətirməkdədir. Onun şeir bulağı daim ictimai yığıncaqların, məclislərin kürsülərində, kitabların səhifələrində, məktəb uşaqlarının şirin dillərində çağlayacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".